Məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub  Respublikamızın hər yerində olduğu kimi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində də məktəbin müəllimi Göyçək Ağayevanın təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Dilbər Yəhyayeva burada təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Natiq, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb.
Digər çıxış edən tədbir iştirakçıları da bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.
Sonda çıxış edən tədbirin təşkilatçısı Göyçək Ağayeva bu günün əhəmiyyətini qeyd edərək bildirib ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Bayram tədbiri şagirdlərin nümayiş etdirdiyi musiqi nömrələri və maraqlı bədii kompozisiyalarla davam etdirilib. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
Rusan Qasımov

Şərh Yaz