Könüllü olmaq, əsl vətəndaş olmaqdır

Könüllü olmaq, əsl vətəndaş olmaqdır    Bildiyimiz kimi, ölkəmiz ardıcıllıqla müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər vətəndaşlarımız, xüsusilə gənclərimiz üçün daha faydalıdır. Yüksək səviyyədə keçirilən tədbirlərdə təşkilatçıların mükəmməl uğur qazanmalarının bir səbəbi də ölkəmizin könüllülər dəstəsinin onlarla birgə çalışmalarıdır. Gənclərimiz bu fəaliyyətləri ilə həm asudə vaxtlarını səmərəli təşkil edir, həm yeni dostlar qazanır, həm də iş təcrübəsinə yiyələnirlər.
Artıq bölgələrdə, eləcə də Odlar diyarının mirvarisi adlandırılan İsmayıllıda da könüllülər dəstəsi mövcuddur.
Könüllülərin sayını artırmaq, onların asudə vaxtını səmərəli təşkil etmək məqsədilə 12 iyun 2017-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə könüllü gənclərlə iki görüş keçirilib.
Görüşlərin hər ikisində çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov gəncləri salamladıqdan sonra könüllülüyün nə demək olduğunu, onun əsl mahiyyətini onlara izah edib. O, könüllülüyün gənclərimizin, xüsusilə də tələbələrimizin həyatında vacib əhəmiyyətini vurğulayıb, İsmayıllı könüllülərinin fəaliyyəti haqqında məlumat verərək, gəncləri daha fəal olmağa səsləyib.
Bu görüşlər həm də yaxın günlərdə keçirilməsi nəzərdə tutulan İsmayıllı gənclərinin forumuna hazırlıq məqsədi daşıyıb.
Sonda könüllülər qrupuna üzv olmaq üçün müraciət edən gənclər qeydiyyatdan keçiblər.
Səbuhi Əzizov

Şərh Yaz