İnsanlara nur bəxş edən şəxsiyyət xatırlandı

Bu dünyaya vida deyib, sənətindən və peşəsindən asılı olmayaraq xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti nə yaxşı ki, hələ də qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqdadır.
İnsanlara nur bəxş edən şəxsiyyət xatırlandı    Peşəsinə görə işıq və nur bəxş edən insanlardan, Azərbaycan tibb elminin görkəmli simalarından biri sayılan göz həkimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü alim-oftalmoloq Zərifə Əliyevanın xatirəsi 27 aprel 2017-ci il tarixdə Basqal qəsəbəsində keçirilən tədbirdə yad edilmişdir. Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi və R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbi təşkil etmişdilər. Tədbirdə məktəb, ərazidəki müəssisə və təşkilatların işçiləri, yuxarı sinif şagirdləri ilə yanaşı, İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbənin müavini Murad Məhərrəmov və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkimi Murad Həbibov iştirak edirdilər.
Tədbiri RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov açıb, Zərifə xanım Əliyevanın Azərbaycan elm tarixində tutduğu mövqeyi haqqında çıxış edib.
İX sinif şagirdi Ülviyyə Əliyeva özünün hazırladığı məruzə ilə Zərifə xanım Əliyevanın ömür yolu, fəaliyyəti barədə geniş məlumat verib.
Məktəb direktoru Ağasəfər Qafarov, həkim Murad Həbibov çıxış ediblər. Şagirdlərin ifasında ana haqqında şeirlər və Zərifə xanımın xatirəsinə bəstələnmiş musiqilər səslənib. İcra Hakimiyyətinin nümayəndəsi M.Məhərrəmov çıxışında Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib və belə tədbirlərin məktəblilərin və gənclərin vətəndaş kimi yetişməsində xüsusi rolu olduğunu vurğulayıb.
Zərifə Əliyevanın unudulmaz xatirəsinə həsr olunmuş tədbir göstərib ki, bu gözəl insan onu tanıyanların, sevənlərin və ona hörmət bəsləyənlərin xatirində əbədi yaşayacaqdır.
Nərgiz Rəcəbova,
R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin Uşaq birliyi rəhbəri

Şərh Yaz