Minnətdarlıq ifadə olunub

May ayının 2-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalınçaq və Mücühəftəran kənd sakinləri ilə görüş-qəbul keçirib. Minnətdarlıq ifadə olunub     Görüş zamanı açıqlanan arayışdan bəlli olub ki, 423 evdən ibarət Qalınçaq kəndində 605 təsərrüfatda 2103 nəfər qeydiyyatdadır. Mücühəftəranda isə bu rəqəmlər xeyli aşağıdır. Belə ki, 98 təsərrüfat, 86 evdən ibarət kənddə 362 nəfər yaşayır. Qalınçaq kəndində 360 yerlik tam orta məktəbdə 347, Mücühəftərandakı 640 yerlik tam orta məktəbdə isə 68 nəfər şagird təhsil alır. Qalınçaq kəndində tibb məntəqəsi, ATS, Poçt, Kənd yaradıcılıq klubu və kitabxana fəaliyyət göstərir. Mücühəftəranda isə İƏD-nin qəzalı vəziyyətdə olan inzibati binası yerləşir.
Görüşdəki çıxışlarda Qalınçaq kəndində yeni tikilmiş evlərə mavi yanacağın verilməməsi, kənddə həkim məntəqəsinin olmaması, kənddaxili 20 ədəd elektrik dirəyinin dəyişdirilməsinin vacibliyi sosial problem kimi diqqətə çatdırılıb. Mücühəftəran kəndində mavi yanacağın olmaması, 10 ədəd elektrik dirəyinin qəzalı vəziyyətdə olması qeyd olunub.
RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyini bildirib və aidiyyəti üzrə müəssisə rəhbərlərinə tapşırıqlar verib.
Başçı kənd sakinlərini faydalı əməklə məşğulluğa, torpaq sahələrindən səmərəli istifadəyə dəvət edib. Problemlərin mövcudluğuna baxmayaraq çıxışlarda son illərdə Qalınçaq kəndində aparılmış quruculuq işlərinə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Ş. Soltanov

Şərh Yaz