Tədrisdə öyrənilənlər təcrübədə həyata keçirilir

Kollecin “Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası” ixtisası üzrə 243 nömrəli qrupunda 10 nəfər tələbə oxuyur. Onlar 2013-2014-cü tədris ilində bu təhsil ocağına qəbul olunublar. Bu qrupda Azərbaycanın müxtəlif bölgələrindən –“ İsmayıllı, Göyçay, Qəbələ, Salyan, Masallı, Xaçmaz rayonlarından tələbələr təhsil alır. Bu il qrupun tələbələri Kollecin adı çəkilən ixtisası üzrə ilk məzunları olacaqlar. Tədrisdə öyrənilənlər təcrübədə həyata keçirilir      Rayonun İvanovka kəndinin Nikitin adına kolxozu ilə istehsalat təcrübəsinin keçirilməsi haqqında qarşılıqlı razılaşma yolu ilə müqavilə bağlanıb. 2016-2017-ci ilin II semestrindən etibarən qrup 15 həftəlik istehsalat təcrübəsi keçmək üçün müəssisəyə göndərilib.
İvanovka kəndinin icra nümayəndəliyi, kolxoz rəhbərliyi və işçiləri tərəfindən tələbələr mehribanlıqla qəbul olunublar. Tələbələr təcrübə zamanı böyük maraq və həvəslə ixtisasları üzrə biliklərə və eləcə də ixtisaslarının sirlərinə yiyələnirlər.
Tələbələr kolxozun aqronomu Matvey Pavloviçin rəhbərliyi altında taxıl zəmiləri ilə yaxından tanış olub, taxılın becərilməsi və texniki qulluq olunması, gübrələrin tərkibini və əhəmiyyətini dərindən mənimsəyirlər. Gənc mütəxəssislər məhsullar saxlanılan anbarlarına gedərək Nikolay Qriqoryeviçin rəhbərliyi ilə taxıl və taxıl məhsullarının saxlanılması, təmizlənməsi, qurudulması, çəkilməsi, havalandırılması, səpinə hazırlanması, əkilməsi və eləcə də dənli bitkilərdən müxtəlif yemlərin hazırlanması texnikaları ilə əyani şəkildə tanış olurlar.
Tələbələr yeraltı dəmir dənsaxlayıcılar, bunkerlər, açıq xırman dən saxlayıcı yerləri, eləcə də xüsusi tranşeyşəkilli tikili dən saxlayıcılarını və anbarları müşahidə edir, onların iş prinsipləri və istifadə qaydalarını öyrənirlər.
İstehsalat təcrübəsində gənc taxılçılar zərərvericilərə qarşı mübarizə əməliyyatlarında yaxından iştirak edirlər. Təcrübə zamanı tələbələr kombaynlarla, dənsəpici aparatlarla, günəbaxan səpən və biçən texnika ilə, noxudsəpən və biçən maşınlarla yaxından tanış olurlar və onlara bu texnikaların işləməsi barədə ətraflı məlumat çatdırılır. Bundan əlavə çörək zavodunda unlu məmulatların hazırlanması və bişirilməsi, saxlanılma texnologiyasını müşahidə edirlər. Beləcə, gələcəyin taxılçıları tədrisdə öyrəndiklərini təcrübədə əyani şəkildə həyata keçirərək ixtisasları üzrə püxtələşirlər.
Kollec tələbələrinin ixtisaslı kadrlar kimi yetişdirilməsində kömək göstərdiklərinə görə Nikitin adına kolxozun sədri Vasiliy İvanoviçə və onun işçi heyətinə dərin minnətdarlığımızı bildiririk.
Könül Baxışova,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi

Şərh Yaz