Modul məktəblər mediada

Aprelin 26-da Təhsil Nazirliyi İsmayıllı və Göyçay rayonlarına modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirib. Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kənd ümumi orta məktəbinə baş çəkiblər. Modul məktəblər mediada      Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev mətbuat nümayəndələrinə məlumat verərək bildirib ki, ötən ilin sentyabr ayında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində 3 məktəb təhvil verilib.
9 şagirdin təhsil aldığı Yenikənd kənd ümumi orta məktəbində 7 müəllim pedaqoji fəaliyyət göstərir. Məktəbin 5 sinif otağı, müəllimlər otağı, sanitar qovşağı, istilik sistemi vardır. Açılışda müəllimlər, şagirdlər və valideynlər də müasir avadanlıqlarla təchiz edilmiş məktəbin tikilib istifadəyə verildiyi üçün prezident İlham Əliyevə, həmçinin Təhsil Nazirliyinə dərin minnətdarlıqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya görə razılıq ifadə ediblər.
Daha sonra Göyçay rayonunun Hacağabəyli kəndində quraşdırılan modul tipli məktəbə səfər olunub. Bildirilib ki, 2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 belə təhsil ocağı təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəb binasının quraşdırılması nəzərdə tutulub.
Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlükləri də budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur, həmçinin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.
Elnarə Qasımova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz