Təhsil sabaha gedən işıqlı yoldur

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Mən dünyada müəllimdən yüksək ad tanımıram.
Heydər Əliyev.
Təhsil sabaha gedən işıqlı yoldur
Təhsil sabaha gedən işıqlı yoldur         Tarix boyu insanlar təhsilə özünün təkamül forması kimi baxıb. Təhsildə baş verən yeniliklər həyati zərurətdir. Gündən-günə inkişaf edən cəmiyyətdə təhsil özünün ən yüksək inkişaf pilləsinə qalxmışdır. Hər bir xalqın inkişafı onun təhsili ilə bağlıdır. Artıq elə bir cəmiyyətdə yaşayırıq ki, insanları müasir inkişafdan kənarda təsəvvür etmək çətindir. Bu gün internet, kompyuter və müasir texnologiyalar əsrində yaşayırıq. Respublikamızda, o cümlədən rayonumuzda təhsilin uğurları artmış, təhsil üsulları təkmilləşdirilmiş və elektronlaşdırılmışdır. Bu işləri həyata keçirmək üçün sözsüz ki, yenə əsas iş, məsuliyyət müəllimlərin üzərinə düşür. Məktəbimizin pedaqoji kollektivi də ümumi inkişafa qoşularaq nailiyyətlərini gündən-günə artırır. Rayon təhsilində bizim məktəbimizin də öz payı vardır. 2017-ci il aprel ayının 21-də Rayon Təhsil Şöbəsi Metodiki Şurasının təşkilatçılığı ilə və rayon ümumtəhsil məktəbləri fənn birləşmələri sədrlərinin və fənn müəllimlərinin iştirakı ilə məktəbimizdə “ Fənn birləşmələrinin işinin təşkili vəziyyəti” mövzusunda nəzəri-praktiki iclas keçirildi. Tədbir iştirakçıları məktəbin foyesində fənn birləşmələrinin işini əks etdirən sərgi ilə tanış oldular. Sonra məktəbin tarix müəllimi Fatma Vəliyevanın, Azərbaycan dili və ədəbiyyatı müəllimi Fidan Oruclunun, coğrafiya müəllimi Nahidə Qəniyevanın, informatika müəllimi Ayşən Mirzəliyevanın, ingilis dili müəllimi Şərafət Bayramovun, ibtidai sinif müəllimləri Təhminə Atayeva və Təranə Məmmədovanın açıq dərsləri dinlənilərək ayrı-ayrılıqda müzakirə olundu. Yekunda İsmayıllı RTŞ-nin Metodkabinetinin müdiri Hümbət Əsədov, metodistlər Vəfa Ağayeva, Nəriman Qəniyev, Xalid Allahverdiyev, Rəna Mirzəliyevanın və tədbirə dəvət olunmuş müəllimlərin iştirakı ilə metodist Sədəf Mikayılovanın mövzu ilə bağlı məruzəsi dinlənildi. Müzakirələrdə tədbir iştirakçıları fəal iştirak edərək mövzunun aktuallığından, məktəbdə bu işin yüksək səviyyədə qurulduğundan, açıq dərslərdə müəllimlərin yüksək peşəkarlıq nümayiş etdirdiklərindən danışdılar.
Məktəbin direktoru Ramil Dadaşov İsmayıllı Rayon Təhsil Şöbəsinə, Metodiki Şuraya və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Gilas Musayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin direktor müavini

Şərh Yaz