Bir kitaba sığmayan ömür

Uca dağların qoynunda, get-gəli az olan, cığırlarını kol-kos basmış, ulu Tanrıya, Peyğəmbərə, dini dəyərlərə, islamın qayda və qanunlarına söykənən şərəfli övladları, müqəddəs ziyarətgahları ilə bölgədə tanınan, gözəlliklər içində əlləri qoynunda insan tapdağına həsrət əyri-üyrü yollarına baxa-baxa qalan, gələninə uşaq tək sevinən, gedənlərinə ana kimi kövrələn, zaman-zaman unudulan, get-gedə dağılıb viranələşən dağ kəndlərimizdən biri də bu kənddir, Qərsələ kəndi… Bir kitaba sığmayan ömür
Bir kitaba sığmayan ömür     Bir zamanlar bu yurdda həyat qaynayardı. Bu balaca dağ kəndinin saf havasını udub, çörəyi, suyu ilə böyüyüb pərvazlanan qeyrətli övladları öz ədəb-ərkanları, bacarıq və savadları ilə hər yerdə sayılıb seçilən olublar. O dövrdə dinimizin mükəmməl bilicilərindən sayılan Hacı Əli Əfəndi, onun oğlu Sovet hökumətinin təqiblərinə məruz qalan və Avropada mühacir həyatı yaşamağa məcbur olmuş vətənpərvər ziyalı Məcid Musazadə Qarsalani, İkinci dünya müharibəsinin od-alovunda bişib, qəhrəmanlıqlarla dolu döyüş yolu keçən Qasım Əsədovu da bu kənd yetişdirmişdir. Məcid Musazadə Qarsalani haqqında hörmətli yazarımız Məmmədmirzə müəllim ötən əsrin sonlarında yerli qəzetdə ətraflı məlumat vermişdir. Qeyd edim ki, Qarsalani uzun illər Almaniyada “Azadlıq” radiosunda Azərbaycan redaksiyasının redaktoru işləmişdir.
Ancaq bu kəndin elə övladları da olub ki, onlar döyüş meydanlarında, ön cəbhədə yox, arxa cəbhədə döyüşəsi olublar. Onlar düşmənlə yox, aclıqla, kimsəsizliklə, yetimliklə və itə bilən ümidlərin yaşaması üçün, ön cəbhəni çörəklə, paltarla, cansız məktubdakı isti sətirlərlə əsgər ürəklərini canlandırmaqla məşğul olublar. Onlar işləməkdən yorğun düşən, gec yatıb erkən oyanan, bir qismət çörəyə möhtac olan insanları qələbəyə, işıqlı sabaha ruhlandırıblar.
Bu ruhlu insanlar olmasaydı arxa cəbhədə ölənlərin, itənlərin sayı döyüş meydanlarındakından da çox ola bilərdi. Onları arxa cəbhə qəhrəmanları da adlandırmaq olardı. İndi elə insanların çoxu unudulub, yaddan çıxıb. Amma onların arasında elə insanlar da olub ki, onları unutmaq olmaz! Bu insanları yada salmaq, kif basmış xatirələri çözələmək, arayıb-axtarmaq, xatırlamaq bizim nəslin mənəvi borcudur.
Xatırlayaq, yada salaq ki, nə vaxtsa bizi də ansınlar, xatırlasınlar! Şair demişkən –“ “dünya daimidir, ömür amanat”…
Belə insanlardan biri 1895-ci ildə Bakı quberniyasının Göyçay qəzasının Qərsələ kəndində ortabab kəndli ailəsində anadan olmuş Eyyub Həbib oğlu Musayevdir. Rayonun ətraf kəndlərində, qonşu rayonlarda şəxsiyyəti, işi, əməli ilə tanınan Eyyub Musayev lap kiçik yaşlarından atasının dəstəyi ilə məşhur əfəndilərin yanında təhsil almağa başlamışdı. Lakin ötən əsrin əvvəllərində baş verən tarixi hadisələrin fonunda hər şey yolunu dəyişdi. Oxumaq, daha çox bilik əldə etmək həvəsli balaca Eyyubun da yoluna sipər çəkdi. Ancaq bir neçə ildən sonra o Kürdəmirdə ibtidai təhsil almaq üçün ailəsindən ayrılmalı oldu. Birinci dünya müharibəsinin başlanması, onun törətdiyi müsibətlər, fəsadlar yenə də Eyyubun təhsilini yarımçıq qoyur.
Ruhdan düşməyən gənc bu dəfə Kürdəmirdə açılan ikisinifli rus məktəbinə daxil olur.
Məktəbi bitirər-bitirməz 1918-ci ilin hadisələri, bu hadisələrin ağırlığı azmış kimi həmin illərdə valideynlərini və iki qardaşını da itirdi. Bütün bu ağır sınaqların qarşısında özünü itirmədi. Uzaq dağ kəndində kimsəsiz və qayğısız qalmış bacı və qardaşlarının qayğısına qalmaq, həyatdan vaxtsız köçmüş valideynlərinin yarımçıq arzularını göyərtmək üçün doğma obaya qayıtdı. Kənd təsərrüfatı işləri ilə məşğul oldu.
Azərbaycanda Sovet hakimiyyəti qurulan ilin yayında gənc Eyyub Göyçay şəhərində açılmış üçaylıq müəllimlər kursunu bitirdi. Elə həmin ildən də ta ömrünün sonuna kimi ulu Tanrıdan ona verilmiş bir müəllim ömrünü xalqının təhsili yolunda alovlandırdı. İstirahət və rahatlığını işində tapan, şagirdlərinə gözünün nurunu, qəlbinin hərarətini verən Eyyub müəllim bu qısa ömründə İsmayıllı təhsilinin bünövrəsini qoyanlardan biri, onun inkişafında yorulmadan alın təri axıdıb. Bu yolda o, dövrünün Dantesi olub, ürəyini təhsil yolunda məşələ çevirib.
1920-ci ilin dekabr ayının doqquzunda Eyyub müəllim Yeniyol kənd ibtidai məktəbinə müdir təyin edildi. Dağ kəndində başsız qalan bacı və qardaşlarının qayğısına qalmaq, onlara arxa-dayaq olmaq və həm də kənddə yoxdan var yaratmaq, yeni məktəb yaratmaq, uşaqların məktəbə cəlbi, kütləvi savadsızlığın aradan qaldırılması üçün gecə-gündüz işləmək lazım idi. Г‡ətinlikdən qorxmadı. Ona göstərilən etimadı doğrultdu. Otuz il müəllimlik etdi və bu yolda vicdanla, şərəflə addımladı.
Ötən əsrin otuzuncu illəri çox qorxulu idi. Şimaldan əsən işğalçı küləklər, fitnə-fəsadlar, yoxsulluq, haqsızlıq, repressiyalar, şər-böhtan, müharibə acıları, savadsızlıq, mühacirət, deportasiya və həbslər Azərbaycanı caynağına alıb sürükləyirdi. Dövlət işinə yerləşdirilmiş erməni daşnak töküntülərinin hiyləgər siyasəti ilə sapı özümüzdən olan baltaların dəstəyi ilə xalqımızın söz deyə bilən, haqqı tələb edən, qorxmaz, məğrur oğulları bir-bir aradan götürülürdü. Ağılagəlməz işgəncə və əzablarla qətlə yetirilənlərin nəslini də represiyya, sürgünlər gözləyirdi. O qanlı-qadalı illərdə Azərbaycanı azsaylı vətənpərvər ziyalılarımız, əməksevər xalqımız qoruyub saxlaya bildi.
Eyyub müəllim də Yeniyolda açılmış ibtidai məktəbdə pedaqoji fəaliyyətə başladı. Az vaxtda işi, əməli, təşkilatçılığı və nüfuzu ilə rayon rəhbərliyinin diqqətini cəlb etdi. Onu rayonun müxtəlif kəndlərində yeni fəaliyyətə başlayan məktəblərə direktor göndərirdilər. Yeniyoldan başlayan zəhmət və qayğıya bələnmiş müəllim ömrünün yolu şaxələnir. Quşencə, Kürdmaşı, Müdri, Basqal, Talıstan, Kalva, Tircan məktəblərində müəllim və direktor vəzifələrində işləyir. O təkcə coğrafiya müəllimi kimi işini bitmiş hesab etmirdi. Kəndin ictimai həyatında da yaxından iştirak edirdi.
Harada işləməsindən asılı olmayaraq o kəndin ağsaqqalı, yol göstərəni, məsləhətçisi, hamının dərdinin ortağı olurdu Eyyub müəllim. Təmənnasız olaraq təşkil etdiyi savad kurslarında kəndin yaşlılarına, qız-gəlinlərinə oxumaq, yazmaq öyrədirdi.
Otuzuncu illərin fitnə-fəsadları onu ağır duruma salsa da o, öz şərəfli işindən, amal və məqsədindən dönmədi. Hər gün repressiya və həbslərin sorağı onun da ətrafında dolanırdı. Buna səbəb isə Əfəndi yanında ilk təhsil alması, ağır bir övliyanın şəcərəsindən olması, yaxın qohumlarının siyasi məhbus kimi həbs edilməsi, atasının ortabab kəndli olması kimi bəhanələr idi. Hər anı qorxu, səksəkə ilə keçən illərin üstünə il gəldikcə vəziyyət daha da ağırlaşırdı. Sanki həyat onu sınağa çəkirdi, dərd dərd üstə gəlirdi. Deyirlər ki, Allah da dərdi dərd çəkə bilənə daha çıx verir. Heç həbs olunanların, bu yolda həyatını itirənlərin başsız qalmış ailələrini də özünün böyük ailəsinə qatıb qurtarmamış ikinci cahan müharibəsi başladı. Eyyub müəllim onda Kalva kəndində işləyirdi. Bu dəfə onu Tircan məktəbinə direktor və ixtisası üzrə müəllim təyin edirlər. Eyni vaxtda başsız qalmış Tircan kolxozuna da rəhbərlik ona tapşırıldı. Qayğılara bələnmiş bu sadə və təvazökar insanın dərdləri azalmaq bilmirdi, çoxalırdı.
Müharibə alovlarında çarpışan qardaşının, bacısı və bibisi oğlanlarının başsız qalmış ailələrinə, onların qayğı və nəvazişə, bir parça çörəyə möhtac qalmış övladlarının kömək, imdad uman, kədər və həsrət dolu baxışlarını görmək əzabı Eyyub müəllimi üzürdü. Heç kəs hiss etməsə də o, içindən qovrulurdu. Təkcə doğmalarının yox, elə kənddə ac-yalavac qalmış kimsəsiz uşaqların da dərdini o çəkirdi. Onları bir süfrə arxasına toplamaq, onlara qayğı göstərmək, başlarına tumar çəkib könüllərini oxşamaq, ovutmaq nə qədər çətin olsa da Eyyub müəllim öz yolundan, əqidə və məsləkindən, xeyirxahlığından və məqsədindən dönmədi. Həyat yoldaşı ilə bərabər ayağı yer, əli bel, yaba tutan övladlarının hər biri kolxozda təsərrüfatla məşğul olurdular. Övladlarını əməyə, zəhmətə bax beləcə alışdırırdı Eyyub müəllim. O yaxşı bilirdi ki, xoşbəxtliyə gedən yol zəhmət və elmdən keçir.
1945-ci ilin əvvəllərində, müharibə bitər-bitməz rayon rəhbərliyi rayonda fəaliyyət göstərən Uşaq evini düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün Eyyub Musayevi həmin müəssisəyə direktor təyin etdi. Bu onun ömür boyu işlədiyi və rastlaşdığı işlərin ən çətini və ağırı idi. Təsərrüfatı dağıdılmış, bərbad hala düşmüş Uşaq evinə pənah gətirən kimsəsiz uşaqların taleyinə biganəlik Eyyub müəllimi sarsıtmışdı. O təşkilatçılığı, təcrübəsi, bacarığı və vicdanının hökmü ilə Uşaq evinin işini yenidən qurdu. Elə bu zəhmətin nəticəsidir ki, Uşaq evindən ayrılan yeniyetmələr həyatda qalmaları, təhsil və tərbiyələri üçün Uşaq evinə, Eyyub müəllimə borclu olduqlarını söyləyirdilər. Uşaq evi o zaman Mican kəndində yerləşirdi. Bu kənddə balacadan böyüyə kimi hamının Eyyub müəllimə dərin hörmət və sayğısı var idi.
1945-1949-cu illərdə, yəni ömrününü sonunadək Uşaq evinə rəhbərlik etdi. Deyirlər torpağın üzü soyuq, illərin üzü dönük olur. Gec-tez hər şey unudulur, yaddan çıxır. İndi illərin arxasına, keçmişə boylananda görürsən ki, həyatda bir yaxşılıq, insanlıq və bir də xeyirxahlıq unudulmur. Xoşbəxt insan sağlığında yox, öləndən sonra xatırlanandır. Bu baxımdan Eyyub müəllim də xoşbəxt insandır. Onu xatırlayanlar hələ də var. İllər sonra onu tanıyanların sırası azalsa da, izi-sorağı itmir, xatırlanır, yada salınır. Bir neçə ilin söhbətidir. Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə Yeniyol məktəbinin səksən illik yubileyi qeyd edilirdi. Yeri gəlmişkən qeyd edim ki, belə tədbirlərin keçirilməsi Təhsil şöbəsində artıq ənənəyə çevrilmişdir. Yeniyol məktəbində keçirilən tədbirdə iştirak edən hər bir qonaq, hər bir məzun bu vətənpərvər ziyalıdan ürəkdolusu danışdı. Г‡oxları Eyyub müəllimi görməsələr də 80-100 yaşlı insanların dilindən onun haqqında xatirələri, xoş sözləri dinləmək nə qədər xoş idi. Bu sözlər bu təhsil fədaisi haqqında deyilir və bu ömür yolu gənclər üçün bir örnəyə çevrilir. Belə şərəfli ömür hər müəllimə, ziyalıya qismət olmur.
(Ardı növbəti sayımızda)
Xalıq Xalıqov

Şərh Yaz