Tibbi müayinə davam edir

Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin fevralın 15-dən başlanan növbəti ödənişsiz tibbi müayinəsi respublikamızın digər bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da müvəffəqiyyətlə davam etdirilir.
Tibbi müayinə davam edir
Rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumatda bildirilir ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 63 min nəfərə yaxın sakinin kütləvi tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Onlardan 2480 nəfəri məcburi köçkünlərdir.
Qeyd edək ki, müayinələr şəhər üzrə Rayon Mərkəzi Xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Lahıc qəsəbə, İvanovka kənd xəstəxanalarında, habelə 11 kənd həkim məntəqəsində aparılır. Müayinələrə peşəkar həkim və orta tibb işçiləri cəlb edilib. Səyyar həkim briqadası əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin tibbi müayinəsini yaşadıqları ünvanda həyata keçirir.
İndiyədək 30 min nəfərdən artıq rayon sakini tibbi müayinədən yararlanıb. Müayinə zamanı xəstəliyi aşkarlananlara ambulator müayinə təyin edilib və stasionar müalicəyə cəlb olunub. Daha ətraflı müayinə və müalicəyə ehtiyacı olanlar Bakı şəhərinə göndərilib.
Rayondakı 105 yaşayış məntəqəsindən 35-də əhalinin dispanserizasiyası başa çatıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz