Yüz il ərzində öz beynəlxalq hüquqi qiymətini almamış soyqırımı

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Yüz il ərzində öz beynəlxalq hüquqi qiymətini almamış soyqırımı
Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə törətmiş və uzun illərdən bəri beynəlxalq aləmdə öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tarixin açılmamış səhifələrindən biridir. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər “Böyük Ermənistan” ideyalarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. 1918-ci ilin martında Bakıda siyasi vəziyyət gərgin idi. Baki sovetinə keçirilən seçkilərdə “müsavat”in qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Şaumyan başda olmaqla bolşevik qüvvələri, erməni milli şurası və daşnaksütun rəhbərləri Bakıda azərbaycanlılara qarşı milli qırğına hazırlaşırdılar. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Belə ki, təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa “Qırmızı qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü.
31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. 1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı qəzası olmuşdur.
1918-ci il martın birinci yarısında S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin daşnak hökuməti Şamaxıya çoxlu miqdarda hərbi sürsat, top və pulemyotlarla silahlanmış üç minədək yalnız ermənilərdən ibarət qoşun dəstələri göndərdi. Martın 15-də Şamaxı şəhərində bu dəstə ilə müsəlmanlar arasında ilk atışma düşdü. Şamaxıdakı bütün millətlərin nümayəndələri erməni yepiskopunun hiyləsinə uyaraq, sülh şəraitində yaşayacaqlarına and içdilər. Bu hiyləyə inanan azərbaycanlı əhali öz gündəlik işləri ilə məşğul ikən Novruz bayramı günü martın 18-də qəfildən şəhərin bütövlükdə azərbaycanlılardan ibarət olan aşağı hissəsi cənubdan ermənilər, şimal şərqdən isə malakanlar tərəfindən mühasirəyə alınaraq, top və pulemyot atəşinə tutuldu. Bu vəhşiliklər bir necə gün davam etdi. Ermənilər evlərə soxulur, onların sakinlərini qarət edir, qətlə yetirir, sonra isə yandırırdılar. Ermənilər və malakanlar yalnız Gəncədən silahlı dəstələrin köməyə gəlməsindən qorxuya düşərək, şəhəri tərk etdilər. Gəncədən gələn silahlı qüvvə onları təqib etdi, lakin erməni və malakan qüvvələri qat-qat üstün olduğundan təqibi dayandırdı və dörd gün sonra şəhərdən çıxdı. Geri qayıdaraq, Şamaxını yenidən zəbt edən erməni və malakan quldur dəstələri bu dəfə əhaliyə daha qəddarlıqla divan tutdular. Şəhərdəki 12 məhəllə məsçidi, 800 illik tarixə malik Cümə məsçidi yandırıldı. Şamaxı qəzasının 120 azərbaycanlı kəndindən 86-sı ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, dağıdılmış və qısa müddətdə 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onların da 2560 nəfəri qadın, 1277 nəfəri uşaqlar olmuşdur. Şamaxı qəzasında törədilmiş bu vəhşiliklərin əsas təşkilatçıları, Bakı şəhərində və Quba qəzasında olduğu kimi, Bakı Kommunasının erməni daşnak başçıları S.Şaumyan, Q.Karqanov, S.Lalayan və b. idi.
AXC-nin təşkil etdiyi İstintaq Komissiyanın qəbul etdiyi qərarda göstərilirdi ki, bu cəlladlar istintaqa cəlb edilərək, Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə cavab verməlidirlər. Aprel işğalından sonra ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu vəhşiliklər unutduruldu, Lalayana və onun başçılıq etdiyi erməni vandallarına bəraət verildi, S.Şaumyan və Q.Korqanov isə uzun illər Azərbaycan tarixinin xalqımıza “ən əziz adamları” kimi yad etdirilirdi.
Yalnız illər sonra məhz ümummilli liderimiz Heydər Əliyev bu hadisəyə hüquqi və siyasi qiymət verərək Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il 26 mart tarixində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasını qərara almışdır.
Türkiyəyə, Azərbaycana, türk dünyasına qarşı yönələn məkrli erməni iddialarını kəsərsiz eləmək əlbəttə ki, təkcə Türkiyə və Azərbaycan hökumətlərinin, siyasətçilərin və tarixçilərin, diaspora qurumlarının işi deyil. Ümumən türk cəmiyyətlərinin, hər bir fərdin məsuliyyət payından doğan bir missiyadır.
Kamran Behbudov

Şərh Yaz