Yaddas kitabcasi

Peşələrinin sirlərini öyrənməyə çalışırlar

Tibb sahəsi hələ qədim zamanlardan cəmiyyətin ehtiyac duyduğu sahələrdən biri və demək olar ki, vacibidir. Regionların inkişafı siyasətinin icrasında İsmayıllı rayonu da öz töhfələrini verməkdədir. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin təsis olunması və kollecdə “Müalicə işi” ixtisasının təşkil edilməsi də bu siyasi-iqtisadi lahiyənin bir hissəsidir.
Peşələrinin sirlərini öyrənməyə çalışırlar
“Müalicə işi” ixtisasının dərsləri kollecin müəllimləri və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının təcrübəli həkimləri tərəfindən texnologiyanın son naliyyətlərindən istifadə etməklə keçirilir. Tələbələrin dərslərdə fəal iştirakını təmin etmək üçün interaktiv dərslər keçirilir. Elektron resurslardan istifadə tələbə və müəllimlər arasında müntəzəm təbliğ olunur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Müalicə işi” ixtisasında tələbələr 5 semestr nəzəri biliklərə yiyələndikdən sonra son semestrdə nəzəri biliklərin təcrübi möhkəmlənməsi üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında təcrübə keçir. Təcrübələr bütün şöbələr daxil olmaqla rotasiya edilməklə keçirilir. Ötən dərs ilində “Müalicə işi” ixtisasını bitirən 12 tələbənin hamısı işlə təmin olunub və hal-hazırda respublikanın müxtəlif bölgələrində kolleci layiqincə təmsil edirlər.
Bu il də 16 fevral -15 mart tarixlərində tələbələr tədris təcrübəsi keçdikdən sonra hesabat mövzularını müdafiə etdilər. Bütün tələbələr müvəffəq qiymətlər alaraq, istehsalat təcrübəsi keçmək üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Müəssisələr arasında bağlanmış ikitərəfli müqavilə əsasında tələbələr 16 mart – 7 iyun tarixində xəstəxananın şöbələrində təcrübə keçərək, müasir tələblərə cavab verən tibb xidməti və instrumental müayinə metodları ilə tanış olmaqdadırlar. Tələbələr fəallıqla tibb işçilərinə kömək edir və gələcək peşələrinin bütün sirlərini öyrənməyə çalışırlar. Təcrübələr hal-hazırda pediatriya, terapiya, cərrahiyə və ginekologiya şöbələrində davam etdirilir. Tələbələr xəstələrin qəbulunda, müayinələrdə, tibbi manipulyasiyalarda, cərrahi əməliyyatlarda həvəslə iştirak edirlər.
İstehsalat təcrübəsinin sonunda tələbələr hesabat mövzularını müdafiə edərək, tədrisi yüksək başa vurduqlarını bir daha subut etmək üçün dövlət imtahanı verərək, 3 illlik təhsillərini təsdiqləyəcək diplom qazanacaqlar.
Elşən Həsənov,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi

Şərh Yaz