“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 22 qalibi olan rayon

Böyük Qafqazın cənub ətəklərində yerləşən, gözəl və saf təbiətə malik İsmayıllının zəngin tarixi keçmişi vardır. İsmayıllının bir sıra yaşayış məntəqələrinin inkişafı erkən orta əsrlərə təsadüf edir. Lahıc və Basqal orta əsrlərdə sənət və ticarət mərkəzləri kimi tanınmaqla yanaşı, həm də elm, təhsil, mədəniyyət mərkəzləri olmuşdur.
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 22 qalibi olan rayon
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 22 qalibi olan rayon
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 22 qalibi olan rayon
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 22 qalibi olan rayon
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 22 qalibi olan rayon
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 22 qalibi olan rayon
Həmin yaşayış məntəqələrində fəaliyyət göstərmiş mollaxanalar və mədrəsələr haqqında kifayət qədər məlumatlar vardır. Ərazinin tarixində mühüm rol oynamış görkəmli şəxslər həmin təhsil müəssisələrinin yetirmələridirlər. XIX-XX əsrlərdə ölkə səviyyəsində tanınan elm, təhsil, mədəniyyət xadimləri sırasında İsmayıllı təhsilinin çoxsaylı yetirmələri olmuşdur. Bu gün də İsmayıllıda təhsil ənənələrinin uğurlu davamı rayonun təhsil işçilərinin ən böyük nailiyyətidir. Son illərdə rayonda təhsil yüksələn xətt üzrə inkişaf etdirilmiş, nəzərə çarpacaq kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə alınmışdır. Hazırda İsmayıllı rayonunda 46 tam orta, 21 ümumi orta, 13 ibtidai məktəb, 5 məktəbdənkənar, 10 məktəbəqədər təhsil müəssisəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədrisi Mərkəzi fəaliyyət göstərir. Məktəblərin 78-də təlim Azərbaycan dilində, 2-də isə Azərbaycan və rus dillərində aparılır. Rayon ümumtəhsil məktəblərində 12060 şagirdin təlim-tərbiyəsi ilə 1516 nəfər müəllim məşğul olur. Onların 1285 nəfəri ali, 231 nəfəri orta-ixtisas təhsillidir.

Maddi-texniki baza

Son beş ildə rayonda ümumi şagird yeri 1180 olan11 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. 8 tam orta, 1 ümumi orta, 1 ibtidai məktəbdə və Rayon Təhsil Şöbəsinin inzibati binasında təmir işləri aparılmışdır. Hazırda Yenikənd ümumi orta məktəbi üçün modul tipli bina quraşdırılır. Rayon mərkəzində 140 uşaq yerlik yeni körpələr evi-uşaq bağçası binası tikilmiş, əvvəlki illərdə fəaliyyəti dayandırılmış uşaq bağçasının binası əsaslı təmir edilmiş və yenidən uşaq bağçası kimi fəaliyyətə başlaması üçün hazırlanmışdır. Şəhər 2 nömrəli və Sumağallı kənd uşaq bağçaları üçün yeni binalar tikilib istifadəyə verilmişdir.

Tədrisin təşkili

Rayon Təhsil Şöbəsi fəaliyyət planına uyğun olaraq işini günün tələbləri səviyyəsində qurur. Bu məqsədlə RTŞ il ərzində çoxsaylı tədbirlər, elmi-praktik konfranslar, “dəyirmi masa”lar keçirir, müzakirələr təşkil edir. Rayon Təhsil Şöbəsi Metodik kabinetinin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası və Təhsildə Metodik xidmət”, “Elektron dərslərin təşkili”. “Müasir dərslərin qurulmasında İKT- nin rolu”, “Gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərin rolu”, “Müasir təhsil və ən yaxşı müəllim”, “Məktəbəqədər təhsil müəssisələrində vətənpərvərlik hissinin aşılanması” mövzularında keçirdiyi elmi-praktik konfranslar yeniliklərin təhsil işçiləri tərəfindən öyrənilməsi baxımından əhəmiyyətli olmuşdur. Bundan başqa RTŞ Metodik kabineti tərəfindən dərs ili ərzində ayrı-ayrı qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilərək Metodik şurada müzakirəyə çıxarılması və rayon miqyasında yayılması təşkil edilir. Rayon Təhsil Şöbəsi gənc müəllimlərə qayğı ilə yanaşır, onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirir. Rayonda fəaliyyət göstərən “Gənc Müəllimlər Şurası”nın il ərzində keçirdiyi seminarlar, elmi-praktik konfranslar, müsabiqələr, “açıq dərs”lər gənc müəllimlərin pedoqoji-metodiki biliklərinin, təcrübələrinin artırılmasına xidmət edir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin məktəbəhazırlıq mərhələsinə xüsusi yer verilmiş, bu sahənin inkişafı başlıca vəzifə kimi irəli sürülmüşdür. Rayonda bu vəzifənin yerinə yetirilməsinə məsuliyyətlə yanaşılmış, 51 qrupda 898 nəfər 5 yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb edilmişdir. Həmin qruplarda 51 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olur.
Cari dərs ilində IX siniflərdə tədris fənn kurikulumları əsasında aparılır. Cari dərs ilində rayonun şəhər 1 və 5 nömrəli tam orta məktəblərində təhsilin təmayüllər üzrə aparılmasına başlanılmış, X siniflərdə tədris təmayüllər üzrə təşkil edilmişdir. Növbəti tədris ilində təmayülləşmə bütün X sinifləri əhatə edəcəkdir.
Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə elektron proqram təminatı tətbiq edilməklə aparıldığından məktəblər daha bacarıqlı kadrlarla təmin olunur. Son 5 ildə rayonun ümumtəhsil məktəblərinə həmin qayda ilə 237 nəfər gənc müəllim təyin edilmişdir. 27-28 noyabr 2016-ci il tarixlərində İsmayıllı rayonu üzrə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş, onların 81,8 faizi 30-dan yüksək bal toplamışdır.
Rayon Təhsil Şöbəsi məktəb rəhbərlərinin tərkibini daha da yaxşılaşdırmağı, yüksək savadlılığı ilə seçilən gəncləri məktəb rəhbərliyinə irəli çəkməyi daim diqqət mərkəzində saxlamışdır. Son 5 ildə Təhsil Nazirliyi tərəfindən belə gənclərdən 7 nəfər tam orta məktəblərə direktor vəzifəsinə təyin edilmişdir. Bu təyinatlardan keçən müddət ərzində onlar etimadları doğrultmuşlar.
Təhsilə dövlət qayğısı sayəsində rayon təhsilinin keyfiyyət göstəricilərində müsbət dinamika təmin edilmişdir.
Rayonun təhsil müəssisələrində istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə zonalar üzrə “Əlaçı” intellektual yarışı keçirilmiş, qalib komandalar müəyyənləşdirilərək mükafatlandırılmışdır. Dərs ilinin sonunda rayonda istedadlı şagirdlərin hesabat xarakterli toplantısı keçirilmiş, nailiyyət qazanmış şagirdlər Rayon Təhsil Şöbəsinin tərifnamələri və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Cari ilin fevral ayında rayonda “Məktəb əlaçılığından həyat əlaçılığına” devizi altında əlaçı şagirdlərin I rayon Forumu keçirilmiş, respublika əlaçılarına müraciət qəbul edilmişdir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məktəblərin qarşısında qoyulmuş mühüm vəzifələrdəndir. Bu sahədə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, hərbi vətənpərvərlik yarışlarında bir qayda olaraq rayonun komandaları uğurlu nəticələr qazanırlar.
Rayonda sağlamlıq imkanları məhdud şagirdlərin təhsili, onların cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır. Belə uşaqların cəmiyyətə inteqrasiyası üçün rayonda distant təhsilin tətbiqi istiqamətində müəyyən addımlar atılmış, maarifləndirmə işləri aparılmışdır.
Təhsildə qazandıqları müvəffəqiyyətlərə görə 2015-2016-cı tədris ilində rayonun 3 nəfər məzunu qızıl medalla təltif edilmişdir. Ümumiyyətlə, son 5 ildə təhsildə əldə etdikləri uğurlara görə rayon ümumtəhsil məktəblərinin 14 nəfər məzunu qızıl medala layiq görülmüşdür. Rayonun ümumtəhsil müəssisələri isə 22 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib olmuşlar.

Ali məktəblərə qəbul göstəriciləri

Ali məktəblərə qəbul imtahanlarında rayon abituriyentlərinin topladıqları orta bal 2013-cü ildə 246.7, 2014-cü ildə 248.8, 2015-ci ildə 264.2, 2016-ci ildə isə daha yüksək olmuşdur. Ali məktəblərə tələbə qəbulunda rayonun məzunları bir qayda olaraq yüksək nəticələr qazanırlar.
Aparılan məqsədyönlü işin məntiqi nəticəsidir ki, son 5 ildə rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 1474 nəfəri ali məktəblərə qəbul olmuşdur. Onlardan 321 nəfəri 500-dən yuxarı, 100 nəfəri isə 600-dən yüksək bal toplamışdır. Bundan başqa, qəbul imtahanlarında Ağalətif Lətifov maksimum nəticə göstərərək 700 bal toplamışdır. Qazandıqları yüksək nəticələrə görə Ağalətif Lətifov, Taleh Ağayev, Qəmər Qüdrətli, Ləman Abbasov, Əliqulu Əlili, Aygün Cəbiyeva, Aydan Ağazadə və Aqil Ələkbərov Prezident təqaüdünə layiq görülmüşlər.
Tələbə qəbulu imtahanlarında yüksək nəticə qazanan məzunların şərəfinə hər il rayonda geniş bayram tədbirinin keçirilməsi artıq ənənə halını almışdır. Tədbir zamanı ali məktəblərə 600-dən çox bal toplayaraq qəbul olan məzunlar mükafat və hədiyyələrlə təltif edilirlər.

Müəllim uğuru

Məlumdur ki, İsmayıllı təhsilini daim önə daşıyan bu ağır yükü üzərində hiss edən müəllimlərdir. Xüsusilə qeyd edək ki, rayon müəllimləri daim yeniliyə, innovasiyalara maraq göstərir, dərsləri müasir tələblərə uyğun olaraq keçirlər. Əldə etdikləri yüksək göstəricilərə görə rayonun 12 qabaqcıl müəllimi “əməkdar müəllim” fəxri adına layiq görülmüş, 7 nəfər “Tərəqqi” medalı, 36 nəfər Respublikanın “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Bundan başqa 26 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Rayon müəllimləri respublikada keçirilən müsabiqələrdə yaxından iştirak edir, uğurlu nəticələr qazanırlar. Şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Sevinc Mirzəyeva Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçiridiyi “Ən yaxşı yazı” müsabiqəsinin qalibi olmuşdur. Şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəb icmaları arasında keçirdiyi müsabiqədə “Ən yaxşı sinif icmasının planı” nominasiyasında I yerə layiq görülmüşdür. Lahıc qəsəbə tam orta məktəbin fizika müəllimi Rövşən Əliyev bir sıra beynəlxalq simpozium və konfranslarda maraqlı mövzularda məruzələr etmişdir. O, komputer proqramları üzrə beynəlxalq müsabiqədə qalib gələn 3 nəfərdən biri olmuşdur. Təhsil.TV Rövşən Əliyevə həsr olunmuş “Azərbaycan müəllimi” filmini lentə almış, filmin “Yarat” mərkəzində keçirilən təqdimatında təhsil naziri Mikayıl Cabbarov iştirak etmişdir. Rövşən Əliyev həmçinin ümumtəhsil məktəblərində “Fizika” dərsliklərinin müəlliflərindəndir.
Təhsil Nazirliyinin “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirdiyi respublika müsabiqəsində rayonun müəllimləri fəal iştirak etmiş, Topçu kənd tam orta məktəbin gənc riyaziyyat və informatika müəllimi Aynurə Məmmədova yüksək nəticə göstərməklə müsabiqənin qalibi olmuşdur.

Məktəblilər olimpiada və müsabiqələrdə

İsmayıllı məktəbliləri respublikamızda keçirilən olimpiada, müsabiqə və yarışlarda uğurla iştirak edir. Təkcə 2011-2016-cı illərdə rayonun ümumitəhsil məktəblərinin 35 nəfər istedadlı şagirdi fənn olimpiadalarının respublika mərhələlərinin qalibləri sırasında yer tutmuşdur. Belə ki, 2015- ci ildə keçirilən fənn olimpiadalarının final mərhələsində Taleh Ağayev Azərbaycan tarixi, Cəmilə Məmmədova isə coğrafiya fənlərindən gümüş, Ağalətif Lətifov biologiya, Ülvi Məmmədov Azərbaycan tarixi, Vahab Cəbrayılov isə riyaziyyat fənlərindən bürünc medal qazanmışlar. Keçən tədris ilində isə şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Vaqif Talıbzadə coğrafiya fənnindən qızıl medal qazanmışdır. Ötən il eyni zamanda 4 nəfər şagird rus dili olimpiadasının qalibi olmuşdur. Cari dərs ilində isə fənn olimpiadlarının rayon mərhələsində uğur qazanan 134 nəfər şagird olimpiadaların yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
Müsabiqə və yarışlara gəldikdə qeyd edək ki, Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” kuboku uğrunda intelektual bilik yarışmasında rayonun komandası bütün rəqiblərinə üstün gələrək kuboka sahib olmuşdur. Bundan başqa “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışında Təzəkənd kənd tam orta məktəbin komandası I yeri tutmuşdur. Eyni zamanda rayonun 7 nəfər istedadlı şagirdindən ibarət komandası Təhsil Nazirliyinin Ekoloji-Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Meşələri qoruyaq” devizi altında keçirdiyi Respublika müsabiqəsinin də qalibi olmuşdur.
“Ölkəmizi tanıyaq” VI maarifləndirici tur aksiyasında iştirak edən rayonların komandaları arasında Azərbaycan İntellektual Klublar Assosiasiyasının Quba şəhərində keçirdiyi “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışında rayonun 6 nəfər əlaçı şagirddən ibarət komandası I yer tutmuş və yarışların kubokunu qazanmışdır.
Rayonun məktəbliləri respublika səviyəli idman yarışlarında da yüksək nəticələr qazanmışlar. Şəhər 6 nömrəli məktəbin şagirdi Kənan Rəhimov ağır atletika üzrə “Zirvə” idman klubları arasında dünya çempionatında I yer tutmuşdur. Şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Gülşən Allahverdiyeva 8 yaşadək qızlar arasında şahmat üzrə respublika birinciliyində qalib gələrək Г‡exiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatında ölkəmizi təmsil etmişdir. Bundan başqa, 10-14 yaşlı qızlar arasında futbol üzrə respublika birinciliyində Hacıhətəmli kənd tam orta məktəbinin komandası 2015-ci ildə I, 2016-cı ildə isə II yer tutmuşdur.

Beynəlxalq əlaqələr

Təhsil sahəsində beynəlxalq əlaqələrin qurulmasında başlıca məqsədlərdən biri də dünyanın qabaqcıl ölkələrinin təcrübələrini öyrənmək, təcrübə mübadiləsi aparmaqdır. Bu sahədə “İKT-nin imkanlarından istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsi, tərbiyə prosesində multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi yolları” mövzusunda Topçu kənd tam orta məktəbində keçirilən elmi-praktik konfrans daha əhəmiyyətli olmuşdur. Konfrans zamanı internet vasitəsi ilə dünyanın bir sıra ölkələrinin, o cümlədən Rusiya, Hindistan, Sudan, Gürcüstan məktəbləri ilə canlı bağlantı yaradılmış, fikir mübadiləsi aparılmışdır. Bundan başqa Təhsil Nazirliyi ilə Fransa səfirliyinin birgə həyata keçirdiyi “Fransız dili müəllimlərinin peşəkar inkişafı və sertifikatlaşdırılması” layihəsi çərçivəsində Fransadan dəvət olunmuş mütəxəsis tərəfindən rayonun fransız dili müəllimləri üçün təlimlər keçirilmişdir. “Azərbaycan-ingilis dili müəllimləri birliyi” Təhsil Nazirliyinin dəstəyi ilə Türkiyənin təhsil mütəxəssislərinin iştirakı ilə rayon ümumtəhsil məktəblərində psixoloji xidmətin və məktəb valideyn əməkdaşlığının təşkili ilə bağlı maarifləndirici seminarlar keçirmişdir.
18-20 noyabr 2016-cı il tarixlərində Fransanın Paris şəhərində keçirilmiş “İngilis dilinin tədrisində yeni zirvələri fəth edək” adlı illik TESOL konfransında şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudova “Effektiv dinləmə və tənqidi təfəkkür” mövzusunda məruzə etmişdir.
İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında bağlanmış dostluq müqaviləsi çərçivəsində hər il məktəblilərin qarşılıqlı dostluq səfərləri təşkil edilir. Layihə çərçivəsində 2014-cü ildə RTŞ-nın müdiri, əməkdar müəllim Rasim Orucov 6 nəfər şagirdlə Yaponiyada səfərdə olmuş, gündoğan ölkə ilə yaxından tanış olmaqla “İto yay festivalı”nda iştirak etmişlər. Nəzərə çatdıraq ki, yaponiyalı qonaqlar da İsmayıllıya səfər etmiş, rayonla yaxından tanış olmuş və ölkələrinə xoş təəssüratlarla qayıtmışlar. Rayonun şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərinə distant yolla yapon dilinin öyrədilməsi əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Niyazi Rəhimov,
“Azərbaycan müəllimi”, 1 aprel 2017-ci il

Şərh Yaz