Tədbir izləyicilərə qürur hissi aşılayıb

Aprel ayının 1-də İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın təşkilatçılığı ilə Uşaq kitabxanasının akt zalında Aprel döyüşlərinə və şəhidlərimizə həsr olunmuş tədbir keçirilib.
Tədbir izləyicilərə qürur hissi aşılayıb
Tədbirdə öncə döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimiz yad edilib, onlar haqqında ətraflı məlumat verildikdən sonra video-çarxlar izlənilib. Şagirdlərin ifasında şeir və bədii kompozisiyalar, səhnəciklər təqdim edilib.
İsmayıllı rayonunun Maçaxı kəndindən olan şəhidimiz Mikayıl Vahabzadə haqqında ətraflı məlumat dinlənildikdən sonra qəbri və ailəsi ziyarət edilən zaman çəkilən şəkillər və video-çarx, eyni zamanda, bu döyüşlərdə ağır yaralanaraq uzun müddət komada qalmış, hazırda müalicəsini davam etdirən qazi Yaşar Ağayevlə görüş zamanı çəkilən videogörüntülər və şəkillər nümayış etdirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər, İsmayıllı Rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi, Əməkdar müəllim Şəfaqət Rəsulov, ATİAHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, rayon məktəblərindən dəvət olunmuş şagirdlər və media nümayəndələri iştirak edib.
Sonda yadda qalan tərtibatla, şəhidlərimizə hörmət və diqqətlə hazırlanmış, hər bir izləyiciyə qürur hissi aşılayan tədbirə görə Ruhiyyə müəllimə və bu işdə zəhməti olan hər kəsə təşəkkür edilib.
Bahar Abdullayeva

Şərh Yaz