Məktub gözləyənlərin sevimli qonağı

Məktub ürəyimizi kağıza köçürüb göndərdiyimiz vasitədir. Müasir texniki avadanlıqların yüksək inkişafı nəticəsində poçt qutularına atılan məktubların sayı azalmışdır. Yaxın keçmişdə isə poçt qutuları gün ərzində dəfələrlə dolub-boşalardı. Bəziləri üçün poçt qutusu bu gün də nostalji duyğuların gizləndiyi bir obyektdir. Məktub yazanların gözləri yol çəkər, poçtalyonun cavab məktubu gətirəcəyini gözləyər. Bəlkə də elə ona görə zamanında sadə peşə adamı Mübariz Səlimov kimi poçtalyonlar insanların ən çox hörmət etdiyi, ən çox yolunu gözlədiyi bir insan olub.
Məktub gözləyənlərin sevimli qonağı
Ömrünün çox hissəsini sevimli və xeyirxah peşəsinə həsr etmiş M.Səlimov 1967-ci ildə İsmayıllıda doğulub. 1984-cü ildən poçtalyon kimi çalışır. Mübariz işindən məmnun olduğunu hər zaman vurğulayıb. Onun işi xeyirxah işdir. İnsanların arzu və istələrini, sevgisini, bir ünvandan digər ünvana çatdırıb. Bu özü də çətin bir işdir. Bəzən insanın öz duyğuları özünə yük olur, ağır gəlir. O ki, qaldı yüzlərlə insanın ürək sözünün, duyğularını qollarında daşıyasan. O məktubların hər birində bir arzu, bir həsrət, bir vüsal yol gözləyir…
Məlum məsələdir 33 il ərzində sonsuz sayda xoş xəbərlərlə yanaşı, çatdırılması ağır və üzücü olan xəbərləri də ünvanlara çatdırmalı olub. Г‡ətin vaxtlarda, müharibənin şiddətli çağlarında cəbhədə doğmaları olan insanların ən çox müraciət etdiyi yer poçtlar, görmək istədiyi adamlar poçtalyonlar olub. Poçt bir gözləntidir, yaxşı və ya pis olmasından asılı olmayaraq gözlənilən bir gözlənti…
Bu sahədə çalışan insanlar işin nə dərəcədə çətin və məsuliyyətli olduğunun fərqindədirlər. M.Səlimovu digər işçilərdən fərqləndirən cəhət onun əzmkarlığı, zəhmətsevərliyidir.
Bu sadə peşə sahibi ikinci qrup əlil olmasına baxmayaraq dövlətdən yardım gözləyənlərin sırasına can atmır. İl boyu, yağışlı, qarlı günlərdə belə işinin öhdəsindən layiqincə gəlir. O yaxşı bilir ki, insan doğulandan həyatının sonuna kimi çalışmalı Vətəninə, ailəsinə xidmət etməyi bacarmalıdır. Mübariz yaxşı bilir ki, çalışdığı sahəyə sevgi və məsuliyyətlə yanaşmalıdır.
Hər bir işin özünə görə çətin tərəfləri vardır. Yetər ki, insanlar öz işlərinin öhdəsindən məsuliyyətlə gəlməkdə israrlı olsunlar. Öz işinin öhdəsindən məsuliyyətlə gələn Mübariz kimi…
M.Səlimovun bu yaxınlarda 50 yaşı tamam olacaq. Onu iş yoldaşları adından bu münasibətlə təbrik edir, işlərində uğurlar diləyirik!
Vətənə xidmətin çərçivəsi olmaz. Bütün peşələr gərəklidir və ona ürəkdən bağlılıq Vətənə, cəmiyyətə, xalqa xidmətin təzahürüdür.
Rəhman Nuğayev

Şərh Yaz