İslamiada ərəfəsində möhtəşəm idman tədbirləri keçirilir

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində respublikamızın ayrı-ayrı regionlarında su festivallarının keçirilməsi ilə paralel olaraq müxtəlif idman komplekslərində mühüm əhəmiyyətli idman tədbirləri, yarışlar da reallaşmaqdadır. Bu baxımdan son günlər İsmayıllı Olimpiya-İdman Kompleksi də bir sıra idman tədbirlərinə ev sahibliyi edir. Voleybol, həndbol və atletika federasiyalarının təşkil etdiyi zona birinciliyinin ardından aprelin 15-də Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə uşaqlar arasında bədii gimnastika üzrə “İsmayıllı açıq birinciliyi” keçirildi.
İslamiada ərəfəsində möhtəşəm idman tədbirləri keçirilir
İdmanın qeyd olunan bütün növləri üzrə son illər uşaq və yeniyetmələrə diqqət yetirilməsi, onların potensiallarından düzgün istifadə olunmağa başlanması əlamətdar hal kimi dəyərə layiqdir. Konkret olaraq onsuz da çoxsaylı idman uğurları olan xalqımıza idmançıların gələcəkdə daha çox yüksək əyarlı medallar gətirəcəyi şübhə doğurmur.
Beləliklə də bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev tədbir iştirakçılarını salamladı və onlara uğurlar arzuladı.
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümmətov da iştirakçıları salamlayaraq güclülərin uğur qazanmasını arzuladı. Bildirdi ki, bu kompleks 2009-cu ilin oktyabrın 29-da möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən açılıb. Həmin dövrdən də kompleks fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Hazırda burada idmanın 20-dək növü üzrə qruplar fəaliyyət göstərir. Bununla paralel olaraq kompleks respublikada olan bütün federasiyalarla məhsuldar şəkildə əməkdaşlıq edir. Onların arasında Azərbaycan Gimnastika Federasiyası da var.
İslamiada ərəfəsində möhtəşəm idman tədbirləri keçirilir
İslamiada ərəfəsində möhtəşəm idman tədbirləri keçirilir
İslamiada ərəfəsində möhtəşəm idman tədbirləri keçirilir
Federasiyalarla aparılan sıx əməkdaşlığın nəticəsi olaraq burada resspublika əhəmiyyətli idman tədbirləri, təlim-məşq toplantıları keçirilir. Gələn idmançılar yüksək səviyyədə qarşılanır və təşkilati işlər lazımi səviyyədə təmin olunur. Bu da davamlı əməkdaşlıq üçün zəmin yaradır. Konkret olaraq Azərbaycan Gimnastika Federasiyası ilə (AGF) 4 ildir ki, əməkdaşlıq edilir. Kompleksdə iki qrup üzrə gimnastika bölümü təşkil olunub. Hətta, 2013-cü ildə Federasiya rəhbərliyi tərəfindən etimad göstərilərək kompleksdə respublika çempionatı keçirilib.
Hazırda 11 komandanı təmsil edən 62 idmançı arasında keçirilən yarış bura olan diqqətin təzahürüdür.
AGF tərəfindən yarışın keçirilməsinə məsul şəxs Rəşid Məmmədov əvvəlcə tədbirin yüksək səviyyədə təşkil olunmasına görə İsmayıllı Olimpiya-İdman Kompleksinin rəhbərliyinə minnətdarlığını ifadə etdi. Bildirdi ki, tədbirin başlıca məqsədi respublikamızın bütün şəhər və rayonlarında idmanın bu növünə uşaq və gənclərdə maraq oyatmaqdır. Yarış iştirakçıları isə 2007-2012-ci il təvəllüdlü uşaq və yeniyetmələrdir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarışmaya start verildi.
Əvvəlcə Göyçay, İsmayıllı, Minəçevir, Ağdaş, Sumqayıt, Zabrat, Hövsan, Kürdəmir, Zirə, Zirvə, Şağan komandalarının iştirakçıları meydana daxil oldular. Yarışma bədii gimnastikaya aid olduğu üçün iştirakçılar əsasən top, halqa, qaval və sairədən ibarət alətlərlə çıxış edirdilər.
İstər milli geyimlərdə, istərsə də gimnast geyimlərində müxtəlif nömrələrlə çıxış edən idmançılar iştirakçılar tərəfindən alqışlarla qarşılanırdı. Bu da sözsüz ki, yarandığı dövrdən Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətini düzgün qurmasının və orada cəmləşən çoxsaylı peşəkarların fəaliyyətinin müsbət nəticəsidir.
Yüksək səviyyədə keçirilən yarışın nəticələrinə uyğun olaraq münsiflər qalibləri müəyyənləşdirdilər. Yarışın baş katibi Niyar Abdullayeva, eləcə də mükafatlandırma mərasiminin rəhbəri Güllər Babayeva Kompleksin fəaliyyətindən razılıq ifadə etdilər. Burada uğurla fəaliyyət göstərən bədii gimnastika qrupunun rəhbəri Sultanə İbrahimova isə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olundu. Ayrı-ayrı yaş qrupları üzrə ilk 3 yerdə qərarlaşan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Əli Səlimov,
“Azərbaycan”

Şərh Yaz