Sağalıb növbəti döyüşdə ön sıralarında olacağam

Ötən ilin aprel döyüşləri erməni ordusu barədə düşmənin formalaşdırmağa çalışdığı mifi dağıtdı və əks-hücum əməliyyatları Azərbaycan Ordusunun qüdrətini göstərdi. Bu döyüşlər hər bir əsgərimizin, zabitimizin torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizə əzminin əyani nümayişi idi. Ermənistan ordusunun hücuma keçən hissələri geri oturduldu, ön mövqeləri darmadağın edildi və düşmən silahlarını ataraq qaçdı. Ordumuz strateji yüksəklik olan Lələtəpəni və digər əraziləri işğaldan azad etdi.
Sağalıb növbəti döyüşdə ön sıralarında olacağam
Əlbəttə, döyüşlər itkisiz olmur. Şəhidlərimiz, yaralılarımız da oldu. Ağır döyüşlərdə yaralanan və hələ də müalicə olunan hərbçilərimizdən biri İsmayıllıdan olan Yaşar Ağayevdir.
2007-ci ildə hərbi xidmətə çağırılan Yaşar bir il sonra öz istəyi ilə gizirlik kursuna göndərilib və rütbə alıb. Ötən ilin aprel döyüşlərində igidliklə vuruşaraq ağır yaralanıb. Həmin ilin iyulunda Türkiyənin Gülhanə Tibb Akademiyasına müalicəyə göndərilib və oktyabrda Azərbaycana qayıdaraq müalicəsini davam etdirir.
Aprel döyüşlərini xatırlayan Yaşar Ağayev bir il sonra, bu ilin aprel ayının 4-də AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Fəxr edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinin icrasında, böyük qələbəyə yol açan əks-hücumda iştirak etmişəm. Əsgərlərimizin güclü əks-həmlə zərbəsi Ermənistan qoşunlarını tam çaşdırmışdı. İrəliyə, ancaq irəliyə can atırdıq. Düşmən əsgərləri silahlarını atıb qaçırdılar. Təəssüf olsun ki, ağır yaralandım. Buna baxmayaraq, bu gün də Ali Baş Komandanımızın əmrinə müntəzirəm. İndi İsmayıllıda olsam da, ürəyim cəbhədədir. Əminəm ki, tezliklə tam sağalıb, növbəti döyüşdə ordumuzun ön sıralarında olacağam”.
“İsmayıllı xəbərləri”

Şərh Yaz