Kitab təqdimatı keçirilib

Aprel ayının 4-də İsmayıllı rayonunun Cülyan kəndində RİH başçısının kənd üzrə nümayəndəsi Tahir Hüseynovun təşəbbüsü ilə şair Cəbrayıl Hüseynin “Bu da dünya işığı” adlı şeirlər kitabının təqdimatı keçirilib.
Kitab təqdimatı keçirilib
Təqdimat mərasimində məktəbin müəllim və şagird kollektivi, kənd icra nümayəndəsi Tahir Hüseynov, valideynlər, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri, AYB və AJB- nın üzvü Şahməmməd Dağlaroğlu, “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya Talıstanlı, ədəbi məclisinin üzvləri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan məktəb direktoru Eyvaz Mursalov C.Hüseynin yetişən nəsil üçün nümunə ola bilən insanlıq, vətəndaşlıq keyfiyyətlərindən söz açıb. Müəllifi kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib, yaradıcılığından bəzi məqamlara toxunub.
Kitabın redaktoru, şair Şahməmməd Dağlaroğlu Cəbrayıl Hüseynin şəxsi keyfiyyətlərindən, xüsusilə zəhmətkeş, sadə və səmimi olmasından danışıb, qələm nümunələrindən həyat ətri gəldiyini, sabaha nikbin baxışın olduğunu bildirib və kitabının işıq üzü görməsi münasibəti ilə müəllifi səmimi qəlbdən təbrik edib, ona həyatda və yaradıcılıqda yeni uğurlar arzulayıb.
Kitab təqdimatı keçirilib
Səmimi və ürəkaçan ruhda keçən tədbirdə çıxış edənlər Cəbrayıl Hüseyni “Bu da dünya işığı” adlı şeirlər kitabını şairin imzasını və özünü tanıyanlar üçün qiymətli hədiyyə kimi dəyərləndiriblər. Söz alanlar şairin yaradıcılığına baxış ediblər. Məktəblilərin ifasında şairin şeirləri səsləndirilib.
Sonda müəllif tədbirin keçirilməsinə görə təşkilatçılara, haqqında xoş fikirlər söyləyənlərə dərin minnətdarlığını bildirib. O, son illərdə İsmayıllı ədəbi mühitinə, söz, sənət və elm adamlarına rayon rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıdan razılıq edib, yaradılan şəraitə görə rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, dünya işığına can atan söz, sənət adamları ilə vaxtaşırı görüşlərin keçirilməsi, onların yubileyləri, təqdimatlarının təşkil olunması mədəniyyətə, ədəbiyyata burada göstərilən diqqətin, yaradıcılıq üçün açılan yolların bariz nümunəsidir.
Elnarə Günəş

Şərh Yaz