İsmayıllıda demoqrafik vəziyyət

İsmayıllı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşməklə meredian istiqamətində uzunluğu 56 km, paralel istiqamətində eni isə 73 km. təşkil edir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində 3629 metr hündürlüyə malikdir.
İsmayıllıda demoqrafik vəziyyət
İsmayıllı rayonu Bakıdan 185 km. məsafədə yerləşməklə, Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. İsmayıllı rayonunun ərazisi 2074 kvadrat kilometr olmaqla əhalinin sıxlığı bir kvadrat kilometrdə 41,2 nəfər təşkil edir. Bu göstərici ölkənin kənd rayonları arasında orta göstərici sayılır.
2017-ci ilin yanvar ayının 01 vəziyyətinə görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 85,5 min nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 609 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,55 faizi, yəni 57757 nəfəri kənd yerində, 32,45 faizi 27744 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,37 faizini kişilər, 49,63 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi 2016-cı ildə 0,7 faiz artmışdır. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 871 məcburi köçkün ailəsində isə 3429 nəfər məskunlaşmışdır.
2016-cı ildə rayonda 1336 körpə doğulmuş, 638 nəfər isə ölmüşdür. Doğulanların 715 nəfəri , 53,5 faizi oğlan, 621 nəfəri, 46,5 faizi isə qız olmuşdur. Ölənlərin isə 48,3 faizini kişilər, 51,7 faizini qadınlar təşkil etmişdir. Hesabat dövründə əhalinin təbii artımı 698 nəfər, miqrasiya artımı isə minus 89 nəfər olmaqla ümumi artım 609 nəfər təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı mütləq rəqəmlərlə 232 nəfər azalmış, ölənlərin sayı 96 nəfər artmışdır. Ölümün səbəblərinə görə təhlil göstərir ki, bu dövrdə rayonda ölüm halları əsasən ürək, qan damar sistemi, tənəffüs orqanları xəstə olanlar arasında daha üstünlük təşkil etmişdir.
2016-cı ilin yanvar-dekabr aylarında rayonda 574 nikah bağlanmış, 87 nikah isə pozulmuşdur. Ötən illə müqayisədə nikahların sayı 13, boşanmaların sayı isə 10 vahid az təşkil etmişdir.
İl ərzində rayona daimi yaşamağa 61 nəfər gəlmiş, 150 nəfər isə getmişdir.
Hafiz Bayramov,
İsmayıllı Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi

Şərh Yaz