Torpaq çərşənbəsi axşamında görüş-qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dördüncü çərşənbədir ki, yerlərdə olur, sakinlərlə görüş-qəbullar keçirir. 14 mart 2017-ci il tarixdə keçirilən görüş-qəbulun ünvanı Tircan kəndi idi. Torpaq çərşənbəsi axşamında görüş-qəbul
Məktəbin həyətində, kənd sakinlərinin iştirakı ilə keçirilən görüş-qəbulu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq toplaşanları torpaq çərşənbəsi münasibətilə təbrik etdi. Bildirdi ki, dünyada, xüsusilə müsəlman ölkələrində insanlığa qarşı yönələn müharibələrin, qətliamların, terrorçuluğun baş alıb getdiyi bir zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizdə sabit və rahat bir həyat yaşanır. Dövlət insanların sosial-iqtisadi həyatının yaxşılaşması üçün hər bir problemi uğurla həll edir. Belə bir şəraitdə xalqımız əsil bayram sevincinə qovuşur.
M.Sadıqov daha sonra kəndin problemlərindən, onların aradan qaldırılması yollarından, gözləmə mövqeyindən çəkilib, iş qurmağa, istehsal sahələri açmağa yönəlməyin vacibliyindən danışdı. Qeyd etdi ki, vaxtilə bir qrup Tircan kənd sakini pay torpaqlarını satıb, sonradan peşimanlayıb. Biz çalışdıq ki, qanunun imkan verdiyi həddə qədər torpaqları sahiblərinə qaytaraq. Buna nail olduq. İndi isə əsas vəzifə torpaqları təyinatına uyğun istifadə etmək və məhsul bolluğu yaratmaqdır.
Mirdaməd müəllim giriş nitqindən sonra sözü, şikayəti, təklifi, nədənsə narazılığı olan hər bir kəsi səbrlə, səmimiyətlə dinlədi. Qaldırılan məsələlərin həlli ünvanları ilə iştirakçıları tanış etdi.
İslam Nəsirov, Sərhad Eyvazov və başqaları torpaq islahatı zamanı onlara və valideynlərinə məxsus həyətyanı sahələrin kadastr xəritəsinə salınmasından, kiməsə pay torpağı kimi verilməsindən şikayətləndilər. Rauf Kazımov vaxtilə islahatın düzgün aparılmadığını, boş sahələrin meşə fonduna, ağaclı sahələrin isə pay torpağı kimi verildiyini qeyd etdi. Onu da bildirdi ki, indiki rayon rəhbərliyinə qədər pay torpaqlarına çoxlu qanunsuz müdaxilələr olub. İndi həmin müdaxilələr tədricən aradan qaldırılır.
Tircan İƏD-ə daxil olan Maçaxı kənd sakini Rauf Xəlilov yaşadıqları kəndə qaz çəkilməsinə yardımçı olmağı xahiş etdi.
Görüş-qəbulda rayonun bütün icra və xidmət təşkilatlarının rəhbərləri iştirak edirdi. Odur ki, qaldırılan hər bir məsələ sonadək icra olunmaq üçün onlar tərəfindən qəbul edildi.
A.Bədəlov

Şərh Yaz