Mənim mənəvi borcum

10 mart 2017-ci il tarixində E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin VIII “b” sinfində həyat bilgisi fənnindən “Mənim mənəvi borcum” mövzusunda açıq dərs olub. Dərsdə məktəbin fənn müəllimləri və məktəb rəhbərliyi ilə yanaşı Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov da iştirak edib.
Mənim mənəvi borcum
Dərsi tədris edən müəllim Famil Əhmədzadənin fəal təlim üsulları ilə təşkil etdiyi bu dərs şagirdlərə bilik, bacarıq və dəyərlərin aşılanması baxımından müsbət qiymətləndirilib. Dərsin bütün mərhələləri öyrədici, inkişafetdirici və tərbiyəedici istiqamətdə qurularaq şagirdlərin idraki fəallığı təmin etmək, tədqiqat aparmaq, mənbələri araşdırmaq, İKT-dən istifadə etmək və başqa bacarıqlarını üzə çıxarıb. Onlar sərbəst fikir yürüdüb, həyatdan nümunələr gətirərək müqaisələr edib, Vətən qarşısında borcunu ləyaqətlə ödəyən vətən övladlarını tanıdan təqdimatlar ediblər.
Qrupların tədqiqat zamanı topladıqları məlumatları müzakirə edən şagirdlərin “İnsanın vətən, millət, ümumilikdə insan qarşısında mənəvi borcunu ödəməsi üçün hansı şərtlər vacibdir?” sualına tapdıqları cavab dərsin nəticəsi olub.
Şagirdlər dərs boyunca öyrəndikləri mənəvi dəyərlər və uzaq tariximizdən bu günə qədər vətən, millət qarşısında əvəzsiz xidmətlər göstərmiş insanlar haqqında məlumatları tətbiq etməklə həll etdikləri krossvordun mərkəzində yazdıqları “Azərbaycan” sözü alqışlarla və intellektual sevinclə qarşılanıb.
Dərsin müzakirəsində iştirakçılar bu açıq dərsin məktəbdə dərslərin müasir tələblərə uyğun metod və mexanizmlərlə qurulması təcrübəsini artırmış olduğunu qeyd ediblər.
RTŞ-nin müdir müavini R.Baxışov bildirib ki, dərslərdə seçilən təlim formaları və üsulları formal xarakter daşımamalı, bütün şagirdlərin aktivliyini və əməkdaşlığını təmin etməlidir. O, keçirilmiş nümunəvi dərsə görə müəllim Famil Əhmədzadəyə təşəkkür edib.
Sevda Qasımova

Şərh Yaz