Xocalı soyqırımının törədilməsində məsuliyyət daşıyanların cəzalandırılması mütləqdir

25 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı soyqırımı cinayətini törətmişlər. Uşaqların, qadınların, qocaların xüsusi amansızlıqla qətlə yetirildiyi o müdhiş gecədə bəşər tarixinin ən ağır cinayət hadisəsi baş vermişdir.Xocalı soyqırımının törədilməsində məsuliyyət daşıyanların cəzalandırılması mütləqdir      Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir.
Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosid kimi tövsif edilməlidir.
Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.
Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Həmin konvensiyaya görə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır.
Analoji normalar Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsində (4-cü maddə), Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsində (3-cü maddə) və bir sıra dövlətlərin cinayət qanunvericiliyində, o cümlədən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunmuşdur.
Xocalı soyqırımı zamanı ermənilər tərəfindən adıçəkilən beynəlxalq sənədlərdə və cinayət qanunvericiliyimizdə təsbit olunmuş genosid cinayətinin tərkibini təşkil edən bütün əməllər törədilmişdir.
“Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi də öhdələrinə götürmüşlər.
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini almaması, bu cinayəti törədənlərin cəzalandırılmaması, günahkarların özlərini cəzasızlıq mühitində hiss edərək kütləvi insan qırğınları ilə müşayiət olunan yeni cinayətlər törətməsinə rəvac vermişdir ki, bu da sülhə və bəşəriyyətə açıq təhdiddir.
Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mötəbər beynəlxalq tədbirlərdəki çıxışlarında hər zaman Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan etmişdir. O, beynəlxalq təşkilatların bu məsələdə prinsipial mövqe tutmasını, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizminin olmasını, ikili standartlara yol vermədən beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsini qətiyyətlə tələb etmişdir.
Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında etdiyi çıxışda demişdir: “Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri –“ bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə, bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilməkdədir.
Xocalı soyqrımı cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur. Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır.
Məlumat üçün bildirim ki, beynəlxalq tribunallar, beynəlxalq cinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir mexanizmdir.
Tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılmışdır. İlk dəfə İkinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunmuş, daha sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunalları yaradılmışdır.
Göründüyü kimi, beynəlxalq tribunallar genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsi həyata keçirir.
BMT Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş verən silahlı münaqişə zamanı törədilən genosid və soyqırımı cinayətlərini məhz beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə kimi qiymətləndirərək və BMT Nizamnaməsinin VII fəslində təsbit olunmuş müddəaları rəhbər tutaraq, bu cinayətlərin törədilməsində məsuliyyət daşıyan şəxslərin məhkəmə təqibi məqsədilə iki ad hoc beynəlxalq tribunal təsis etmişdir.
Hesab edirəm ki, Xocalı faciəsi zamanı baş verən hadisələr zamanı törədilən əməllər genosid və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini yaratdığından Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır.
Təəssüflə qeyd etmək istərdim ki, Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərin məhkəmə təqibini həyata keçirmək üçün kifayət qədər hüquqi əsaslar və analoji məhkəmə təcrübələri olmasına baxmayaraq, Azərbaycana qarşı tətbiq edilən ikili standartlar bu günə kimi məsələyə beynəlxalq hüquqi qiymətin verilməməsinə, genosid və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin hələ də məsuliyyətdən yayınaraq, yeni-yeni cinayətlər etməsinə səbəb olmuşdur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin yürütmüş olduğu cəsarətli xarici siyasət nəticəsində müxtəlif beynəlxalq və regional təşkilatlar tərəfindən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bir çox qətnamə və qərarların qəbul edilməsi, Xocalı faciəsinin bir çox ölkələr tərəfindən tanınması, Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərin tezliklə cəzalandırılacağına inamı artırır.
Xüsusi olaraq vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən törədilmə vaxtından asılı olmayaraq, genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur.
Prezident İlham Əliyevin Münxendə BMT-nin baş katibi Antonio Quterreş ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri haqqında məlumat vermişdir. O, BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulaması nüfuzlu qurumu bu məsələdə daha fəal olmağa sövq edəcəkdir.
Xocalı soyqırımının törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin baş verməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək, Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılmış və 39 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmişdir.
BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair belnəlxalq əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır.
Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslər barəsində axtarış elan olunmalı, tutularaq ədalət mühakiməsinə təhvil verilməlidir.
Kamran Behbudov,
AMEA-nın FHİ əməkdaşı

Şərh Yaz