Xocalı soyqırımı dindarlar tərəfindən anıldı

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şivonistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevirilmişdir. Belə bir faciə təkrarən XX əsrin sonlarında baş verdi. 1992-ci il fevralın 26-da Ermənilər Xocalı şəhərində genosid aktı həyata keçirdilər. Rus hərbi birləşmələrinin köməyi ilə bu şəhəri yer üzündən silib, orada yaşayan əhaliyə divan tutdular. Xocalı soyqırımı bəşəriyyət tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil oldu.Xocalı soyqırımı dindarlar tərəfindən anıldı
Bu il faciənin 25 ili tamam olur. Respublikada, eləcə də bir çox dünya ölkələrində erməni vandallarının törətdikləri bu ağılasığmaz soyqırmı anılır, faciə qurbanlarının xatirəsi yad edilir.
İsmayıllıda da Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar müxtəlif tədbirlər, anım mərasimləri keçirilir. Fevralın 25-də İsmayıllı Rayon İcra Hakimiyyəti, DQİDK Şamaxı bölgəsi İsmayıllı şöbəsinin birgə təşkilatçılığı ilə Məhəmmədiyyə məscidində faciənin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Din xadimlərindən, imam və axundlardan, icma sədrlərindən, ictimaiyyət nümayəndələrindən, dövlət strukturlarında çalışanlardan ibarət tədbirə 100-dən çox iştirakçı toplaşmışdı.
Anım gününü giriş sözü ilə Məhəmmədiyyə məscidi dini icmasının sədri Qaya Xalıqov açdı. Xocalı soyqırımı haqqında məlumat verdi, şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Onların ruhuna dualar oxundu.
Bu sətirlərin müəllifi, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK Şamaxı bölgəsi İsmayıllı şöbəsinin nümayəndəsi Elnur Mehdiyev, İsmayıllı şəhər Cümə məscidi dini icmasının sədri Vasif Teymurov, Məhəmmədiyyə məscidinin axundu Hacı Elnur Yusifov, axund müavini Etibar İsmayılov, ağsaqqal din xadimi Ağakərim Novruzov, Diyallı Cümə məscidinin imamı Hacı Hikmət Əhmədov çıxış edərək faciənin dəhşətli nəticələri, erməni vandallarının törətdikləri vəhşiliklər, insanlığa sığmayan hərəkətləri barədə tədbir iştirakçılarına məlumat verdilər. Qeyd olundu ki, xocalılara qarşı həyata keçirilən soyqrımı nəticəsində 613 nəfər şəhid olmuş, 23 nəfər uşaq hər iki valideynini, 230 nəfər uşaq isə valideynlərindən birini itirmişdir. Xocalılardan 487 nəfər əlil olmuş, 1275 nəfər əsir, 150 nəfəri itkin düşmüş, 8 ailə, 3 nəsil tamamilə məhv edilmişdir.
Г‡ıxış edənlər qeyd etmişlər ki, 2008-ci ildən “Xocalıya ədalət” kompaniyası bütün dünyaya ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat çatdırır. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəldilmiş bu kompaniya dünyanın 50-yə yaxın ölkəsində uğurla həyata keçirilməkdədir.
İşğal olunmuş torpaqlarımızın Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və apardığı uğurlu siyasət nəticəsində yaxın vaxtlarda azad ediləcəyi, Dağlıq Qarabağda və işğal olunmuş 7 rayonda Azərbaycan bayrağının dalğalanacağı notları ilə bitən tədbirdə gənc şair Məhəmməd Əliyev Xocalıya həsr etdiyi şeirini oxudu. Həmçinin tədbirdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” kimi xalqımıza, bütün dünya müsəlmanlarına uğur gətirəcəyi qeyd olundu.
Murad Məhərrəmov

Şərh Yaz