Fəal və istedadlı şagirdlərə hörmət və tələbkarlıqla yanaşmalı

Pedaqoji mövzuda

Məktəbliləri kiçik yaşlarından cəmiyyətimizin qanunları ruhunda tərbiyə etmək, onları ən yaxşı əxlaqi keyfiyyətlərlə silahlandırmaq hər bir müəllimin qarşısında mühüm vəzifə kimi durur. Hazırkı məktəblilər bir neçə ildən sonra istehsalat, elm və mədəniyyət sahəsində fəaliyyət göstərəcəklər.
Fəal və istedadlı şagirdlərə hörmət və tələbkarlıqla yanaşmalı
Ölkəmizin gələcək tərəqqisi isə onların hərtərəfli inkişafından çox asılıdır. Bu da onlara indi nə öyrətdiyimizdən və necə öyrətdiyimizdən çox asılı olacaqdır.
Hələ keçmiş dövrlərdə deyərdilər: Şagird boş qab deyildir ki, onu doldurasan. Şagird elə bir məşəldir ki, onu gərək alışdırasan. Bizim vəzifəmiz şagirdlərə ardıcıl tərzdə düşünməyi öyrətməkdən, onları həyata hazırlamaqdan ibarətdir. Bu göstərişlərin həyata keçirilməsi üçün hər bir məktəbdə ayrı-ayrı şagirdlərə, xüsusi ilə fəal şagirdlərə qayğı ilə yanaşmaq, onların qüvvəsindən səmərəli istifadə etmək, müstəsna əhəmiyyət kəsb edir.
İstedadlı və fəal şagirdlər yüksək bilik və şüurlu intizam uğrunda mübarizədə müəllimlərin köməkçiləridirlər. Fəallar həmçinin bilikləri müstəqil surətdə mənimsəyir, xüsusi ilə təcrübədə ondan istifadə etmək bacarığına malik olurlar. Hələ aşağı siniflərdə olarkən öz gələcək yollarını müəyyənləşdirirlər. Seçdiyi sənətə yiyələnmək üçün keçirilən fənləri öyrənir, təşəbbüskarlıq və yaradıcılıq göstərirlər.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olur ki, hər bir müəllim, xüsusi ilə də sinif rəhbərləri ayrı-ayrı şagirdləri müntəzəm surətdə, fəaliyyət prosesində səbirlə öyrənməli müşahidə etdiyi qüsurları aradan qaldırmaq üçün vaxtında təsirli tədbirlər görməlidir. Müəllim fəalların da təlim-tərbiyəsinə fərdi yanaşma prinsipindən geniş istifadə etməlidir. Fərdi yanaşma imkan verir ki, müəllim fəal şagirdlərin müsbət və mənfi cəhətlərini dəqiq müəyyənləşdirsin, müsbət halların sayını artırsın.
Xalıq Mirzəyev,
Göytəpə kənd ümumi orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Şərh Yaz