Dil milli varlıq və milli kimlikdir

21 fevral Beynəlxalq Ana dili Günüdür. Hər bir millət üçün dil milli varlıq və milli kimlik məsələsi olaraq qiymətləndirilir. Dil öz qanunauyğunluqları içərisində yaşayan canlı bir varlıqdır. Dil bir millətin mədəniyyətinin qoruyucusu və daşıyıcısıdır. Onu yaradan toplumun tarixi düşüncəsini və həyat tərzini özündə yaşadır. Dil milli varlıq və milli kimlikdir
Azərbaycan türkcəsi günəşin ətəklərindən –“ Uzaq Şərqdən Avropaya qədər bir ərazidə danışılan bir dilin – türk dilinin bir ləhcəsidir. Dünyanın bir çox cahan padşahları bu dildə hökm etmiş, yüzlərlə söz sənətkarı bu dildə zərif əsərlər yaratmışlar. M.Füzuli, Ş.İ.Xətai, M.Şəhriyar, Vaqif, Aşıq Ələsgər kimi söz sərrafları məhz sözünü, duyğularını Azərbaycan türkcəsində anlatmışdır. Azərbaycan əsrlərdir ki, özünün milli mənliyi, milli varlığı və dövlətçiliyi uğrunda mücadilə edir. Dilimiz və əlifbamız tarixən nə qədər təcavüzlərə məruz qalmışdır.
İran, İraq, Türkiyə, Qafqaz və başqa coğrafiyalar dünyada 50 milyona qədər insanın ünsiyyət dili olan dilimizin vətəni sayıla bilər. Amma bir dövlət dili olaraq Azərbaycan türkcəsini dünyada yalnız müstəqil Azərbaycan dövləti təmsil edir.
Bu gün məktəblərimizdə balalarımızın ana dilində təhsil alması və Azərbaycan türkcəsinin dövlət dili olduğu müstəqil bir ölkədə yaşaması çox qürurvericidir.
21 fevral 2017-ci il tarixində Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə keçirilən Ana dili günü məhz bu qürurdan xəbər verib.
Məktəbin sinif müəllimi Afər Səlimovanın və musiqi müəllimi Heyran Ələkbərzadənin təşkilatçılığı ilə keçirilən bu tədbirdə IV C sinif şagirdlərinin ifasında göstərilən və səslənən ana dilinə aid şeirlər, mahnılar, səhnəciklər, milli rəqslər böyük marağa səbəb olub.
Ana dilimizin kiçik daşıyıcıları bu gün öz dillərini ləyaqətlə təmsil edib və sevdiriblər.
Tədbirdə Rayon Təhsil Şöbəsindən Rəna Mirzəliyeva, Güllübəyim Lətifova iştirak ediblər. Onlar və məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, tərbiyə işləri üzrə direktor müavini Mətanət Abbasova, müəllim Afər Səlimova ana dilimizin gözəlliyindən, onun tarixi taleyindən və bu gün onun öyrənilməsinin, qorunmasının və saflaşdırılmasının əhəmiyyətindən danışıblar.
Sevda Qasımova,
məktəbin tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru

Şərh Yaz