Qadını ipə aparan səbəb-psixoloqdan ilginc açıqlamalar

Vəfa Rəşidova: “Psixoloji narahatçılığı olmayan insan istəyir 1 milyon borcu olsun, intihara əl atmaz”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2016-cı ildə qadınlar arasında 176 intihar hadisəsi baş verib. Əvvəllər intihar edənlər arasında kişilər çoxluq təşkil edirdisə, son illərdə bura qadınlar və uşaqlar da daxil olub. Bəs qadının intihar etmə səbəbi nə ola bilər? Bunun arxasında sosial, yoxsa ailə problemləri dayanır?
Qadını ipə aparan səbəb-psixoloqdan ilginc açıqlamalar
Psixoloq Vəfa Rəşidova qadınların intiharının ağır depressiyadan irəli gəldiyini dedi: “Ciddi psixoloji narahatçılığı olan, ağır depressiya yaşayan insanlar daha çox intihara əl atır. Qadınların intiharı ağır depressiyadan irəli gəlir. Depressiyanın sonuncu mərhələsi intihardır. İnsanlar depressiyanı zarafata salıb. ”Depressiyadayam bir ağlayım, depressiyadayam keçib gedəcək” kimi sözlər eşidirik. Bu yanlışdır. Depressiya sadə bir psixoloji sarsıntı deyil. Depressiyanın sonu intihardır. Bu birmənalıdır. Biz araşdırmalarımızda da görürük ki, bəzən səbəbi məlum olmayan ölüm hadisələri olur. Əgər bir insan intihara əl atıbsa, deməli, burada bir məna var. Psixoloji narahatçılığı olmayan insan istəyir 1 milyon borcu olsun, istərsə də ailədə problemləri olsun, intihara əl atmaz. Qadınlarda intiharı yaradan səbəblər nədir? Qadınlarımız ailədə basqı altında olur. Bizdə belə düşüncələr var ki, qadın itaətkar olmalıdır, qadın ərinin dediyini etməlidir. Böyük ailələrdə yaşayan qadınları götürsək görərik ki, orada bir az aşağılanmalar çox olur. Həyat yoldaşı ilə müəyyən problemlər yaşayır, xəyanətlə üzləşirlər. Yəni ailə problemləri də burada böyük rol oynayır. Amma yenə də səbəb bu deyil. İntihar halı bəzən genetikadan qaynaqlanır. Г‡ox zaman insanlar bunu diqqətdən yayındırır ki, intiharın bir növü də genetik intihardır. İntihara gətirən yol, başlanğıc xanımın özünə inamsızlığı, özünü dəyərləndirməməsindən başlayır. Bu təbii ki, ailədən də qaynaqlanır. Bir qadının özünə, şəxsiyyətinə dəyəri itir və depressiyaya düşür. Bəzən hansısa qadın haqqında deyirlər ki, xarakteri tünddür, qaraqabaqdır, çəkilir otağına ağlayır və s. O qadının xarakteri qaraqabaq deyil, sadəcə olaraq, depressiyadadır, yaxınları isə bunu görmür. Г‡ünki maarifləndirmə yoxdur. Biz, sadəcə olaraq, bunun simptomlarını bilsək, yaxınlarımıza kömək etmiş olarıq. Depressiya insanın canına hücum edir, amma həmən öldürmür. Sanki insanın canını asta-asta alır və birdən püskürəndə insan da intihara əl atır. İnsan durduğu yerdə heç vaxt intihar etmir. Amma bunun adını pulsuzluq, sosial problem qoymayaq. Bunun adı belə olmamalıdır. Bəzən intihar edən adam məktub yazır ki, filan banka bu qədər borcum vardı, intihar etdim. Bu belə deyil. Sadəcə, bu intihara bir təkandır. İntihar edən insanın ağlında bu olur, pulsuzluq isə intiharın sadəcə adı olur. Axı xanımın özü də bilmir ki, o depressiyadadır. İnsan özü özünə də kömək etmir. Ailə üzvlərindən kiminsə ürəyi ağrıyanda narahat olub onu həkimə aparırsan. Amma insanlar var ki, həmin o ağrıyla yaşayır, depressiya ilə bir ömür sürüb rəhmətə gedən insanlar olur”.
Psixoloq bildirdi ki, insan depressiyadan qaçmaq üçün müdafiə mexanizmindən istifadə etməlidir: “Elə insanlar var ki, onlarda müdafiə mexanizmi güclüdür, elə insanlar da var ki, zəif. Müdafiə mexanizmi olan insanlar müqavimət göstərib depressiyadan tez çıxa bilir. Amma bir az usanan insanlar depressiyadan çətinliklə çıxırlar. Ümumiyyətlə, xarakterli insanlar depressiyaya az düşürlər. Amma daha çox başqalarının uğuruna diqqət edən, başqalarının həyat tərzini izləyən insanlar öz həyatlarını unudurlar. Mən qəbul edə bilərəm ki, balaca evdə yaşayıram, amma o biri qadın villada yaşayır. Məndən çox çalışıb bunu bacarıb. Amma elə insan da var ki, bunu qəbul etmir, deyir ki, niyə mənim yoxdur. Reallıqla barışa bilmir. Bu tip insanlar depressiyadan gec çıxır. Amma insanlar özünə təlqin etsə ki, mən reallıqla üz-üzə qalmalıyam, özümü xəyallar aləminə qapatmamalıyam, o zaman depressiyadan tez çıxa bilir. Depressiyada olan insanlar bu vəziyyətdən tək çıxa bilmirlər. Ətrafımızdakı insanlar nə dərəcədə bizə düzgün istiqamət verirlər?! Onlar bizə yaxşılıq etmək niyyəti ilə elə söz deyə bilərlər ki, doğrudan da bu onun ziyanına ola bilər. Ətrafdakı insanlarla, düzgün insanlarla ünsiyyətə girmək insanı depressiyadan çıxarda bilər. İntihara cəhd edib xilas olan qadınları danışdırsaq görərik ki, onların hamısı ”çox peşmanam”, “yaxşı ki, mənim intiharım baş tutmadı” sözünü deyir. İntihar ani bir haldır. İntihar edən qadın hər şeydən yorulmuş bir qadın olur və çıxış yolunu ölümdə görür. Amma bilir ki, bu çıxış yolu deyil. “Mən bezmişəm”, “Bir gün çıxıb gedəcəm” siqnalları verməklə o qadın yaxınlarından imdad istəyir. O imdadı görməyəndə isə intihara cəhd edir”.
Günel Manaflı,
musavat.com

Redaksiyadan: Bu yazını təsadüfi, material naminə dərc etmədik, mövzunun vacibliyi bizi buna vadar etdi. Oxuyaq və ətrafımıza qarşı diqqətli olaq. Diqqətli olaq ki, sabah hansısa bir halda peşiman qalmayaq. Oxucularımızın nəzərinə onu da çatdırırıq ki, yazıda təsvir olunan hallarla üzləşdikdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (Rayon Təhsil Şöbəsinin binası, I mərtəbə, 106-cı otaq, tel: 2851046, 28 514 46) psixoloquna müraciət edə bilərlər.

Şərh Yaz