Millətin milliliyini saxlayan onun dilidir

21 fevral Beynəlxalq Ana dili Günüdür. Uzun illər yetişən nəslə Azərbaycan dilini tədris edən Əməkdar müəllim Mirvari Musayevanın bu əlamətdar günlə bağlı fikirlərini öyrənmək məqsədi ilə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində olduq. Müəllimlə söhbətimizin xülasəsini oxucularımıza təqdim edirik.
– Dil ünsiyyət vasitəsi olmaqla, ona sahib duran xalqın kimliyi və tarixi sərvətidir. Bu fikirlərə nələri əlavə edərdiniz?
– Hər bir xalqın dili onun üçün çox dəyərlidir. Hər bir dilin də özünəməxsus özəllik və gözəllikləri var. Bizim üçün Azərbaycan dilini əvəz edəcək bir dil yoxdur.
Millətin milliliyini saxlayan onun dilidir
Ümummilli lider Heydər Əliyevin məşhur bir fikri var: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir”.
Ana dilimizin inkişafında bu dahi insanın xidmətləri danılmazdır. Hələ sovet dönəmində diktə və təzyiqlərə baxmayaraq, Azərbaycan dilinin respublikamızda dövlət dilinə çevrilməsinə böyük xidmətlər göstərmiş Heydər Əliyev dövlət müstəqilliyi qazanıldıqdan sonra da bu dilin tədqiqi ilə bağlı müxtəlif tədbirlər keçirmiş, bir neçə dövlət sənədi imzalamışdır. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanın böyük rolu oldu. Fərmanda qeyd olunduğu kimi, Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişməsi üçün hər bir xalqdan bir neçə minilliyi yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır.
Bu gün müstəqil dövlətimizin dili dövlət tərəfindən, onun rəhbərliyi tərəfindən böyük qayğı ilə əhatə olunub. Müstəqilliyimizə qədər ana dilimiz uzun inkişaf yolu keçmişdir.
Dilin təşəkkülü bir çox proseslərdən keçir. Danışıq və yazı şəklində işlətdiyimiz Azərbaycan dilinin də inkişaf yolu çox mürəkkəb, enişli-yoxuşlu olub. Buna baxmayaraq müxtəlif dillərin təsirinə, hegemon dövlətlərin təzyiqinə məruz qalan ana dilimizi qoruyub saxlaya bilmişik. Ana laylası ilə qanımıza hopan bir dilin qorunmasında Azərbaycanın aydın fikirli, duyğulu, düşüncəli insanların böyük rolu olmuşdur.
Hələ eramızın IV-V əsrlərində türk tayfalarının Oğuz qrupuna məxsus olan bu dildən xalq ünsiyyət vasitəsi kimi istifadə etmişdir. Sonralar danışıq dili əsnasında formalaşan yazı dilində orta əsrlərin ən parlaq simaları yazıb-yaratmışlar. Hələ XII əsrdə, Azərbaycan dilinin yasaqlandığı bir zamanda N.Gəncəviyə Azərbaycan hökmdarı Qızıl Arslan fars dilində “Leyli və Məcnun” əsərini yazmağı əmr edir. Dahi şair bu əmrdən boyun qaçıra bilməsə də:
“Qan vurdu beynimə, əsdi dodağım,
Qulluq halqasına keçdi boğazım”
beyti ilə düşdüyü vəziyyəti anlada bilmişdi. Boğazı “qulluq halqasına” keçən cəfakeş vətən oğulları əsrlər boyu əməli, sözü, yaradıcılıqları ilə ana dilimizin qorunub saxlanılmasında, inkişafında öz sözlərini demişlər.
– Bu şərəfli iş təkcə şair və yazıçılarının boynuna düşürmü?
– Yuxarıda qeyd etdiyim kimi, indi bu dilin müstəqil dövlətimiz, güclü Prezidentimiz kimi qarantları var. Lakin bu dilin şirinliyini, doğmalığını, zənginliyini saxlamaq vəzifəsi uşaq tərbiyə edən hər bir ananın, savadından asılı olmayaraq sıravi insanlardan tutmuş alimlərə qədər hər bir vətəndaşın borcudur.
– Bəs bu dilin tədrisini öhdəsinə götürmüş müəllimlər?
– Ana dilimizin tarixini, qrammatikasını, orfoqrafiyasını, incə çalarlarını, lüğət tərkibini öyrətmək vəzifəsini çiyinlərinə alan hər bir müəllim öz məsuliyyətini dərk etməlidir. Bu müqəddəs sərvətin qorunması, zənginləşdirilməsi baxımından Azərbaycan dili müəlliminin üzərinə düşən yükün çəkisi daha ağırdır. Bu yükü daşımaq üçün hər şeydən qabaq müəllimdə ana dilinə güclü məhəbbət və bu məhəbbəti qarşısındakı şagirdə hopdurmaq bacarığı olmalıdır. Bunun üçün müəllimin çox savadlı olması, fənnini dərindən bilməsi, həmçinin nitqinin səlis və rəvan, söz ehtiyatı zəngin olması vacib şərtlərdəndir. Bu halda həm ana dilinin tədrisi keyfiyyətli olar, həm də böyüməkdə olan nəslin ana dilinə məhəbbəti arzu olunan şəkildə formalaşar.
– Amma etiraf etməliyik ki, bu sahədə əyintilər də az deyil. Fikrinizcə, nələrdən qaçmalıyıq?
– Haqlısınız. Əfsus ki, yalnız yaxşı düşünməklə hər şey yaxşı olmur. Bəzən nitqi qüsurlu, danışıq tərzi qeyri-mükəmməl, dilçilik elmini, Azərbaycan dilinin tarixini, inkişaf mərhələlərini yetərincə bilməyən müəllim çox məmnunluqla Azərbaycan dilini tədris edir. Hətta repetitorluq edir. Şablon test tapşırıqları, dönə-dönə əzbərlənən qaydalar, hər il təkrarlanan ənənəvi dərslər…
Bütün bunlarla işlərini bitmiş hesab edən bəzi iddialı müəllimlər dilimiz naminə çox iş gördüyünü sübut etməyə çalışırlar. Bir müqayisə aparaq. Bəzən valideyn uşaq tərbiyə edərkən müdrik insanların fikirlərindən, müxtəlif əsərlərin qəhrəmanlarından, tərbiyəli uşaqların nümunələrindən yetərincə istifadə etdiyi halda, nümayiş etdirdiyi xarakteri, hərəkət və danışığını, ailə ilə münasibətini unudur. Dilə xidmətdə də məsələ belədir. Pafoslu sözlərin rəngarəng ifadələrin, şair və yazıçıların, dilçi alimlərin gözəl fikirlərinin vasitəsi ilə yaranan inşalar, bədii çıxışlar bəyəniləndir. Bunlarla bərabər dilimizdəki hər sözün vurğusunu, tələffüzünü öyrətmək, dilimizdə özünə yer alan əcnəbi sözlərin ana dilində qarşılığını tapmaq, mənasını izah etmək də vacibdir.
Müəllimin qüsurlu nitqi və buna laqeyd münasibəti dil üçün çox təhlükəlidir. Ümumiyyətlə, müəllim cəmiyyətin işıqlı təbəqəsidir. Cəmiyyətin saf, ziyalı olması bu təbəqənin saçdığı işıqdan asılıdır. Hansı fənni tədris etməsinə baxmayaraq hər bir müəllim hərəkəti, savadı, nitqi ilə nümunə olmalıdır. Fərəhlə qeyd edə bilərəm ki, İsmayıllı məktəblərində bu xüsusiyyətləri ilə fərqlənən müəllimlərimiz çoxdur.
– Azərbaycan dilinə bugünkü münasibət bizi qane edə bilərmi?
– Statistikaya görə dünyada irili-xırdalı 6000 dil var. Bunlardan bir çoxu artıq məhv olub. 3000-ə qədər dilin isə məhv olmaq təhlükəsi var. Yaxşı ki, göstərilən sayda Azərbaycan dili yoxdur. Bunun səbəbini söhbətimizin əvvəlində vurğulamışıq. Lakin dilimizə qarşı biganəlik özünü indi daha çox büruzə verir. Bir tərəfdən əcnəbi dillərə meyilliyik, bir tərəfdən dilimizə hopmuş yad sözlərin və ifadələrin gen-bol istifadə olunması, bu sahədə ictimai qınağın olmaması, Azərbaycan dili tədqiqatçılarının susqunluğu təəssüf doğurur.
Xarici dilləri öyrənmək çox yaxşıdır. Lakin Azərbaycan dilində danışarkən, nitqimizə əcnəbi sözləri yamamaq nə dərəcə düzgündür? Və yaxud, illərdən bəri dilimizə daxil olan nə qədər söz var ki, ana dilimizdə tərcüməsi ola-ola işlətmirik. Xüsusi ilə dövrü mətbuatda, radio-televiziyada bu çatışmazlıqlar baş alıb gedir. 1-2 il bundan qabaq televiziyanın və ya radionun qonaqlarından birinin nitqində dilimizdən kənar söz işlədəndə aparıcı irad tutur, səhvini düzəldirdi. İndi elə aparıcılar özləri dil qaydalarını kobud şəkildə pozur, gülünc ifadələr işlədirlər.
Bu yaxınlarda dərs dediyim sinfin şagirdləri məktəbin “Kiçik akademiya”sı çərçivəsində bir layihə üzərində işləyirdilər. Layihənin şərtlərinə əsasən, şagirdlər müxtəlif telekanallarda aparıcıların, tanınmış simaların nitqinin monitorinqini keçirirdilər. 15 gün ərzində onlar 200-ə qədər sözün siyahısını hazırladılar. Həmçinin bu sözlərin hansı kanalda, nə vaxt hansı verilişdə, kim tərəfindən işlədildiyini də müəyyənləşdirdilər. Qəribə mənzərə ilə üzləşdik. Hətta, uşaqlar çox tanınmış aparıcıların belə nitqinə və hərəkətlərinə irad tutdular ki, niyə onlar özlərini əcnəbi aparıcılar kimi aparır, işlətdikləri cümlələrdə söz sırasına, orfoepiya qaydalarına əməl etmirlər.
Hələ vulqar sözlər, ifadələr, pozulmuş etik normalar. Məşhur telekanala dəvət olunan bir qonaq hünərlə deyir ki, hər hansı sözü, vulqar ifadəni işlətmək mənim üçün problem deyil. Г‡ünki, məndə hər şey alınır, tamaşaçı qəbul edir və alqışlayır. Özündən razılıq bu qədərmi olar? Dili, danışığı, nitqi, korlamaq bacarığı ilə beləmi öyünərlər?
Dilimizi gözəl sözlərə öyrətsək, özümüzü qınaqdan qorumuş olarıq. Öyrənilən əbədidir, qalasıdır, yaşayandır. Hər birimiz dilimizə saflıq, təmizlik bəxş etməli, dilimizi gözəl sözlərə öyrətməliyik.
Bir dəfə şagirdlərimdən biri gileyləndi ki, niyə “rajok” və “pılesos” dediyim üçün mənə irad tutursunuz. Axı bu sözləri buyurduğunuz – dabankeş və tozsoran kimi tələffüz edəndə evdəkilər, dostlarım mənə gülür, lağa qoyurlar.
Qəribə deyilmi? Dünya dillərinin ən mükəmməllərindən olan dövlət dilimizin inkişafı üçün zəruri ictimai, siyasi, mədəni şərait yarandığı bir zamanda belə münasibətə nə ad vermək olar?
– Bir təcrübəli dil müəllimi olaraq çatışmazlıqları aradan qaldırmaq üçün nə edirsiniz?
– Artıq 44-cü ildir ki, təhsil aldığım məktəbdə şagirdlərə Azərbaycan dilini öyrədirəm. Məktəbimizdə 15 nəfər müəllim bu fənni tədris edir. Dərs dediyimiz şagirdlər ali və orta ixtisas məktəblərinə qəbul zamanı bu fəndən yüksək bilik nümayiş etdirirlər. Göstəricilərimiz respublika göstəricilərini üstələyir. Şagirdlərimiz yarışlarda, müsabiqələrdə, olimpiadalarda fərqli bilik nümayiş etdirsələr də, bununla işimizi bitmiş hesab etmirik. Ana dilimiz olan Azərbaycan dili o fənlərdən deyil ki, təhsili başa vurmağa 2 il qalmış öyrənməyə başlayasan, test imtahanlarında yüksək bal toplayıb universitetlərə qəbul olunasan. Bu fənn ali məktəblərə qəbul üçün deyil. Yetişən nəslə bu fənni öyrətməklə ana dilinin şirinliyini, doğmalığını öyrətmək lazımdır. Anlatmaq lazımdır ki, bu fənn sənin ana dilini öyrədir.
Məktəbdə 25 il Azərbaycan dili və ədəbiyyatı fənn birləşməsinin, 13 il “Dayaq məntəqəsi”nin rəhbəri kimi, ictimai vəzifədə çalışmışam. Bu illər ərzində Ana dili ilə bağlı çoxsaylı tədbirlərimiz olub. 9 il ardıcıl olaraq 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə məktəbdə “Ana dili” həftəsi keçirmişik. Bu tədbir çərçivəsində nümunəvi dərslər, ədəbi kompozisiyalar, inşa yazı, şeir, bədii qiraət müsabiqələri stend və albomlar, video-çarxlar, Azərbaycan dilinin fədailərinə həsr olunmuş məlumatların təqdimatları nümayiş etdirilib. Bu işi elə təşkil etmişik ki, məktəbin bütün Azərbaycan dili müəllimlərinin və şagirdlərin burada xidməti olsun. Belə tədbirlərimizdə həmişə Rayon Təhsil Şöbəsindən, ətraf məktəblərdən dəvət olunan qonaqlar da iştirak edib. Hətta bir neçə dəfə bu məqsədlə məktəbimizdə elmi-praktik konfrans da keçirilib.
– Respublikamızda 1 Avqust – Ana dili və Əlifba günü kimi qeyd olunur. Doğma dilin vətənpərvərlik ruhu, vətəndaşlıq hissi aşılaması bu gün arzuladığımız səviyyədədirmi?
– Əlbəttə, 1 avqust bizim müstəqil respublikamızın tarixi günlərindən biridir. Təqvimimizdə bünövrəsi müstəqilliyimizdən sonra qoyulan belə günlər az deyil. Onların hər birindən müstəqilliyimizin gücü duyulur, ətri gəlir.
21 fevral isə Beynəlxalq Ana dili Günüdür. Məlum olduğu kimi, 1952-ci ildə Banqladeşdə benqal dilinin dövlət dili elan olunması üçün nümayiş edən xalq istədiyinə nail olmadığını gördükdə 9 nəfər etiraz əlaməti olaraq intihar edib. Doğma dili uğrunda bu fədakarlığı bacarmaq qəhrəmanlıqdır. Г‡ünki, hər bir xalqın dili xalqın dövlət kimi formalaşmasında, inkişaf edib zənginləşməsində böyük rol oynayan amillərdəndir.
2001-ci ildən 21 fevral beynəlxalq aləmdə YUNESCO-nun qərarı ilə “Ana dili Günü” kimi qeyd olunur. Dilin qorunması, inkişaf etdirilib beynəlxalq səviyyədə tanınması isə hər kəsin vətəndaşlıq borcudur.
– Müsahibəyə görə təşəkkürümüzü bildiririk.
– Siz də çox sağ olun.
Müsahibəni qələmə aldı:
Şahməmməd Soltanov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz