İsmayıllı rayonu ümumtəhsil məktəbləri əlaçı şagirdlərinin I rayon Forumu

Dəyərli ənənələri olan İsmayıllı təhsili nailiyyətlərini ardıcıl olaraq artırır. Təkcə 2016-cı ilin qəbul rəqəmləri deyilən fikri sübut edir. Test imtahanlarından uğurla keçən 300 nəfərdən çox məzun universitetlərə qəbul olunub. Onlardan 28 nəfər 600-dən yuxarı bal toplayıb. Şəhər 5 nömrəli tam orta məktəbinin məzunu Ağalətif Lətifov 700 bal zirvəsinə çatıb. İsmayıllı rayonu ümumtəhsil məktəbləri əlaçı şagirdlərinin I rayon Forumu . Qəbul imtahanlarında yüksək nəticələr qazanan yeni tələbələrin şəninə hər il “Təhsil bayramı” keçirilir. Rayonun 22 məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibdir, “Ən yaxşı müəllim” müsabiqəsində bu şərəfli ada çatanlar 26 nəfərdir. 12 nəfər Əməkdar müəllim həyat yollarında şagirdlərə bələdçilik edir.
Son illərin ən yüksək təhsil nailiyyəti kimi İsmayıllıda Dövlət Humanitar və Texnologiya Kolleci və müasirliyi ilə seçilən, gənclərin maraq dairəsində olan Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bütün bunlar və yeni tikilən məktəb binaları imkan verir ki, təlimin təşkili yüksək nəticələr versin.
Bu nəticələri artırmaq və şagirdləri müstəqil həyata hərtərəfli hazırlamaq məqsədi ilə 2 fevral 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Təhsil Şöbəsi ilə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında “Azərbaycan gəncləri günü” çərçivəsində “Əlaçı şagirdlərin birinci rayon forumu” keçirilib. Forumun devizi belə olub: “Təhsil əlaçılığından həyat əlaçılığına”. Foruma 2025 nəfər əlaçı şagirdi təmsil edən 200 nəfər yuxarı siniflərin əlaçıları dəvət olunub.
Tədbir başlamazdan əvvəl bir qrup gənc ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Forumun keçirildiyi Mədəniyyət mərkəzinin foyesində təhsil, idman və yaradıcılıq sahələrində, intelektual oyunlarda, bilik yarışlarında qazanılan nailiyyətlərin əksi olan sərgiyə baxış keçirilib.
Forumun başlanğıcında əlaçılıq, ona çatmaq yollarında müəllim əməyinin səmərəli təşkilindən, təhsil əlaçılığının həyat əlaçılığına keçid imkanlarından Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov ətraflı danışıb.
Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarovanın çıxışı 2 Fevral – Gənclər Gününə həsr olunub. Dövlət gənclər siyasətinin uğurla həyata keçməsi barədə danışan baş məsləhətçi gəncləri bayram münasibətilə təbrik edib.
Əlaçı şagirdlərdən Nərgiz Rüstəmli, Şəbnəm Soltanlı, BDU-nun filologiya fakültəsinin 2-ci kurs tələbəsi Afaq Sabirli, gənc müəllim Nərmin Baxışlı, şimal zonasına keçirilən tur-aksiya zamanı 60 komanda arasında keçirilən bilik yarışında birinci yer tutan İsmayıllı komandasının üzvü Murad Ağazadə, “Kiçik akademiya” üzvləri təhsil əlaçısı olmaq yollarından maraqla danışıblar.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov bu tipli məktəblərə əlaçı şagirdlərin marağının artmasından, həyatda öz layiq olduğu yerini tutmaqda gənclərin peşə hazırlığının əhəmiyyətindən bəhs edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun çıxışı Forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. O, əvvəlcə Azərbaycan gəncləri günü münasibətilə iştirakçıları təbrik edib, sonra isə məktəb illərindən başlamış professorluğa qədərki keçdiyi yol təcrübəsindən danışıb. Əlaçılıq hərakatının əsil vətəndaş kimi yetişməkdə misilsiz əhəmiyyət daşıdığını qeyd edib. Əlaçı şagirdlərə təhsildə uğurlar arzulayıb.
Rayon Təhsil Şöbəsi ilə rayon Gənclər və İdman İdarəsi nəzdində daimi fəaliyət göstərəcək “Əlaçılar şurası” yaradılıb. Forum iştirakçıları Respublika məktəblilərinə müraciət qəbul ediblər.
Azər Bədəlov

Şərh Yaz