Cehizimiz kitab olsun

Bəşər düşüncəsinin dəyərli kəşfi olan kitabı oxumaq – zənginləşmək, inkişaf etmək, təmizlənmək, özünü və bütün kainatı bir daha dərk etməkdir. Oxumaq – insanı zehni, fiziki və ruhi baxımdan inkişafa istiqamətləndirir. İstər kitab, istərsə də qəzet – oxunan hər şey, oxucusuna nəyisə öyrədir, onun məlumat bazasını genişləndirir, həyatın görünməyən tərəflərini işıqlandırır. Daxili dinclik, ruhi rahatlıq tapmağın yollarından biri də kitab oxumaqdır.
Cehizimiz kitab olsun
Həyatda əksər çətinliklər, kədər, dərd doğuran problemlər oxumamaqdan, mütaliəsizlikdən qazanılan cahillikdən irəli gəlir. Həyatda xoşbəxt və özün olmaq üçün, cəmiyyətə faydan dəysin deyə, biliyə və dünyagörüşünə sahib olmaq üçün kitab oxumağın vacibliyini hər kəs bilməli və bu əhəmiyyətli işə vaxt ayırmağı bacarmalıdır.
Mütaliəni çox sevirəm. Kitablar uşaqlıqdan ən sadiq dostlarımdır. Kitab oxuyarkən aldığım zövq fərqli bir aləmdir. Sıxıntılı anlarımda üzümü onlara tuturam. Kitab oxuduqda rahatlıq tapıram. Dünya nura boyanır gözümdə. Sanki, bütün sıxıntılarımı kitablar özünə hopdurur. Evimizdə ən gözəl yeri də kitablarıma ayırmışam…
Bu qədər dəyərlidir kitablar mənim üçün. Kompyuter və ya elektron şəbəkələrdən əldə olunan bilgilər kitabın verdiyi bilik və quğunu əvəzləyə bilməz. Kitablardakı məlumatlar reallıqdır. Kitablarla bağlı hər kəsin öz zövqü, öz fikri var. Mən daha çox reallığa yaxın, fantastikadan uzaq, dedektiv, vətənpərvər, fəlsəfi, eyni zamanda düşündürücü kitablara üstünlük verirəm.
Kitab – tarixdir, dünənimiz, bu günümüz, bizi səsləyən ağıllı sabahımızdır. Dahilər kitabı gələcək nəsillərə ən dəyərli miras adlandıranda nə qədər haqlı olublar. Əsrlərdən əsrlərə bütün dəyərlər kitab vasitəsi ilə gələcək nəsillərə ötürülüb. Kitab nəsillər və əsrlərarası etibarlı körpüdür. Bu həyat, elm və zəka körpüsünü keçənlər qarşı sahildə xışbəxt gələcəkləri ilə üzləşirlər. Nədənsə düşünürəm ki, qadınlar kişilərə nisbətən daha çox kitab oxuyurlar. Qadınların, ana və bacılarımızın daha çox kitab oxuması ailələrin və onların gələcək övladların savadlanmasına yol açır.
Haci Zeynalabdin Tağıyev deyirdi: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanırsan”. Qızıl sözlərdir. Müşahidələr göstərir ki, qadın savadlı olduqda həmin ailənin uşaqları da yüksək bilik qazana bilirlər. Cəmiyyət üçün dəyərli şəxslərə çevrilə biləcək gənclərin tərbiyə olunması üçün məktəblə yanaşı ailənin rolu danılmazdır. Bəşəriyyətin xilas yolu elm və təhsildir. İstənilən cəmiyyəti məhv edən elmsizlikdir, savadsızlıqdır. Kitab isə bilik mənbəyidir.
İstərdim ki, şagirdlərimiz orta məktəb həyatı ilə vidalaşanda onların yerini tutan birincilərə müxtəlif bahalı hədiyyələr əvəzinə kitablar hədiyyə etsinlər. Eləcə də, 8 Mart – Beynəlxalq Qadınlar Günü, 2 Fevral – Gənclər Günü və s. əlamətdar günlərdə biri-birinə bağışlayacağımız ən qiymətli hədiyyə kitab olsun. Ailə quran xanımlar cehiz seçərkən yalnız bahalı qablar, mebellər haqqında düşünməsinlər. Vacib ev əşyaları ilə yanaşı seçdikləri mebellərə uyğun kitab şkafı barəsində də düşünsünlər. Yeni ailəyə köçəndə hansı kitabları özləri ilə götürəcəklərini fikirləşsinlər. Kitablara bu şəkildə üstünlük versək, cəmiyyətdə savadlı, hərtərəfli dünyagörüşünə malik gənclərin yetişməsinə, bununla müstəqil Azərbaycanımızın daha da inkişaf etməsinə nail olarıq.
Sonda bir daha qeyd edim ki, dərin düşüncəyə malik qızlar üçün ən böyük cehiz kitabdır. İstərdim ki, toy öncəsi onlara qiymətli daş-qaşların əvəzində dəyərli cehiz kimi sönməz ocağı xatırladan kitablar təqdim olunsun. Hər zaman canlı, öyrədən, insanı özünə, insanlığa qaytaran nurlu, sehirli ziya lampası kimi.
Türanə Əzizova,
İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi

Şərh Yaz