Vətən sənə oğul dedi

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
(Məmməd Araz)
Ordumuzun sıralarında Yaşar kimi xidmət edən gənclərə həsəd aparıram. Г‡ünki yaşlı nəslin nümayəndələrindən fərqli olaraq Yaşar və yaşıdları müstəqil Azərbaycana xidmət edirlər. Onlar üçün Vətən anlayışı nisbi deyil.
Vətən sənə oğul dedi
Vətən sənə oğul dedi
İndi qürur duyuruq ki, müasir gəncliyimizə doğma ordumuzun sıralarında xidmət etmək nəsib olub. Müstəqil ölkənin vətəndaşı olmaq böyük səadət olduğu kimi, vətənin keşiyində durmaq, onun hər qarış torpağını göz bəbəyi kimi qorumaq da şərəfli və məsuliyyətli vəzifədir. Vətən müqəddəsdir. Bu müqəddəsliyi Yaşar kimi qəhrəman və igid oğullar qoruyur.
Ölkəmizdə minlərlə gənc işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın – İlham Əliyevin əmirini gözləyir. Azərbaycan ordusunda xidmət hər bir gəncimiz üçün fəxr və qürur hissidir. Г‡ünki hərbiçinin mətinliyi Vətənə, xalqa sevgidən, torpağa məhəbbətdən yoğurulur. Xalqın qəhrəmanı olmaq böyük xoşbəxtlikdir. Belə xoşbəxtlik qeyrətli, cəsarətli oğullara qismət olur. ”Kişinin ayağı altında azad Vətən torpağı olmalı, başı üzərində istiqlal bayrağı dalğalanmalıdır” – deyən böyük inqilabçı Şeyx Məhəmməd Xiyabaninin bu fikri bizi daim qəhrəmanlığa səsləyir.
Yaşar Təvəkkül oğlu Ağayev 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıqla döyüşən yüzlərlə Vətən övladından biridir. Neçə düşməni məhv edən gizir Y.Ağayev işlədiyim məktəbin məzunudur.
Yaşar aprel döyüşlərində ağır yaralandığı üçün Mərkəzi Hərbi Hospitalda müalicə olunur. Onunla şagirdlərin görüşünü məktəbdə keçirmək istəyirdik. Yaşarın müalicəsi hələ də davam etdiyinə görə onunla hospitalda görüşmək qərarına gəldik.
Fikrimizi İsmayıllı Təhsil Şöbəsinə, birinci Qarabağ müharibəsinin veteranı, RTŞ-nin çağrışaqədərki hazırlıq fənni üzrə metodisti İlham Vahabova bildirdik. Bu qərara gəldik ki, elə Yaşarın sinif rəhbəri olmuş Şayəstə Abdulovanın sinfini, “Şahin” və “Gənc xilasedənlər” komandalarının üzvləri ilə səfərə çıxaq. Digər şagirdlərə isə görüşlə bağlı düşüncə və arzularını məktub şəklində yazmağı təklif etdik. Şagirdlər yüzə qədər məktub yazdılar. Ən məzmunlu məktubun seçimi Yaşardan xahiş olundu. Qəhrəmanımız seçimini məktəbin XI sinif şagirdi Aytac Həsənovanın “Əsgərə məktub” müsabiqəsi üçün yazdığı yazıda saxladı. Biz Aytacı bu uğuruna görə mükafatlandırdıq da.
Г‡ətin hava şəraitinə baxmayaraq İlham Vahabov, Şayəstə Abdulova və 25 şagirddən ibarət qrup təşkil olundu. Yaşarın valideynlərinə görüş barədə məlumat verildiyindən onlar da görüşə bizimlə bərabər getmək istədiklərini bildirdilər.
Yanvar ayının 28-i idi. Hava şəraiti ilə əlaqədar görüşü başqa günə keçirmək istədik. Amma şagird və valideynlərin görüş istəyi ilə Bakıya, qəhrəmanımızla görüşə yollandıq. Bəxtimizə təcrübəli sürücü düşmüşdü. Yolların qar və buz olması heç kəsi qorxutmadı. Hospitala çatandan sonra məlum oldu ki, daxili qaydalara görə burada qrup şəklində içəri keçməyə, şəkil, video çəkilişə icazə verilmir. Bu da təbii və anlaşılandır.
Müdafiə Nazirliyindən xüsusi icazə alındıqdan sonra şagirdlər iki-iki igid, cəsur, dəyanətli vətən oğlu Yaşar Ağayevlə görüşdülər. Görüş çox səmimi, qürurverici və yaddaqalan oldu. Axı şagirdlər qəhrəmanları ancaq kitablardan oxuyub filmlərdə görmüşdülər. Bu isə fərqli bir görüş idi.
Mən məzunu olduğu şəhər 6 nömrəli tam orta məktəbi, şagirdlər və nailiyyətlərimiz barədə Yaşara, onun döyüş –“ palata yoldsşlarına məlumat verdim. Şagirdlər Yaşar kimi cəsur döyüşçülərlə fəxr etdiklərini bildirdilər, ona və digər yaralı əsgərlərimizə tezliklə sağalmalarını arzuladılar.
X sinif şagirdi Sabrina Yolçuyevanın vətənpərvərlik mövzusunda söylədiyi şeir Yaşarın çox xoşuna gəldi və ona öz təşəkkürünü bildirdi. Müşahidə etdiyim bir məqam isə heç vaxt yadımdan çıxmayacaq. Məktəb illərində Yaşarın sinif rəhbəri olmuş Şayəstə müəllimə başını Yaşarın dizinin üstünə qoymuşdu. Bu vəziyyət bir ananın övladına olan məhəbbəti, onun qəhrəmanlığı qarşısında baş əymək kimi görünürdü. Yaşarın anası Xavər xanım bu böyük məhəbbət qarşısında sanki bütün nisgilini, kədərini unutmuşdu. Onun sifətində şirin bir təbəssümünü gördüm.
Ana övladı ilə fəxr edirdi. Həmin anda düşünürdü ki, Yaşarın görüşünə gələn gənclər onun hünər işini davam edəcəklər və yağı düşməndən torpaqlarımızı azad edəcəklər.
Biz hospitala gəlib qayıtdığımız müddətdə Yaşarın atası Təvəkkül kişi bir neçə dəfə telefon əlaqəsi saxlamaqla Bakıdan salamat qayıtmağımızı gözləyirdi.
Təvəkkül ata, Xavər ana təşkil etdiyimiz görüşə görə bizə təşəkkürlər etdilər. Biz isə onlara bildirdik ki, Yaşar təkcə sizin yox, qəhrəmanlarına güvənən Vətənin övladıdır. Biz bu cür vətənpərvər, igid övlad böyütdüyünüz üçün sizə təşəkkür edirik.
Əsgər Manafov,
şəhər 6 nömrəli tam orta məktəbinin çağrışaqədərki hazırlıq fənninin müəllimi

Şərh Yaz