Yaddas kitabcasi

Kənd təsərrüfatı sahəsində xeyli dönüş olub

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qurbanəfəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib.
Hesabat yığıncağında İsmayıllı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov və 100 nəfərə yaxın kənd sakini iştirak edib.
Kənd təsərrüfatı sahəsində xeyli dönüş olub
2016-cı ildə İƏD üzrə görülən işlərin hesabatını verən nümayəndə Cavad Qarayev həm də qarşıda duran vəzifələrdən söz açıb. O bildirib ki, Qurbanəfəndi kəndi 359 təsərrüfatdan ibarətdir. Kənd sakinlərinin sayı 1146 nəfərə çatıb. Evlərin sayı isə 207-dir. Əhalinin məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Təsərrüfatlarda bəslənən iri buynuzlu heyvanların sayı 1765, xırda buynuzlu heyvanların sayı 7691, ev quşlarının sayı isə 10200 başa çatıb. Bu rəqəmlərin hər birində son ildə nəzərə çarpan dərəcədə artım olub. Rəqəmlərdən göründüyü kimi, kənd sakinləri maddi rifahlarının yüksəlməsi üçün birmənalı şəkildə faydalı əməklə məşğuldurlar. Onlar şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsulları bazarlara çıxararaq ərzaq bolluğu yaratmaqda, güzəranlarını yaxşılaşdırmaqda fəallıq göstərirlər.
2016-cı ildə ərazidə kənd təsərrüfatı sahəsində xeyli dönüş olub. Dədə-baba peşələrindən olan tütünçülüyə və baramaçılığa meyl artıb. Ötən ildə 712 kiloqram tütün, 30,5 kiloqram barama təhvil verilib. Baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 500 ədəd gər ağacı tingi əkilib.
Yola salınan ildə kənd məktəbində təhsilə göstərilən diqqət nəticəsində 13 məzundan 3 nəfəri ali məktəblərə qəbul olunub. Mütəmadi olaraq yetişən nəsildə vətənpərvərlik tərbiyə edən tədbirlər keçirilib.
Kənddə bir sıra abadlıq işləri aparılıb, kənddaxili elektrik xətləri təmir olunub.
Sosial yönümlü məsələlərə gəldikdə İƏD-in nümayəndəsi C.Qarayev heyvandarlığın inkişaf etdirilməsindəki çətinlikləri, örüşlərin olmamasını diqqətə çatdırıb. Hesabatda gənclərin kəndi tərk etməsi narahatlıq doğuran hal kimi qeyd olunub. Buna səbəb isə bələdiyyədə perspektiv inkişaf torpaqlarının olmamasıdır. Ev tikmək arzusunda olan gənclər bu səbəbdən problemlərlə üzləşirlər.
İl ərzində nümayəndəlikdə 5 nikah bağlanıb. 11 doğum və 8 ölüm halı qeydə alınıb.
Ərazidə orta məktəb, klub, 2 kitabxana, ATS və poçt şöbəsi əhalinin istifadəsindədir. Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması qanunamüvafiq aparılıb. İl ərzində İƏD-ə daxil olan 57 şifahi, 2 yazılı müraciət həllini tapıb.
Məruzə ətrafında çıxışlarda görülən işlər qənaətbəxş sayılıb və çatışmazlıqların aradan qaldırılacağına ümidvarlıq ifadə olunub.
Sonda İƏD-in nümayəndəsi C.Qarayev 2017-ci ildə qarşıda duran vəzifələrin də layiqincə yerinə yetiriləcəyini bildirib.
Fərhad Qarayev,
kənd sakini

Şərh Yaz