20 Yanvar şəhidinin dilindən

Azadlığım əlimdə, arzular pərən-pərən,
Mənəm burda can verən, torpaq üstə göyərən.
Əlim tank lüləsində, gözüm atəşə sarı,
Boyadım al qanımla önümdəki divarı!
20 Yanvar şəhidinin dilindən
Bu bir əcəl deyil ha, azadlığım, harayım,
Bu mənim qızıl taxtım, bu mənim daş sarayım.
Gəl tankınla üstümə, yoxdu əldə silahım,
Bu mənim azadlığım, bu mənim intibahım.
Ala bilməzsən onu, ruhum parçalar səni,
Vermərəm, zalım, sənə, vermərəm bu Vətəni!

“Haylar”a hay verirsən, zalımlıq libasında,
Öldürdün Larisanı sən ki, kiçik yaşında!
Gəl, zalım, gəl üstümə, sındırım inadını,
Sındırım sərt baxışla o dəmir qanadını.
Güllələdin yol keçən o gəncin nə günahı?!
Qara rəngə boyadın 20-ci sabahı.

Əl saxla, qara şeytan, qadına atma güllə,
Dikəlib daş məzardan, varam hələ səninlə.
Güclüyəm ölümümlə od saçan silahından,
Güclüyəm güc aldığın xallıbaş Allahından!
Bu küçə qan içində, o divarda yazı qan,
Sən daşnaq əlaltısı, deyilməz sənə insan!

Mənə qardaş söyləyib, yetmiş il talamısan,
İliyimi sovurub, sümüyü yalamısan.
Vətənim Azərbaycan azadlığın yolunda,
Hələ gücünü göstər, hələ güc var qolunda.
Dağılacaq bu duman, güləcək mavi göylər,
Onda şəhid nəğməsi oxuyacaq bu ellər.

Keçib ağır sınaqdan, keçib bu yoldan –“ izdən,
Tarix bir ibrət aldı silahsız gücümüzdən.
Al qanımız yol aldı günəşli Xəzərimə,
Dünyamız heyran qaldı silahsız zəfərimə!
Bir gecənin hökmünü biz tarixə yazmışıq,
Qarı düşmən önündə Şanlı zəfər çalmışıq.
Keçdi o qara yellər, ötüşdü o sərt tufan,
Azadlığa qovuşdu vətənim Azərbaycan!
Ürəyim Azərbaycan!
Murad Məhərrəmov

Şərh Yaz