Şəhiddi balası…

Şəhid Dilqəm Şirinovun anası Sürəyya xanımın timsalında bütün şəhid analarına

Düşsə də çovğuna, yağışa, qara,
Gəlir yad etməyə el hardan-hara.
Ziyarət yerinə dönən məzara
Qoyulub sinəsi, başı qanında
Şəhiddi balası bu ananın da.
Şəhiddi balası...
Gözü qapıdadır, uyur səsə də,
Tutub Haqq yolunu, getmir kəsə də.
Arzu eləməyib, istəməsə də,
Yolunu tanıyır xiyabanın da,
Şəhiddi balası bu ananın da.

Ömrü az yaşayıb gülü, çiçəyi –“
Qaradan bağlayıb şalı, örpəyi.
Düşübdü əlindən bəri-bəzəyi,
Üzünü görməyir saç hənanın da,
Şəhiddi balası bu ananın da.

Bəlaya tuş gəlib, görsə də qada,
Ölməzlik qazanıb, yetməyib bada.
Tarix dərsliyindən yamana, yada
Anası dərs verir qəhrəmanın da,
Şəhiddi balası bu ananın da.

Vətənin yolunda qıyıbdır cana,
Yayılıb sorağı, səsi hər yana.
Dünyaya mərd övlad gətirən ana
Xoşuna gəlibdir Yaradanın da,
Şəhiddir balası bu ananın da.
Tamam Nur Tağlabiyanlı

Şərh Yaz