İsmayıllıda sənaye üsulu ilə moruq yetişdiriləcək

İsmayıllı şəhərindən Bakı istiqamətinə gedən yolun alt hissəsində – Diyallı kəndi ərazisində istixana kompleksi tikilir. Amma bu, ənənəvi istixana kompleksi deyil. Burada məhsulun yetişdirilməsi üçün istilik enerjisindən də istifadə edilməyəcək.
İsmayıllıda sənaye üsulu ilə moruq yetişdiriləcək    İsmayıllı şəhərindən Bakı istiqamətinə gedən yolun alt hissəsində – Diyallı kəndi ərazisində istixana kompleksi tikilir. Amma bu, ənənəvi istixana kompleksi deyil. Burada məhsulun yetişdirilməsi üçün istilik enerjisindən də istifadə edilməyəcək.
İsmayıllıda sənaye üsulu ilə moruq yetişdiriləcək
İsmayıllı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov deyir ki, rayonun aqrar sektorunda son dövrlər əhəmiyyətli dəyişikliklər baş verir. O, istixanaların yaradılmasına başlanmasını da İsmayıllı üçün vacib amil kimi dəyərləndirdi.
Hazırda hər tərəfin qarla örtülməsinə, şaxtalı havaya baxmayaraq, istixananın tikintisində intensiv iş gedir. Tikintidə çalışanların əksəriyyəti qonşu kəndlərdən gələnlərdir. İş adamı Aqşin Ağayev uzun müddət ölkə xaricində sahibkarlıqla məşğul olub. Vətənə bu yaxınlarda dönüb. Deyir ki, dövlət səviyyəsində qeyri-neft sektoruna diqqət yetirilməsi məni də cəlb etdi. Amma elə iş qurmaq istəyirdim ki, yeni olsun. Voronejdə ali təhsil almışam. Ona görə də ali təhsilli meşə təsərrüfatı mütəxəssisi kimi moruq istehsal etməyə qərar verdim.
A.Ağayev 4,4 hektarda istixana təsərrüfatı yaradır. Bir hektarda istilik enerjisi istifadə edilməyən, sadəcə üzəri örtülməklə istifadə olunan istixanalar olacaq. Burada ancaq moruq yetişdiriləcək. Moruq həm kök, həm də şitil vasitəsilə artırılacaq. Amma şitilin gətirilməsində müəyyən çətinliklər olur. Onun yolda xarab olma riski çoxdur. Ona görə də ən uyğun variantlardan biri bitkinin kök halında gətirilməsidir. Həmin köklərin İngiltərədən alınıb gətirilməsi nəzərdə tutulub. Köklər hər ölkəyə verilmir. Odur ki, bağlanan müqaviləyə əsasən, həmin şirkətlə əməkdaşlıq edənlərin bu kökləri üçüncü tərəfə satmaq hüququ yoxdur.
Yeri gəlmişkən qeyd edək ki, moruğun dünyada təxminən 30-dan çox növü var. İsmayıllıda onun 8 növü yetişdiriləcək. Onlar fevralda ikiqat polietilenlə örtülmüş istixanalarda əkiləcək. Sonra şitillər açıq sahəyə və istixanalara köçürüləcək. İlk məhsulun dərilməsinə ilin sonundan başlanacaq.
Bu bitki Ukraynada daha geniş yayıldığı üçün A.Ağayev əsasən ukraynalı mütəxəssislərdən məsləhət aldığını və layihənin başa çatdırılmasına isə təxminən 120 min manat sərf olunacağını bildirdi.
Əli Səlimov,
“Azərbaycan” qəzeti, 17 yanvar 2017-ci il

Şərh Yaz