Əsl insan, böyük ziyalı

İnsan oxumaqla, elm öyrənməklə müxtəlif sənətə, peşəyə yiyələnə bilər, arzuladığı adı, sanı, rütbəni qazana bilər. Lakin bütün bunlar kamil insan olmaq üçün əsas ola bilməz. Kamil insan – əsl insan odur ki, o, hər zaman başqalarının da qeydinə qalsın, başqalarını da düşünsün. Böyük şairimiz B.Vahabzadənin təbirincə desək:
Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.
Əsl insan, böyük ziyalı
Əsl insan, böyük ziyalı
Haqqında söhbət açacağım insan insanlığın fövqündə dayananlardan biridir. Bu belə də olmalı idi, çünki bu insan dünyaya göz açdığı gündən valideynlərini sadə, zəhmətkeş, rəhmli, səxavətli görüb. Müdriklər deyib ki, “Səxavət sərvətdən deyil, xilqətdən yaranar”. Müdriklərimiz bir də onu da deyiblər ki: “Ot kökü üstə bitər”.
İstərdim bu kamil insanin keçdiyi ömür yolu ilə, qazandığı uğurlarla oxucuları tanış edim, onun insani keyfiyyətlərindən söz açım.
Ümummilli liderimiz Heydər Əliyev “Mən müəllimdən yüksək ad tanımıram” – demişdir. İnsan kimi kamil olan, ziyalı kimi müəllim adı daşıyan Xalid Mürşüdov 1952-ci ildə Talıstan kəndində dünyaya göz açıb. Xalid müəllim çalışqanlığı, halallığı, təvazökarlığı elə valideynlərindən görüb-götürüb.
Onun arzusu müəllim olmaq idi. Talıstan kənd orta məktəbini bitirdikdən sonra hərbi xidməti başa vurub təhsilini davam etdirməyi qərara aldı.
Qeyd edim ki, atası Həmid dayı da 1941-1945-di illərdə böyük vətən müharibəsində ağır döyüş yolu keçmişdi. Əsgəri xidmətdən sonra X.Mürşüdov Bakı şəhərində Azəridəniz Neft İnşaat Trestinin dəmir-beton məmulatı zavodunda elektrik qaynaqçısı və əmtəəşünas işlədi. Zavodda işləyə-işləyə hərbi hissənin göndərişi ilə ADU-nun axşam hazırlıq şöbəsində oxudu. 1973-cü ildə ADU-nun tarix fakültəsinə daxil oldu. Ali təhsilini başa vurub doğma rayonuna qayıtdı. Əvvəlcə Quşencə kənd orta məktəbində çalışdı. Sonra Rayon Təhsil Şöbəsinə metodist təyin olundu. 1984-cü ildə “Bilik” Cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi vəzifəsində, 1985-ci ildə 138 nömrəli İsmayıllı orta texniki peşə məktəbində direktor, 1989-cu ildə yenidən RTŞ-də metodist, şəhər 1 nömrəli orta məktəbində direktor müavini vəzifələrinə irəli çəkildi. 1995-ci ildən Talıstan kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsi ona etibar olundu. Xalid müəllim 20 ildən artıqdır ki, özünün pərvazlandığı təhsil ocağında çalışır.
Talıstan kənd tam orta məktəbi təhsildə qazandığı uğurlara görə yaxşı tanınır. Məktəb 2 dəfə “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin bu yüksək ada layiq görülməsində təhsil, təlim-tərbiyə işlərinə səriştə ilə rəhbərlik edən Əməkdar müəllim Aydın Əzizovun, pedaqoji kollektivin, şagirdlərin, məktəblə daim əlaqə saxlayan valideynlərin böyük əməyi olub. Lakin qazanılan uğurlarda Xalid müəllimin zəhməti də danılmazdır. Həlim xasiyyətə malik bu insan gənc nəslin təlim-tərbiyyəsində olduqca ciddidir. Onun bu ciddiliyindən heç kəs incimir, əksinə, irad və məsləhətlərinə hamı ehtiyac duyur. Onun gözəl insan, yaxşı müəllim olmasını həmkarlarının fikirlərindən də duymaq olar:
Aydın Əzizov – məktəbin direktoru:
– Xalid müəllimlə işləmək çox asandır. Г‡ünki o, işinə son dərəcədə məsuliyyətlə yanaşan bir insandır.
Fərzanə Xəlilova – fizika müəllimi:
– Xalid müəllim bir zamanlar çoxları üçün əlçatmaz olan yüksək ali məktəbə qəbul olanda bilinirdi ki, o gələcəkdə işlədiyi sahədə böyük uğurlar, nailiyyətlər qazanacaq.
Şəlalə İmanova – Azəbaycan dili və ədəbiyyatı müəllimi:
– Elə insanlar var ki, sahib olduqları peşənin fədaisi olurlar. Xalid müəllim də belələrindəndir. Onun tövsiyyələrinə hər zaman ehtiyacımız var.
Kollektivdə kimin Xalid müəllim haqqında rəyi soruşulsaydı, hər kəs səmimiyyətlə xoş, ürəkaçan sözlər söyləyərdi. Bu günlərdə 65 yaşı tamam olan bir müəllim üçün bundan gözəl təbrik olardımı? Elə mən də onun yubileyinə hədiyyə olaraq bu yazını yazmaq qərarına gəldim. Xalid müəllim çox təvazökar insandır, onun heç bir tərifə ehtiyacı yoxdur. O, bu illər ərzində RTŞ-dən, RİH-dən yetərincə Fəxri fərmanlar alıb.
Bu günlərdə məktəbdə onun yubileyi qeyd olundu. Rayon ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov da tədbirdə iştirak etdi. Yubliyara Fəxrı fərman, pul mükafatı təqdim olundu.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov onun rayon səviyyəsində keçirilən tədbirlərdəki savadlı çıxışlarını dinləyib Xalid müəllimə dəfələrlə təşəkkürünü bildirib.
Tanrı özü də Xalid müəllimi ağıllı, bacarıqlı həyat yoldaşı Reyhan xanımla, Xəyalə, Heyran, Xəyal kimi dəyərli övladlarla mükafatlandırıb. Qızı Xəyalə məktəbdə müəllim işləyərək onun sənət yolunu davam etdirir.
Bütün olanlar öz yerində, Tanrının verdiklərinə də şükür, insanların qiymətləndirməsi də çox yaxşıdır. Lakin mənə elə gəlir ki, Xalid müəllimin qəlbində daşıdığı insanlıq keyfiyyətləri Tanrının ona olan ən böyük mükafatıdır. Ustad şairimiz B.Vahabzadənin bu misralarında dərin düşüncə, böyük hikmət var:
Qorxuram dunyaya bir zaman gələ
İnsanlar yaşaya, insanlıq ölə.
Şair dediyi o zaman sanki yaşadığımız zamandır. İnsanların bir-birinə qarşı soyuq, biganə, laqeyd münasibətləri bunun bariz nümunəsidir. Lakin nə qədər insanlıq ölsə də dünya heç zaman yaxşılardan xali olmamışdır. Xalid müəllimdə o yaxşılardan biridir. O, bütün qanı və canı ilə elin oğlu, ölkənin vətəndaşıdır. Belə insanların aramızda olması bizi həyata bağlayır, yaşamağa ruhlandırır.
Övlada yaşamaq öyrədəndə siz,
Nə olar öyrədin yaşatmağı da.
Həmid dayı, Gülsüm xala, qəbriniz nurla dolsun. Г‡ünki siz övladınıza başqaları üçün yaşamağı və başqalarını yaşatmağı da öyrətmisiniz.
Belə bir deyim var: “Sadəlik edibdir, sadədən də sadə məni”. Xalid müəllimi də hamının gözündə uca edən onun çox sadə – uşaqla uşaq, böyüklə böyük olmasıdır. Onun keçdiyi ömür yolunu, bu yolda qazandığı uğurları başqaları qazansaydı bəlkə də qürrələnərdi, yolunu azardı. Xalid müəllim isə hər zaman sadə oldu, el-obanın xeyir-şərində ürəkdən iştirak etdi, yetişən nəslin düzgün təlim-tərbiyyə olunmasında yorulmadan, vicdanla çalışdı, ehtiyacı olanlara mənəvi, imkanı daxilində maddi dayaq oldu.
Səninlə bir kollektivdə çalışmaqdan qürur duyuruq. Kollektiv adından 65 yaşın münasibətilə səni ürəkdən təbrik edir, xeyirli ömür arzulayırıq.
Xalid müəllim, hələ yaşa. Həm ziyalı, həm də əsil insan kimi səndən yetişməkdə olan nəslin öyrənəcəyi çox şeylər var.
İradə Hüseynova,
Talıstan kənd tam orta məktəbin müəllimi

Şərh Yaz