Təhsildə inteqrasiya

Bu gün dünya yeni “inteqrasiya dalğası”nı yaşayır. “İnteqrasiya” termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlanmışdır. Zaman-zaman diferensial yanaşmalar hissələrə bölünməni, ayrılmaları tənzimlədiyi kimi, inteqrasiya prosesləri də bütövləşmələrin, tamamlanmaların nəticəsi kimi meydana çıxmışdırTəhsildə inteqrasiya   Müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. Belə olan halda, şagirdlər təlim prosesinin passiv iştirakçısı olmaq statusundan qurtulmalı, ətraf aləmin dərk edilməsində yaradıcı potensiala malik olmalıdırlar. Bu o zaman mümkün olar ki, təhsil pillələrində öyrənilən fənlər və onların əhatə etdiyi mövzular ayrı-ayrı deyil, əlaqəli, inteqrativ şəkildə tədris olunsun, digər bir tərəfdən şagirdlərin dərsliklərdə verilən materiallara yaradıcı yanaşma imkanlarını üzə çıxarsın.
Lakin müasir zamanda elmin, texnologiyaların inkişafı çox surətlə gedir. Cəmiyyət bu inkişafla balans yarada bilmədiyi üçün, məktəb qarşısında yeni tələb və məqsədlər qoyur. Bütün bu məsələlərin həllini isə təkcə məktəbdən gözləmək effektli çıxış yolu deyildir.
Bu tələb və məqsədlərin çoxluğunu onunla izah etmək olar ki, yaşadığımız müasir dünyada gedən sürətli inkişaf və informasiya bolluğu əldə olunan yeni biliklərin sürətlə köhnəlməsinə və yenidən yeni biliklərin daha sürətli, daha çevik mənimsənilməsinə səbəb olur. Bu səbəbdən şagirdlərdə əvvəlki təhsil modelində olduğu kimi bilikyönümlü təhsilə deyil, dövrün tələbinə uyğun olaraq yaradıcı, tələbyönümlü, inteqrativ təhsilə keçidə tələb artır. Məhz bu meyarları nəzərə almadan təhsilə davam etmək dünyadan və dünyada mövcud olan reallıqlardan boyun qaçırmaq, eyni zamanda geridə qalmaq deməkdir. Ona görə də bugünkü sürətli inkişafla ayaqlaşmalı olan gənc nəsil geniş çeşidli bilik daşıyıcısı yox, biliklərini yeniləşdirib yeni keyfiyyətə qaldırmağı bacaran yaradıcı təfəkkürlü bir şəxsiyyət olmalıdır. Bu, o deməkdir ki, məktəb qarşısında qoyulan məqsədə çatmaq – qarşıya çıxan məsələləri həll etmək üçün yeni texnologiya, yeni yanaşma, yeni innovasiya seçib təlimdə tətbiq edilməsi önəmli məsələ şəklini almışdır.
Ölkə qarşısında duran ən böyük vəzifələrdən biri də təhsil sisteminin köhnə şablonlardan azad edilərək müstəqilləşdirilməsi və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olunmasıdır. Müstəqil təhsil sistemini və onun səviyyəsini yüksəltmək üçün axtarışlar bizi Boloniya sisteminə yaxınlaşdırdı və bu prosesə qoşulmağın zəruriliyini ifadə etdi. Bir məsələni də unutmaq lazım deyil ki, bu prosesə qoşulmaq bizim ali təhsil sahəsində mövcud olan problemlərimizi avtomatik olaraq həll etməyəcəkdir. O, ölkə qarşısında köklü islahatlar aparılmasını və bu sahədə xeyli problemləri həll etmək kimi böyük vəzifələr qoyur. Qarşıda duran vəzifələrin çətinliyinə və mürəkkəbliyinə baxmayaraq, Azərbaycan bu istiqamətdə işlərini səylə davam etdirir. Lakin təbii olaraq, bu işdə qarşıya xeyli obyektiv və subyektiv problemlər çıxır ki, onların aradan qaldırılmasında bütün Azərbaycan cəmiyyətinin gücünü səfərbər etmək lazım gəlir. Xüsusilə, vətəndaş cəmiyyətindən gələn dəstəyə böyük ehtiyac vardır. Belə ki, yalnız dövlətin, onun müvafiq strukturlarının gücü ilə belə bir önəmli məsələni həll etmək mümkün deyildir. Təhsil hər bir vətəndaşın hər gün üzləşdiyi bir sahədir. Ölkə ictimaiyyətinin özündən gələn təşəbbüs, problemin cəmiyyət tərəfindən dərk edilməsi və dəstəklənməsi bu işin uğurunun vacib şərtidir. Elə bu səbəbdən, xüsusən də insanların maarifləndirilməsi və güclərinin səfərbər edilməsi sahəsində görülə biləcək işlər əvəzolunmazdır. Xüsusilə, bu problemlərin araşdırılması, islahatların keçirildiyi mühitin öyrənilməsi, problemlərin həllində düzgün metodların seçilməsində qeyri-hökumət təşkilatları böyük xidmət göstərə bilərlər. Son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlandırılması istiqamətində dövlətin atdığı addımlar sürətlə həyata keçirilir. Xüsusilə, 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması cəmiyyətin bu tipli çoxsaylı problemlərinin həlli yolunda vətəndaş cəmiyyətinin fəallığının artırılması üçün atılan addımlardan biridir. Bu müddət ərzində layihə çərçivəsində xeyli işlər görülmüş, kifayət qədər geniş və müxtəlif xarakterli tədqiqatlar aparılmışdır. Lakin bunlar da kifayət deyildir.
Hazırda görülməsi nəzərdə tutulan işlərdən biri Avropa təhsil sisteminin öyrənilməsi, onun innovativ yeniliklərini öz təhsilimizə tətbiq etməyimizdir. Düşünürəm ki, təhsildə inteqrasiyanın tətbiq edilməsi hələ son və kifayət deyil. Bu bizim üçün olduqca məsuliyyətli bir məsələnin həllinə nail olmağımızın tələbidir. Elə bunun üçün də təhsildə inteqrasiyaya, innovativ yeniliklərə, Avropa təhsil sisteminin üstünlüklərinə nail olmaq istəyiriksə bu yolda böyüyündən kiçiyinə, müəllimindən şagirdinə hər kəs bütün qüvvəsini və fəaliyyətini birləşdirməli, əzmlə çalışmalı, təhsilimizi və gələcək nəsillərimizi ön sıralara daşımalıdır.
Qumru Abdullayeva,
İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz