Könüllərə sevgi bəxş edən səs

Onun babası –“ Qaçaq Cümşüd atamın dayısıdır. Bu yaxınlıq, qonşu kəndlərdə yaşamamız, eləcə də yaşının yaşımdan daha az olması səbəbindən onu çoxdan və lap yaxşı tanıyıram. İsmayıllımızın dilbər güşələrindən birində, balaca bir dağ kəndində – Bağəlidə, sadə bir ailədə dünyaya göz açıb. Atası Abbas kişinin, anası Mədinə xanımın ocağında boya-başa çatıb. Valideynləri öz kəndlərində, ətrafdakı irili-xırdalı kəndlərdə məclislərdə yuxarı başa dəvət olunanlardan olublar.Könüllərə sevgi bəxş edən səs
Könüllərə sevgi bəxş edən səs
Könüllərə sevgi bəxş edən səs
Könüllərə sevgi bəxş edən səs   Anadan olduğum Pirəqanım kəndində məktəb olmadığından ibtidai təhsilimi Bağəlidəki məktəbdə almışam. Abbas kişinin evi məktəbə yaxın olan evlərdən idi. Təbiətin şıltaqlıq etdiyi vaxtlarda –“ yağışda, şaxtalı havalarda bu evə sığınardım. Bu ev həmişə qonaq-qaralı olardı. Yoldan keçəni belə evə dəvət edib qulluğunda durar, qayğı göstərərdilər. Ötən əsrin 50-ci illərində hər kənddə belə kişilər, ailələr vardı…
Bənzərsiz gözəllikləri olan bu məkan çoxlarının ilham pərisinə qol-qanad vermiş, onu daha geniş coğrafiyada tanıtmışdır. İstedad axan çaya, Haqdan yanan çırağa bənzəyir. Gözəlliklər içindən, ulu dağlarımızdan baş alıb gələn Girdiman çayının nəğmələri, səhər açılar-açılmaz yuxudan oyanan quşların cəh-cəhi burada hər kəsin ürəyini şirin arzular, xoş duyğularla dilə gətirir. Abbas kişiyə dəvət aldığı el şənliklərində söz verər, muğamlarımızı, xalq mahnılarını ifa etməsini xahiş edərdilər. Gur, şirin, ürəyə yatan səsi vardı…
İnsan ömrünün qəribə pillələri var –“ uşaqlıq, gənclik və ahıllıq. Bu pillələri də bəzən şərti olaraq üç dövrə bölürlər: uşaqlıq –“ noğul, gənclik –“ nağıl, ahıllıq –“ ağıl. Təbiətdəki fəsilləri xatırladır bu pillələr. Elə insan ömrü də bu fəsillər kimidir. Hər gələn yeni ildə fəsillər də yenidən gəlir. Amma insan ömründən keçən bir an belə yenidən təkrarlana bilmir. Ömrünü arxada qalan illərini bütünlüklə musiqiyə, səhnəyə, Azərbaycan mədəniyyətinə həsr edən bu sənətçi elə anası Mədinə Cümşüd qızı kimi, olduqca sadə, səmimi, yeri gəldikdə kişi qeyrətli xanım-xatındır. Yaşadığı ömrün 40 ildən çoxunu könüllərə sevgi bəxş etməyə, sənətə həsr etmiş bu xanımın atası onun el məclislərində oxumasın istəməsə də, anası həmişə onun bu istəyinə dəstək vermişdir.
Haqqında söhbətə başladığım xanım-xatın İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Sahibə Abbas qızı Abdullayevadır. Onun adı ismayıllıların, musiqiyə, mədəniyyətə, incəsənətə bağlı insanların ürəyində çoxdan yer tutub. Yüksək peşə qabiliyyəti onu tanıyan insanların gözündə ucaltmış, hamının sevimlisi etmişdir.
Həm orta məktəbdə, həm də 138 nömrəli İsmayıllı texniki peşə məktəbində təhsil aldığı illərdə həmin məktəblərdə təşkil olunmuş musiqi dərnəklərinin üzvü olmuş, dəfələrlə müxtəlif müsabiqələrdə iştirak edərək birincilik, tamaşaçı, dinləyici məhəbbəti və alqışlarını qazanmışdır. Artan və bəyənilən istedadı onu 1976-cı ildə İsmayıllı Mədəniyyət Mərkəzinə gətirmişdir.
Biz Sahibə xanımın mahnılarını 40 ildən çoxdur ki sevə-sevə dinləyirik. Konsert salonlarında ifalarına diqqət kəsilir, el şənliklərində zövqümüzü, ruhumuzu oxşayan mahnı və muğamlarından məmnun qalırıq.
Bir məsələni də qeyd edək ki, harada, kimim müşayiəti ilə ifa etməsindən asılı olmayaraq Sahibə həmişə özünə qarşı tələbkar, sənətə məsuliyyətli, tamaşaçılarına isə diqqətlidir. Onu dinləyənlərə hörmət bəsləməyi bacarır. Bu da ona davamlı uğurlarla bərabər hörmət qazandırır.
Sahibə xanım deyir ki, mahnının sözlərini, bu sözlərdəki hiss və həyəcanı tam qəbul edib onlarla yaşamayan müğənninin oxuduqları sevilməz, ürəklərə yol tapmaz. Soyuq səs, könülsüz nəfəs ürəkləri necə isidə bilər?!
S.Abdullayeva oxuduqlarını ürəkdən oxuyur. Bu səbəbdən də ifaları ürəklərə tez yol tapır. Muğamlarımızın ifa olunmasında özünəməxsus ustalığı var onun. Bəmdə və orta səsdə sərbəst oxuyur, zilə çıxanda da çətinlik çəkmir. Səsindəki həzinliyi, şirinliyi cəlbedici xırdalıqlar, zəngulələr vasitəsilə ustalıqla nümayiş etdirir. Səsinə müxtəlif dinamik boyalar verməklə coşqun zəngulələr vurur. Tanrının verdiyi gözəl hədiyyəyə – səs payına qane olub ona şirinlik, məlahət, incəlik qatır. “Mahur-hindi”də aparıcı, əlaqələndirici şöbə olan “Şikəsteyi-farsi”, digər keçidləri çox təbii şəkildə təqdim edir.
Müğənninin oxuduğu muğamlar həm də dinləyici ilə dialoq kimi qəbul edilir, çünki onun səsindəki tanış, doğma bir ovqat fərdi olduğu qədər də sirayətedicidir. O, “Bayatı-Şiraz”ı, “Zabul-Segah”ı, “Rast”ı, “Mirzə Hüseyn segahı”nı, “ Г‡ahargah”ı, “Heyratı”, “Mənsuriyyə”, Simayi-şəms” kimi muğam və zərb muğamlarını yüksək sənətkarlıqla ifa edir. Sahibə xanımın ifasında “Kəsmə-şikəstə”, “Qarabağ şikəstəsi”, eləcə də “Şirvan şikəstəsi”nin xüsusi yeri var.
Sahibə Abdullayevanın repertuarında xalq mahnıları ilə yanaşı, Azərbaycanın görkəmli, eləcə də gənc bəstəkarlarının mahnıları da özünə yer alır. Hər mahnının ruhunu tutaraq onu özünəməxsus tərzdə oxuyur. Sahibə xanım ani populyarlıq qazanmaq, dinləyicini necə olursa-olsun cəlb etmək istəyən, başqa sözlə, asan şöhrət dalınca gedən sənətçilərdən deyil. Onun ifa etdiyi əsərlərdə dərin xəlqilik və son dərəcə fərdilik var.
S.Abdullayeva sözə, şeir mətnlərinə tələbkarlıqla, yüksək həssaslıqla yanaşan musiqiçidir. Həmişə, məzmunlu, dəyərli poeziya parçalarına müraciət edir. Sahibə xanım bir aktyor kimi də səhnədə dəfələrlə özünü sınamışdır. Müxtəlif tamaşalarda ona tapşırılan rolları məharətlə oynamışdır.
Könüllərə sevgi bəxş edən Sahibə xanımı tanıyanların hamısı onu özlərinə dost hesab edirlər. Özünün dediyi kimi ifadə etsək, dost qazanmağın bir yolu var. Bu yol sadəlikdən və halallıqdan keçir. O da 40 ildən çoxdur ki, ifaları ilə onu sevənləri sevindirir.
Sahibə Abdullayevanın dediklərindən:
– İllər tarix üçün zamandırsa, insanlar üçün yaş mərtəbələri, ötən ömürdür. Arxada qalan illərim, ömrüm üçün təəssüflənmirəm. Əməyim kifayət qədər qiymətləndirilib. Qazandığım alqışların ömrü səhnədə, dinləyicilər qarşısında çıxışlarımın müddəti qədərdir. Sənətçinin ən dəyərli mükafatı tamaşaçı, dinləyici alqışıdır.
Müasir Azərbaycanımız bu gün qürur məkanıdır. Г‡ünki onun dünya şöhrətli lideri var. Bu, hörmətli prezidentimiz cənab İlham Əliyevdir. Onun sərəncamı ilə 2013-cü ilin fevral ayında həmyerlimiz, Əməkdar elm xadimi Mirdaməd Sadıqov rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Bu seçiminə görə Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Elə o vaxtdan rayonda bütün sahələr üzrə quruculuq işlərinə start verildi. Hazırda rayonumuz da inkişafda olan rayonlar sırasındadır. İnkişafda zəhməti olanların əməyi dəyərləndirilir. Bu da digərləri üçün nümunə olmaqla həmin insanları daha böyük uğurlara ruhlandırır.
Ürəyimdə tək bir nisgil, və ondan doğulan arzu var –“ işğal altında olan Qarabağ torpaqları azad olunsun. “Qarabağ şikəstəsi”ni həsrətini çəkdiyimiz o torpaqlarda oxuyum…
2011-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin sərəncamla İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin işçisi Sahibə Abbas qızı Abdullayeva “Tərəqqi” medalına layiq görülüb. Sahibə xanım bu təltifi dövlət və xalq məhəbbəti, ona göstərilən yüksək etimadın ifadəsi kimi qəbul edib.
Sahibə xanım da hamı kimi həyatı sevənlərdəndir. Amma onun Haqqa bağlılığı aydınca duyulan şəkildə daha güclüdür. Solisti olduğu “Niyal” xalq çalğı alətləri ansamblının hər bir üzvünə həmişə, hər yerdə təşəkkürlərini ifadə edir. Onun fikri ilə bu ansambl bir ailədir. “Niyal” İsmayılı musiqisevərlərinin, Sahibənin ifalarına sevgi bildirənlərin qürur zirvəsidir.
Doğum gününü növbəti dəfə qeyd etdiyi bir ərəfədə Sahibə xanımı İsmayıllı rayon ictimaiyyəti adından təbrik edir, ona can sağlığı, həyat və sənət uğurlarının bol-bol sevincini arzulayıram.
Zamanı saxlamaq olmur. Yaş artsa da arzular yenilənir, gəncləşir. Üzünüz, qəlbiniz həmişə bərabər gülsün. Uğurlar, fərəh sizi kölgə kimi izləsin. Г‡ətinliklər arxada qalsın, hər gələn il arzularınızın sevinc meydanı olsun. Ən başlıcası isə ürəyinizi məkan tutmuş arzuların çiçəyini, barını görəsiniz!!!
Sonda söylədiklərim İsmayıllı sakinləri adından sizə olan Yeni il arzularımdır.
Hacıməmməd Məmmədov

Şərh Yaz