Həmyerlimiz layihə qalibidir

Hacı Hacıbala oğlu Qasımlı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 9-cu qrant müsabiqəsinin qalibi olub. O, İsmayıllı rayon Diyallı kənd tam orta məktəbinin məzunudur.
H.Qasımlı Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin III kursunda oxuyur. Əlaçı tələbə kimi, fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədridir. Həmyerlimiz layihə qalibidir     2015 və 2016-cı illərdə Bakı Dövlət Universiteti üzrə “İlin tələbəsi” nominasiyasının qalibi olub. Təhsil pilləsinə görə bakalavr olmasına baxmayaraq Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində, Sumqayıt Dövlət Universitetində, Qafqaz Universitetində və Azərbaycan Pedaqoji Universitetində təşkil olunmuş Beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib.
5 elmi məqalənin, 10 tezisin, 6 elmi-bədii məqalənin müəllifi, 1 kitabın texniki redaktoru olan Hacı Qasımlı Azərbaycan Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 9-cu qrant müsabiqəsində C kateqoriyası üzrə “Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” adlı layihəsi ilə qalib olub. Layihənin müzakirəsi və gənclər arasında təbliğ olunması 2016-cı ilin 13 noyabr, 11 dekabr və 2017-ci ilin 6 yanvar tarixində “Baku Ekspo” mərkəzinin konfrans zalında həyata keçirilib.
Təqdimat mərasimində Hacı Qasımlı bildirib ki, Azərbaycan gəncliyinin inkişafı çərçivəsində müxtəlif sahələrdə bilik və bacarıqlara malik gənclər özlərinin istedadlarına söykənərək gənclər siyasətinə müxtəlif mövzularda töhfələr verir. Gənclər sektoru günbəgün inkişaf edərək gənclərin elm və mədəniyyətin müxtəlif sahələrdə maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, istedadlıların üzə çıxarılması istiqamətində uğurlar əldə etməkdədir.
Təqdim olunan layihənin məqsədi informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi müasir mərhələdə Azərbaycanda peşəkar gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi-mədəni və təhsil sahələrində daha fəal iştirakını, onların elmi tədqiqatlarında sənəd-informasiya kütləsinin rolunu müəyyənləşdirməyi və Azərbaycanın kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq sahəsi üzrə zəngin sənəd-informasiya resursları ilə gəncləri ətraflı tanış etməyi nəzərdə tutur.
Hacı Qasımlı onu da vurğulayıb ki, “Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsi istedadlı gənclərin üzə çıxarılması və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş irimiqyaslı layihə kimi də xüsusi əhəmiyyət kəsb edir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz