Süpürülən yer təmiz olmur, zibillənməyən yer təmizdir

Qonaq evi səliqəli və təmiz olmalıdır. Bunu ta uşaqlıqdan belə görmüşük. Yalnız qonaq evinin deyil, yolun, həyətin təmizliyi də gündəlik iş olaraq məişətimizin ayrılmaz hissəsinə çevrilib.
İsmayıllı bu gün böyük, boşalıb-dolan qonaq-qaralı bir məkana çevrilib. Şəhərin təmizliyinə isə birbaşa cavabdeh olanlar İsmayıllı Kommunal Müəssisələri Kombinatının (KMK) işçiləridir. Burada çalışanların işini, işgüzarlığını izləmək üçün gərək yatmayasan. Onlar axşam küçələrdən gediş-gəlişi azalanda və səhərin alaqaranlığında, hələ hamı oyanmamışdan, yorulmaq bilmədən çalışırlar.
Süpürülən yer təmiz olmur, zibillənməyən yer təmizdir
Süpürülən yer təmiz olmur, zibillənməyən yer təmizdir Kombinatın rəisi Vidadi Məmmədovla görüşüb müəssisənin işi ilə maraqlandığımı bildirdim. Tələsdiyini duydum. Amma o, bunu büruzə verməməyə çalışdı.
– Vidadi müəllim, KMK-nın rəisi kimi işlərinizin coğrafiyası haqqında nə deyərdiniz?
– KMK şəhər ərazsində 373 min kvadratmetr sahəsi olan 145 küçədən 22-nə qulluq edir. Süpürülən sahə 334510 kvadratmetrdir. Ulu öndərin adını daşıyan, abidəsi ucaldılmış parklara, “Uşaq Əyləncə Mərkəzi”nə, Şəhidlər xiyabanına, “Ana harayı” abidəsi ətrafındakı yaşıllıqlara qulluq və nəzarət edirik. İrili-xırdalı yaşıllıqlarımız 25,8 hektardır. 4509 ədəd işıqlandırma nöqtəsi, 7 fəvvarə bizdən diqqət gözləyir.
– Sadaladığınız işləri neçə nəfər işçi ilə həyata keçirirsiniz?
– İdarə işində çalışanlarla bərabər 124 nəfər işçimiz var. Əslində, hamımız bir işi görürük –“ şəhər təmiz olsun. İşçilərimizin 40 nəfəri süpürgəçi, 24 nəfəri bağban, 4 nəfəri elektrik, 15 nəfəri maşın və mexanizmlərlə işləyənlər, 16 nəfəri məişət tullantılarının daşınmasını təşkil edən fəhlə-çilingərlərdir.
Adi görünən işimizin mürəkkəblikləri çoxdur. Hərə öz işini bilir və öhdəsindən gəlməyə can atır. Küçələr süpürülür, yaz-yay aylarında yaşıllıqlar, kollar, çiçəklər suvarılır, kommunal binaların kanalizasiya xəttində yaranan nasazlıqlar aradan qaldırılır. Fikrimcə, sabaha iş saxlamırıqsa, deməli, işin öhdəsindən gəlirik. Amma hər sabahda da işə yenidən başlayırıq.
– İşləriniz mövsümi xarakter daşıyır. İşçilərinizə hansı fəsil daha çətin, yorucu görünür?
– İşləyən üçün çətin olan işə başlamaqdır. Bunda da işçilərimizin çətinliyi yoxdur. Hərə öz işini bilir və icrasına çalışır. Payızın yarpaq tökümü, qışın qarı, şaxtası var. Qışa əvvəlcədən hazırlaşırıq. Hazırda 20 kubmetrdən çox qumumuz, 10 ton texniki duzumuz var. Şəhərin küçələrində gediş-gəlişin rahatlığı üçün lazım gəldiyi anda imkanlarımızdan istifadə edirik.
Fəhlələrimizin yüksək savadları olmasa da yüksək vətəndaşlıq məsuliyyətləri və işgüzarlıqları var. Söz yox, hərə öz çörəyinə, ailəsini dolandırmaq xətrinə işləyir, amma yeri gələndə onlar ölkə Prezidentindən, rayon rəhbərliyindən ürək dolusu razılıqla danışırlar, gördükləri diqqət və qayğı qarşısında fikirlərini açıq etiraf edirlər.
– Göstərdiyiniz gündəlik xidmət müqabilində kommunal ödənişlərin toplanmasında vəziyyət necədir?
Bu sahədə də irəliləyişlər əldə olunmaqdadır. Amma vəziyyət heç də qənaətbəxş deyil. Bəzilərinə hələ də başa salmaq olmur ki, əgər şələni kiməsə daşıtdırmısansa, bunun üçün haqq ödəməlisən.
Texniki səbəblərdən hər axşam küçələr üzrə məişət tullantılarının daşınması ardıcıllığını müəyyənləşdiririk. Son vaxtlar tutumu 0,75 kubmetr olan 60 ədəd qapaqlı dəmir zibil qutusu və Cin Xalq Respublikasının istehsalı olan iri tutumlu zibildaşıyan maşın almışıq. Texniki təchizatımız yaxşılaşdıqca işdəki fəallığımız daha aydın nəzərə çarpır.
– Vidadi müəllim, şəhər abadlaşmaqda davam edir, qonaqlarımızın sayı günbəgün artır. Qonaqları razı sala biləcək səliqə-sahmanı yaratmaqda çətinliklər varmı?
– İşin mahiyyəti dərk olunduqda çətinliyi dəf etmək asan olur. İsmayıllı Azərbaycanın mirvarisidir. İşimizi bu ada layiq qururuq. Rayonumuza turist axını artdıqca işçilərimizi daha işgüzar olmağa dəvət edirik. Alınan yeni texnikalar işimizi xeyli yüngülləşdirir. Texniki imkanlarımızdan rayonda gedən abadlıq işlərində də istifadə olunur. Bu bizi sevindirir.
– 2016-cı il başa çatır. Əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyiş kimi nələri qeyd edərdiniz?
– Yekunlaşan ildə əhaliyə 501 min manatlıq kommunal xidmət göstərmişik. Əvvəlki illərdə bu rəqəm xeyli aşağı olub. Göstərilən diqqət və qayğıdan bəhrələnərək qazandığımız bu nailiyyəti daha da yüksəltməyə çalışacağıq.
Gördüyümüz işlərdən bir ədəd ekskavatora və 10 tonluq su maşınına ehtiyac olduğunu duyuruq. Bu ehtiyaclarımız da ödəniləcəyinə əminik.
– Yeni ilə hamı yeni arzularla gedir. Ürəyinizdə hansı arzulara yer ayırmısınız?
– İlləri təzə və köhnəyə ayırmaqla yaddaqalan ömür yolu keçməyə çalışmışam. İşimdən də, taleyimdən də razıyam. Buradakı işə də tam uyğunlaşmışam. Gec yatıb, tez dururam. Əslində bundan bir gümrahlıq hiss edirəm. Rayonun ən zəhmətkeş işçiləri bizim kombinatda çalışır. Onların istirahəti, bayramı da işdə keçir. İstərdim ki, onların güzəranı daha xoş olsun, daha yüksək məvacib alsınlar.
Arzum odur ki, dünyadakı münaqişə ocaqlarında sülh bərqərar olsun, düşmən tapdağında olan torpaqlarımıza sahib olaq. Arzu çoxdur… Allah rəva bildiklərini nəsibimiz edərsə, şükranlığımızdan qalmarıq.
– İşinizdən, işçilərinizdən razılığınız bizi də sevindirir. Sizə sevinc bəxş edənlərdən kimləri fərqləndirmək istərdiniz?
Müəssisəmizdə hərə öz işi ilə məşğul olsa da, son nəticə kollektivin adına yazılır. Bu baxımdan kimlərisə fərqləndirmək bəlkə də insafsızlıq olar. Amma elə insafən deməliyəm ki, hər sahədə işin ağırlığı təşkilatçıların, cavabdeh olanların üzərinə düşür.
Sanitar təmizlik sahəsinin rəisi Şahin Əşrəfov, süpürgəçilərdən Şirmayı Həsənova, Şamama Mustafayeva, Reyhan Sadıqova, İntizar Süleymanova, Şüşəxanım Səfərova, Güldanə Əsədova, Lumu Abdullayeva, yaşıllıqlara qulluq edən fəhlələrdən Zeynal Qocayev, İntiqam Əzimov, sürücülərdən İsmi Azayev, Həbib Mirzəyev, elektrik Vidadi Hacıyev, Səxavət Ağayev fərqlənən işçilərimizdəndirlər.
– Vidadi müəllim, Yeni il ərəfəsində “İsmayıllı xəbərləri”nin oxucularına, xüsusilə şəhər sakinlərinə çatdırılası nə sözünüz var?
– Öncə bütün həmyerlilərimi təbrik edirəm. Yeni il arzuları çin olsun, –“ deyirəm. Şəhərin təmiz saxlanmasında diqqətli olsunlar. Hər kəs evini, həyətini təmiz saxladığı kimi, küçəsini və şəhərini də təmiz saxlamağa can atmalıdır. Sonda bir daha xatırladım ki, süpürülən yer təmiz olmur, zibillənməyən yer təmizdir.
– Müsahibəyə görə təşəkkür edirik.
Hacıməmməd Məmmədov,
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyətinin üzvü

Şərh Yaz