Dilimizin saflığı uğrunda

Mən qələm adamı deyiləm, ona görə də yazımda hər hansı yanlışlıq olarsa, başbilənlər məni bağışlasınlar.
Dilimizin absurd, çətin yazılan və deyilən ərəb-fars sözləri ilə dolu olması məni də çoxdan düşündürür. Neçə il qabaq bir yazar-deputata zəng vurub bu barədə onunla danışmaq istədiyimi bildirdim, dedi gəl görüşək. Dilimizin saflığı uğrunda Mən Bakıya gəldim, ancaq nədənsə o, sözündən çəkildi. Onu çağdaş düşüncəli bir adam sandığıma görə keçən il elektron adresine yazdım, yenə səs gəlmədi. Görünür tanınmış yazar məni ciddiyə almayıb. Nə isə…
1987-ci ildə İsmayıllı bölgəsində bir yığıncaqda AMEA Tarix İnstitutunun direktoru İqrar müəllimdən (ruhu şad olsun) soruşdum ki, əgər biz ermənilərin hökmü altına düşsək, yenədəmi əlifbamızı, soyad sonluğumuzu dəyişər, onların sözlərilə dilimizi daha da zibilləyərik? O, bir az düşünərək dedi ki, ermənilər bizə hakim ola bilməz. Mən bir də soruşduqda (o kişinin sözü mənim üçün önəmli idi) Akademik seziləcək sinirli şəkildə həmin cavabı verdi: İqrar müəllim deyə bilmədi ki, yox, biz bunu etmərik; O buna əmin deyildi.
Dilçi alimlərimiz, filoloqlarımız zaman-zaman dilimizin zənginliyi ilə öyünürlər. Düzü, 60-cı illərdə məktəbli olarkən mən də ərəb-fars sözlərilə dolu yoxlama yazıdan “5” alanda fərəhlənirdim. Onun üçün özümü suçlu saymasam da yenə utanıram. Düzdür, hər bir dil alınma sözlərlə zənginləşir, ancaq bu sözlər gərək lakonik ola, yerinə düşə və ən başlıcası bu sözlərin dilimizdə qarşılığı olmaya. Bu sayaq sözlər dilimizdə yetərincədir və bunlar olmasa dilimiz kasıblaşar. Ancaq yazılışı və deyilişi çətin olan “əndrəbadi” ərəb-fars sözləri lap-lap çoxdur.
Fars dilindəki fellərin kökündən – şenas (şenaxtən – tanımaq), – pərvər (pərvərdən – bəsləmək, yetişdirmək, qayğısına qalmaq), -bənd (bəstən – bağlamaq), – pərəst (pərəstidən –“ səcdə etmək, çox sevmək), – baz (baxtən –“ uduzmaq, itirmək, özünü itirmək; nəsə oynamaq), – əngiz (əngixtən –“ oyatmaq, ruhlandırmaq, alışdırmaq), – əndaz (əndaxtən –“ atmaq, tullamaq; sərmək), – fəşan (səpmək, səpələmək, sıçratmaq), – keş (keşidən –“ çəkmək), – dar (daştən –“ malik olmaq); kar (iş, məşğələ), sər (baş) və s. sözlərdən quraşdırılmış sözlərə baxaq:
* ədəbiyyatşünas (şenas döndü oldu şünas), siyasətşünas, coğrafiyaşünas, vətənpərvər, qonaqpərvər, sazbənd, şüşəbənd, nalbənd, şöhrətpərəst, şəhvətpərəst, qumarbaz, işbaz, içkibaz, kəndirbaz, xəkəndaz, payəndaz, əsrarəngiz, nurəngiz, atəşfəşan, canfəşan, sahibkar, peşəkar, mühafizəkar, sənətkar, nəğməkar, təvazökar, cəfakeş, əzabkeş, azarkeş (TV-lərdən birində bir futbol aparıcısı azƏrkəş deyirdi), təəssübkeş, əlamətdar, minnətdar, əlaqədar, xəbərdar, sərmayədar, sərəncam, sərgüzəşt, sərnişin, sərkərdə, sərlövhə, sərasər və s. və b.k. və i.a.
* Qərb ölkələrində işlənən “kompozitor”a farslar öz dillərində ahəngaz deyirlər. Lap yaxşı edirlər. Ancaq bizim hansısa “məşhur, vətənpərvər, təəssübkeş, peşəkar dilşünas-ədəbiyyatşünasımız xüsusi canfəşanlıq və əzmkarlıqla kifayət qədər cəsarət nümayiş etdirərək hərtərəfli lazımi tədqiqatlar nəticəsində əlamətdar” bir “bic” söz toqquşdurub qoyub ortalığa – bəstəkar –“ farsın “bəstən” və “kar” sözlərindən. Hələ bir “bəstələmək” feli də düzəldiblər. Buna nə ad vermək olar?? Dahi Üzeyir bəy “kompozitor” deyirmiş, heç olmasa bizim “məşhur -şünaslarımız” o kişidən öyrənsinlər.
* Tarçalan professor fərəhlə özünü tarzən adlandırır. “Zən” də fars sözüdür, zədən (zərbə vurmaq; çalmaq) felinin köküdür. Müğənni, xanəndə, ifa, icra, inşa da yabançı sözlərdir. Getdikcə daha çox qüsurlara yol verilir: adam, soraq, yer, çağ, sayaq, gözlük, çalmaq, oxumaq, oynamaq və başqa sözlər leksikondan çıxarılaraq ərəb-fars sözlərilə əvəzlənib. “Layihə” sözünü isə tanınmış incəsənət adamlarının, radio və TV aparıcılarının çoxu lahiyə kimi səsləndirir. Bir akademik-deputatdan da “lahiyə” eşitmişəm.
* Yazılış və deyilişi çətin olan tərəddüd, müasir, mütəmadi, təhqiqat, tədqiqat, müdaxilə, tələffüz, xəsarət, müşayiət, təcəssüm, təqdir, təcrid, kifayət qədər, mütəfəkkir, təxəyyül və s.,
* İzafət birləşmələri – əhval-ruhiyyə, tərəf-müqabil, tərcümeyi-hal, nöqteyi-nəzər, məclisi-üns, məclisi-şüəra və bu kimi sözlər.
* yapışdırırıq.: təəssüratlar, hesabatlar, təfsilatlar, məlumatlar, valideynlər, ləvazimatlar və ilaxır.
* Farsın “bi” sözönü ilə – bihörmət, bişüur, bişərəf; “na” sözönü ilə – nalayiq, namütənasib, namünasib; “bəd” sözü ilə düzələn bədxasiyyət, bədrəftar, bədheybət və i.a sözlər kimə və nəyə gərəkdir. Bir sözlə, yazmaqla bitən deyil…
* Belə qəliz dildə təkcə yazmağı deyil, düzgün oxumağı və danışmağı öyrənmək üçün məktəbli gərək dil fənnindən “5” alsın. Dilimizin təmizlənməsi onun hamı üçün daha anlaqlı olmasını təmin edər.
* Bu cahanda hamı və hər kəs gəldi-gedərdir, yalnız yurdumuz və dilimiz qalacaq. Gələcək nəsillər üçün varlı yurd, demokratik dövlət qurmaq istədiyimiz kimi, onlara saf bir dil də ötürməyə çalışmalıyıq. Yoxsa bu gedişlə dilimiz bilmirəm necə olar.
Sayğılarla:
Pərviz Məmmədli
P.S. Türkiyədə bizim dilimizə “əski türkcə” deyirlər. 1927-ci ilədək onların da dili çox zibilli idi. O zaman Atatürk dil reforması keçirdi. Bizdə də, bir ünlü qurum bu missiyanı öz üzərinə götürüb dil reforması keçirsə, inanıram ki, onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq!
P.P.S. Bu yazı 2 iyun 2012-ci ildə ”Azadlıq” qəzetində dərc edilmişdir.

Şərh Yaz