Əbədiyyətə qovuşanlar

Yadınızdadırsa, brovdallı Qüdrət babanın söhbətilə başladığımız və rayonumuzun bəzi kəndlərinin tarixi ilə bağlı bir sıra məsələlərə toxunduğumuz “Yol gedər sizə, dağlar” başlıqlı yazı yarımçıq qalmışdı. Lakin onu da qeyd etmişdik ki, rayonumuzun tarixi ilə bağlı el-oba söhbətləri bitib-tükənməyən bir mövzudur. Ulularımızın söz-söhbətlərini, xatirələrini yığıb-toplamaq isə hər birimizin müqəddəs borcu olmalıdır. Əbədiyyətə qovuşanlarƏvvəlki yazılarımda ağzıbağlı xəzinə kimi dünyadan köçən ağsaqqal və ağbirçəklərimizdən bəzilərinin haqqında söz açmışdım. Onların özləri ilə apardıqları söz xəzinələri isə artıq bizim üçün əlçatmazdır.
Ancaq sinəsi sözlə dolu uzunömürlülərimiz hələ vardır. Sonradan daha çox peşman olmayaq deyə, vaxt itirmədən onların yastığının dibini kəsdirib bütün söylədiklərini yazıya almalıyıq.
Onu da unutmayaq ki, hətta körpələrimizi də sağalmaz əsəb sarsıntılarına məruz qoyan məlum hadisələr (Qarabağ müharibəsi) ömür-gün yetirmiş qocalarımızın da dünyadan köçməsini sürətləndirmişdir. Onların onillər ərzində min cür dərdlərə, sınaqlara dözmüş kövrək ürəkləri indiki hadisələrin gərginliyinə davam gətirə bilmir. Əlləri göylərə açılı halda, cavanların salamatlığı üçün dua etdikləri yerdə əbədiyyətə qovuşurlar.
Necə ki, Güllüxanım nənə dözmədi (Allah ona rəhmət eləsin!). Doxsan yaşının tamamında ömrünü nəvə-nəticələrinə bağışlayıb getdi. Axırıncı söhbətlərimizdə (qəzetin iki nömrəsində) onun haqqında sizə danışmışdım. Otuzuncu illərin tufanında əski kitabları necə xilas etməsi barədə, onun indi də məndə yadigar olan Füzuli “Leyli və Məcnun”unun əlyazması barədə yazmışdım. Onun söylədiyi Babadağ əfsanəsini və bayatıları sizə təqdim etmişdim. Lakin mən bu xəzinəyə hələ təzəcə açar tapmışdım. Artıq bu xəzinə yoxdur. Düşünürəm ki, görəsən onu tanıyanların hamısı bu itkinin nə dərəcədə əvəzsiz olduğunu təsəvvür edə bilirlərmi?
Yadınızdadırsa, onu da qeyd etmişdim ki, Güllüxanım nənə heç bir təhsil görməsə də, hər üç əlifba ilə rəvan yazıb oxuya bilirdi. Və deyilənə görə, bu nurani el bilicisinin özündən əvvəlki ululardan eşidib öyrəndikləri, habelə özünün görüb müşahidə etdikləri barədə çoxlu yazılı qeydləri yadigar qalıb. Kim bilir, bəlkə bu barədə söhbətimizi davam etdirdik…
CEYRAN NƏNƏ
Sözüm ondadır ki, bu ululardan yenə də bir çox kəndlərimizdə var və onlar hər axşam bizimlə bir süfrə başında əyləşir, özlərinə məxsus bir təmkinlə xəyala dalır, görüb eşitdiklərini təklifsiz danışmırlar. Biz isə necə bir xəzinəyə söykənib yuxuya daldığımızı çox zaman hiss etmirik.
Əvvəlki söhbətlərimizdən də aydındır ki, bu yazılara verdiyim ümumi başlıq (“Yol gedər sizə dağlar”) şərtidir. Rayonumuzun istər dağı, istər düzü, istər aranı, istərsə də yaylağı barədə eşidib bildiklərimdən söz açacağam. Budəfəki söhbətimiz yaşı yüzü çoxdan adlamış Mollaisaqlı Ceyran nənə barədədir. Onun öz yaşında görüb-eşitdikləri barədə söhbətlərini nəvə-nəticələri qələmə alıblar. Bu qeydləri isə bizə “Zəhmətkeş”in çoxdankı müxbiri, Məhəmməd Əmrahov təqdim edib. Biz isə həmin söhbətləri qələmə alaraq qəzet üçün işləmişik.
(Qeyd: yazı 91-ci ildə qələmə alınıb. Ceyran nənə və onun qardaşının nəvəsi Məhəmməd Əmrahov çoxdan dünyalarını dəyişmişlər. Hər ikisinin ruhu şad olsun! –“ M.M.).
Ceyran nənə söhbətinə öz doğma kəndi barədə eşidib bildikləri ilə başlayır. Deyir ki, Mollaisaqlının tarixi mənə bəlli deyil. Ancaq yadıma gələndən gördüyüm o olub ki, qonşuluqdakı Hacıhətəmli kəndindən çox böyükdü bizim kənd. Bizdən əvvəlki qocalar deyərdilər ki, burada yaşayanların nəsli Quba tərəfdən gəlib. Nə vaxt, necə, onu deyə bilmərəm.
Əvvəllər camaatın hamısı tərəkəmə olub. (Heyvandarlıqla məşğul olanları belə adlandırırdılar – M.M.). Yayda yaylaqda, qışda qışlaqda. Sonra yavaş-yavaş oturaq olublar burda. Ancaq yadıma gəlir ki, bizim kəndin qəbirsannığı da Köhnə Qışlaq yerindəydi. Budey təpənin o üzündə, yolun qırağındadır indi də. Kəndin yaxınlığında qəbirsannıq olmuyub. İraq burdan, kənddə ölü düşəndə aparıb orada dəfn edərdilər. Elə Hacıhətəmlidən də ora aparardılar.
Bir dəfə – erməni-müsəlman davasınnan qabaq (onda mən ailə qurmuşdum), iraq burdan, Allah, partdama xəstəliyi (yəqin ki, vəba –“ M.M.) düşdü kəndə. Bir evdən üçü, beşi, altısı gedirdi bir gündə. Onda ölənlər o qədər çox idi ki, uzaq olduğuna görə, daha Köhnə Qışlaqdakı məzarlığa apara bilmədilər. Kəndin qabağındakı bu qəbirsanlıq da onda düşdü.
Hə, bir də onu deyim ki, erməni-müsəlman davasında qaçaqaç düşəndə, kəndimiz tamam boşalmışdı. Əksəriyyəti Bığıra köçüb getmişdi. Yaylaqdakı Bığır kəndini deyirəm. (Vaxtilə Buynuz kəndindən yuxarı yaylaqda mövcud olmuş Bığır və Vələsin kəndləri indi yoxdur –“M.M.). Sonra yenə yığışıb gəldik bura. Ev-eşik xarabazar gündeydi. Tikib, düzəldib təzədən oturduq. Əmim oğlu Müzəffər də Şuşada daşnaklarla vuruşmada həlak oldu, qəbri indi də oradadır.
Haşiyə: Ceyran nənənin söylədiyi həmin qəbiristanlıqdakı kitabələrin sorağı ilə ərəbşünas Nizami Təhməzov, habelə Hacıhətəmli və Mollaisaqlı kəndlərinin bir qrup ziyalısı ilə birlikdə Köhnə Qışlaq yerində olduq. Oxuya bildiyimiz qəbirüstü abidələrin ən qədimi 19-cu yüzilliyə aid idi. Lakin nəhəng bir qəbir daşı yazılı tərəfi torpağa tərəf yerə düşmüşdü. Daşın arxa tərəfındə isə ərəb rəqəmləri ilə üçrəqəmli bir tarix yazılmışdı. Buradakıların hamısı birlikdə köməkləşib daşı qaldırmaq istədikdə iki gürzənin bir-birinə sarılıb fısıldadığını gördük. Daşı yerə buraxıb fıkrimizdən daşındıq. Lakin Nizami əl çəkmədi. Bu daşdakı tarixi oxumadan heç yana gedən deyiləm dedi. Nəhayət, bu qorxulu keşikçilərin hədəsinə baxmayaraq, daşın yazılı tərəfıni yuxarı çevirdik. Bu qəbir daşındakı tarix də ətrafdakılarla eyni dövrə aid idi. Görünür, vaxtilə kiminsə əli dinc durmamış, yıxılmış daşın arxasında bu üçrəqəmli ədədi həkk eləmişdi. Təəssüf ki, bizim bu axtarışımız o iki “dinc” heyvanın həyatı hesabına başa gəldi…
KARVAN YOLU
Ceyran nənənin söhbətlərindən:
– Kəndimizin yanınnan Qəbələ tərəfə karvan yolu keçib gedirdi. İndi də camaat o yola “Dəvəçi Yolu” deyir. Oradan elə vaxt olub əlli dəvənin karvanla getdiyini görmüşəm.
Bir dəfə karvannan bir dəvə xəstələnmişdi. Qoyub getdilər. Bütün kənd uşaqları yığışmışdı tamaşasına. Böyüklərdən eşitmişdik ki, dəvə müqəddəsdir. Onu döymək nədi, söymək nədi, heç gülnən də incitmək olmaz. Gördülər heyvan öləcək, kəsmək lazımdı. Dəvəni ancaq Allahın kəlamını bilən adam kəsə bilərdi. Əmim Məkkə ziyarətində olmuşdu. Hacı idi. Г‡ağırdılar onu. Əvvəlcə azan çəkib təkbir gətirdi, sonra kəsdi dəvəni.
Hə, karvan dedim, yadıma düşdü. Bir dəfə kənddə toy vardı. Kəndin qırağında bir dəvə karvanı da gecələməyə düşmüşdü. Onda toylarda at çapardılar, cavannar güləşərdilər. Əvvəllər bir neçə dəfə toy vaxtı karvan gəlmişdi kəndə. Karvannan pəhləvan çıxardı meydana, ya xərc istərdi, ya da güləşməyə adam. Bir neçə dəfə belə karvannan gələnlər toylardan pəhləvan xərci almışdılar. Bu dəfə yenə dəvəçilərdən bir qoluzorlusu çıxdı meydana, xərc istədi. İndi adı yadıma düşmür, uşaq idim onda mən. Cavannardan biri çıxdı onun qabağına. Tutaşdılar. Bu cavan dəvəçini necə vurdusa yerə, qabırğası qırıldı. Dəvəçini nərdivana bağlayıb, dəvənin üstünə qoydular, çıxıb getdilər. Onnan sonra heç görmədim ki, karvan adamları kəndimizdəki toylardan xərc istəsinlər.
QIZIL ƏLLƏRİN NAXIŞI
Kəndimiz heyvandar, maldar olub. Əkin də əkərdilər. Qışda arana, yayda yaylağa gedərdik hamılıqnan. Bütün qadınlar toxumağı bacarırdı. Xəlçə, palaz, heybə, xurcun, çuval toxuyardıq. Toxuduğumuz xəlçə-gəbəni kişilər aparıb Qutqaşında, Göyçayda, Şənbə bazarında (Qaraməryəmdə) satardılar.
Xəlçə ipi üçün rəngləri də özümüz düzəldərdik. Bu dağlarda boyaqotu kökü var, bax onnan. Sonra palıd, zarağan, soğan qabığı – bunları biri-birinə qarışdırmağnan hər cür rəng almaq olur. Yaxşı qara rəng almaq üçün soğanla nar qabığını iki gün qaynadardıq. Vəlgədən sarı, boyaqotundan qırmızı rəng alırdıq. İpi rənglədikdən sonra saqqız ağacının külü ilə qaynadılmış suya salardıq, bir gün qalardı orda. Sonra onun rəngi heç vaxt solmazdı. Saqqız ağacının külünü həm də dərman kimi kəsikləri, sulu yaraları sağaltmaq üçün işlədərdilər.
Kişilər ancaq yundan toxunmuş paltarlar geyərdilər. Г‡uxa, pencək, şalvar, patava – hamısını özümüz əyirdiyimiz ipdən toxuyardıq. Kişilər çəkmə, çarıq geyərdilər. Lahıc çarığı tək-tək adamlarda olardı (aşılanmış camış gönündən tikilən “şirazi” çarıqlar –“ M.M.). Patavanın qırağına naxış salıb saçaq tökərdik. Belə paltarda kişilərin igid görkəmi vardı. İndiki paltarlar igid paltarına oxşamır.
Kişilər heç vaxt başıaçıq gəzməzdilər. Şapqa-mapqa da qoymazdılar onda. Hamısı qara quzu dərisindən papaq geyərdi. Mən özüm papaq tikməyi də bacarıram. Bu yaxın vaxtlaracan qonum-qonşu uşaqlarıyçın papağı mən tikərdim. Bilirsən, qadınlar necə corablar toxuyurdular onda?! Mən indi də toxuyuram. Bu da millərim. Bir dəfə milləri vermişdim başqasına, bir az gec gətirdi. Əliboş qalıb darıxırdım. Deyir, qoca arvadsan, neynirsən milləri? Elə bilir daha əlim iş tutmur. Dedim, neyniyəcəm milləri, corab toxuyuram. Nəvələrimə də öyrətmişəm. Məndən sonra millər qalacaq onlara, özləri toxuyacaqlar.
Eh, işimiz səhərdən axşamacan toxumaq idi. Nələr toxumurduq?! Yük üçün sicim, örkən, çarıqbağı, samıbağı… Heç bilirsən Mollaisaqlıda necə xəlçə ustaları olub? İndikilər kağıza baxıb, hamısı eyni cür toxuyur. Ovaxtkı xəlçələrin çaşnısı onları toxuyan ustaların adıynan məşhur olub. Qoy yadımda qalannardan sayım, sən də eşit: “Şaxanım”, “Sərfınaz”, “Mələk”, “Əbsara”, ”Bədir”, “Münəvvər”… Hələ bunlardan qabaq necələri olub! İndi bu xəlçələrin çoxunu heç harda tapmazsan. Evlərdən qaraçı-maraçı yığdı apardı hamısını, heç bilmirəm hara.
Mənim də əsas peşəm xəlçə toxumaq olub. Bu indiki hökumətin təzə gəldiyi vaxtlarda da toxuyurduq. Artel düzəltmişdilər Göyçayda. Bizi də ora üzv eləmişdilər. İpi hökumət verirdi, biz toxuyurduq. Xəlçələri də aparıb Göyçaya təhvil verirdik. Ancaq xəlçə toxuyanlara qənd-çay verirdilər onda. Sonra kolxoz düzəltdilər, hamımızı yazdılar ora. Mən də getdim fermada işləməyə. Ehmalçı deyirdilər onda bizə. Gündə on nehrə çalxıyırdım. İndiki gəlinnər birini çalxamağa tənbəllik edirlər.
Onda yağ da bölürdülər kolxozda, ayranı da şor edirdik, bölürdülər camaata. Bir dəfə şor bölgüsündə necə çəkdilərsə, yüz kilo az gəldi. Qaldı ehmalçıların üstündə. Ona görə də, inəyimizi damğalayıb apardılar kolxoza–¦
Sözün tamamı: Hər kəndin özünə məxsus əhvalatları olur ki, bunlar nə yazmaqla, nə də danışmaqla qurtaran deyil. Birini yazıb başa çatdırmamış, ikincisi yaddaş qapısından dışarı boylanıb, “mən də varam” deyir. Üçünücü, dördüncü, beşincisi də həmçinin–¦ Beləliklə, bir müddət Qüdrət babanın söhbətlərindən ayrı düşdük. Onun isə hələ deyiləsi sözü çoxdur.
Məmməd Mirzə,
Azərbaycan Yazıçılar Birliyinin və AJB-nin üzvü

Şərh Yaz