Belə solmayaydı gərək ümidlər

Düşündükcə, onu xatırladıqca bir ağrı keçir ürəyimdən. Bu ağrı qardaş itkisi, bir söz, qələm sahibinin, istedadlı şairin itkisi, acı nisgilidir. Yaşasaydı dekabrın 15-də 55 yaşı tamam olacaqdı. Əfsuslar olsun ki, cəmi 49 illik bir ömür yaşadı Alim! Allah vergisi idi ondakı istedad.Belə solmayaydı gərək ümidlərFilologiya elmləri doktoru, ədəbiyyatşünas alim Vaqif Yusifli demişkən, yaşadığı həyatın bütün təzadları sanki onun içindən keçirdi, bir elegiya havası vardı şeirlərində. Г‡alışırdı ki, kədərin poeziyasını yaratsın, öz yolu, öz dəsti-xətti ilə.
Alim Məhərrəmli Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü idi. Respublikada bir neçə qəzetin əməkdaşı və redaktoru olmuşdu. 80-ci illərdə istedadlı şair və bacarıqlı jurnalist kimi tanınırdı. Cəsarətli yazıları, dövlət və dövlətçiliyə sədaqətli mövqeyi ilə fərqlənirdi. Haqsızlığa dözümsüz idi. Əyri əllərin, qurd tamahların zalımı idi Alim. Belələrini mətbuatda cəsarətlə ifşa edirdi. Bunun üstündə bir neçə dəfə fiziki zorakılığa da məruz qalmışdı.
Orta məktəb illərində şeir yazmağa başladı. Sevimli şairimiz Musa Yaqub ona dəstək durdu, uğurlu yol yazdı. Şeirləri mətbuata ayaq açdı, sevildi, bəyənildi. Elə bu yol onu BDU-nə (o zaman Azərbaycan Dövlət Universiteti adlanırdı.) aparıb çıxardı. Filoloq kimi ali təhsil aldı. Güclü mütaliəsi vardı. Bəzən az oxuduğu fənlərdən belə əla qiymətlər alırdı. Onun istedadlı bir Azərbaycan şairi kimi yetişəcəyinə böyük ümidlərim vardı. Lakin amansız ölüm buna imkan vermədi. Bununla yanaşı, özünün parlaq, işıqlı, sevilən poeziyasını yaratdı.
Azərbaycan şeirninin ən mahir qiraətçilərindən olan Ağalar Bayramov onun “Oyun havası” şeirini çox bəyənmişdi. Üzünü görmədiyi bu şairin şeirini sevə-sevə, ürəklə efirlərdə, el şənliklərində, dövlət tədbirlərində ifa edir, xalqa çatdırırdı.
Vətən havası var, qaldır ruhumu,
Yellənsin Dərbəndin daş küçələri.
Oyna ayrılığın Göyçə havasın,
Səslənsin Təbrizin daş küçələri.
Alimin yaradıcılığını təhlil etmək fikrində deyiləm. Təkcə onu demək istəyirəm ki, onun yaratdığı poeziya əsil ədəbiyyat nümunələri idi. ”Məni də öyrədin ayrılıqlara” şeirlər kitabı, bir sıra monoqrafiya və tərcümələri sağlığında çap olundu. Amma taleyi imkan vermədi ki, Alim bütöv yaradıcılığını oxuculara çatdırsın. Bu yazıların çoxu qəzet və jurnal səhifələrində, bəziləri redaksiyalarda, bəziləri isə onun şəxsi arxivində qaldı.
Dekabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda Alim Məhərrəmlinin xatirə gecəsi keçirildi. Tədbirə Alimin qələm dostları, yaxınları, qohumları, şair və yazıçılar toplaşmışdı. Tədbiri giriş sözü ilə şairə Fərqanə Mehdi açdı. Filologiya elmləri doktoru Vaqif Yusifli şairin yaradıcılığının ətraflı təhlilini verdi, onun şeirlərini Azərbaycan ədəbiyyatı sırasına qatıla bilən əsərlər adlandırdı.
Görkəmli şair, həmyerlimiz Musa Yaqub Alimlə bağlı xatirələrini söylədi, onun şeirlərinin əsl poeziya nümunəsi olduğunu diqqətə çatdırdı. Əsərlərinin toplanıb yenidən nəşr olunması barədə təklif verdi.
Şair Oqtay Rza, Maarif Soltan, Vəli Xramçaylı, Şəfəq Nasir, Sabir Arazlı, Şahməmməd Dağlaroğlu, Xatirə Əziz, Nəzakət Məmmədli, Aləmzər Sadıq və başqaları çıxış edərək, Alim Məhərrəmlinin poeziya uğurları, yaradıcılıq istiqamətləri barədə məlumat verdilər, onunla bağlı xatirələrini söylədilər. Şairin qohumları və yaxınları adından bu sətirlərin müəllifi çıxış etdi.
Həyatda ən ağır şey unudulmaqdır. Г‡ox sevinirəm ki, qardaşım, şair-publisist Alim Məhərrəmli unudulmayıb. Yaradıcılığına, poeziyasına qiymət verilir. Bu mənada tədbirin təşkilatçılarına, Azərbaycan Yazıçılar Birliyinə, Alimin qələm dostlarına ailəmizin, eləcə də öz adımdan təşəkkür edir, çox sağ olun deyirəm.
Fikrimi də elə onun misraları ilə yekunlaşdırıram.
Belə solmayaydı gərək ümidlər,
Göyərməz sinəmdə tək-tək ümidlər,
Gözümdən tökülər çiçək ümidlər,
Bu göyçək qəbrinə düzüb gedirəm.
Murad Məhərrəmov

Şərh Yaz