Sual-cavab

Valideyn himayəsindən məhrum olan uşaqların aşkarlanması və yerləşdirilməsi proseduru necədir və hansı qaydada həyata keçirilir? Sual-cavabValideyn himayəsindən məhrum olan uşaqların müəyyənləşdirilməsi və yerləşdirilməsi proseduru Azərbaycan Respublikasının ailə qanunvericiliyi ilə tənzimlənir. Belə ki, ailə qanunvericiliyinə görə valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə uşaq valideyn himayəsindən məhrum olmuş hesab edilir. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir.
Qanunvericiliklə digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyəti qadağandır, yolverilməzdir. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər. Qanunvericiliyin tələblərinə əsasən, uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır.
Lətifə Abbasova,
“R Legal Consultation” MMC-nin direktoru

Şərh Yaz