Ümidvar olanları sevindirməyə çalışacağam

İnsanın cəmiyyətdəki üstünlüyünü təşkil edən əsas amillər onun zəkası, təkmil elmi bilikləri, yüksək əxlaqi keyfiyyətləridir. Alimlik səviyyəsi bu keyfiyyətlərin zirvəsində dayanır. Hər hansı bir elm adamı, alim olmaq üçün insanda ilk növbədə yüksək bilik və bacarıq, fitri istedad olmalıdır. Daha sonra illərlə bu istedadı inkişaf etdirmək üçün vaС…t və səbir lazımdır. Alimlər tariС… boyu yaşadıqları ölkə, həmin ölkənin tərəqqiyə can atan vətəndaşları üçün lazımlı insanlar olublar. Dünya təcrübəsindən də məlumdur ki, hələ qədim zamanlardan bəri ən böyük hökmdarlar da bilik sahibləri ilə məsləhətləşmiş, məsləhət verənlərini bu cür insanların sırasından seçirmişlər. Ümidvar olanları sevindirməyə çalışacağam Bu gün də dünyanı elm adamları olmadan təsəvvür etmək olmaz. Г‡ünki düşüncə olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Dəyişən odur ki, bu gün alimlərimiz şahlara С…idmətlə yoС…, daha çoС… inkişaf edən dünyada iqtisadiyyata С…idmət etməklə yüksək ad, böyük hörmət və əlbəttə ki, yaС…şı vəsait qazana bilərlər. Əslində isə alimlərin elmindən, ixtirasından istifadə edənlər daha çoС… qazanırlar. Bir alimin bəşəriyyətə təqdim etdiyi yeniliklər milyonlarla insanı yüksək həyat şəraiti ilə təmin edir.
Gənclərin elm sahəsindəki inkişaf dinamikası, getdikcə savadlanan Azərbaycan gəncliyi hər birimizin fərəh hissi ilə əhatə olunmağımıza səbəb olur. Böyük şəhərlərdə, elm və texnikanın inkişaf etdiyi məkanlarda hər hansı bir elmi iş görüb müəyyən ad almaq daha asan olur, nəinki bölgələrdə…
O səbəbdən də bölgə əhalisi arasında hər hansı bir elmi nailiyyət əldə etmiş gəncliyi gördükdə adama daha maraqlı gəlir. Maraqlı, yaradıcı insanlarla həmsöhbət olmaq, onları cəmiyyətə təqdim etmək olduqca qürurverici və bir o qədər də məsuliyyətli bir işdir.
Bugünkü həmsöhbətim də əsil vətənpərvər, ziyalı gənc, İsmayıllı rayonunun yetirməsi, İqtisad elmləri üzrə fəlsəfə doktoru Eyyub Musayevdir.
Eyyub Musayev 1981-ci ildə İsmayıllı şəhərində doğulub. Şəhər 3 nömrəli tam orta məktəbini bitirib. Ali təhsil olaraq 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin Təşkili və İdarəedilməsi ” ixtisasını qazanıb. 2007-ci ildən təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyati” ixtisası üzrə magistratura pilləsində davam etdirib və 2010-cu ildə həmin ixtisasa fərqlənmə diplomu ilə yiyələnib.
Əmək fəaliyyətinə 2006-cı ilin iyun ayının 20-dən İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti sektorunun aparıcı məsləhətçisi kimi başlayıb, həmin idarənin DSMF İsmayıllı rayon şöbəsinə birləşdirilməsi ilə əlaqədar olaraq 2016-cı ilin avqust ayından DSMF-nin İsmayıllı rayon şöbəsinin Sosial xidmət sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışır.
2012-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin doktorantı olub. O, doktoranturaya daxil olduğu vaxtdan “Həyat səviyyəsi və sosial müavinətlər” şöbəsinə təhkim edilib, şöbə tərəfindən yerinə yetirilən elmi tədqiqatlarda və sosioloji sorğuların keçirilməsində yaxından iştirak edib.
Aktual bir problemə həsr olunmuş “Azərbaycanda sosial xidmətlər sferasının tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini vaxtından əvvəl başa çatdırıb. On bir elmi məqalənin və üç tezisin, xaricdə çap olunmuş bir elmi məqalənin və bir tezisin müəllifidir.
Eyyub müəllim işlədiyi dövrdə özünü yüksək elmi səviyyəsi ilə fərqlənən, bacarıqlı, savadlı, öz üzərində mütəmadi çalışan bir mütəxəssis kimi göstərib, DSMF İsmayıllı rayon şöbəsinin, eləcə də rayonun ictimai həyatında yaxından iştirak edib. O, işlədiyi müddətdə kollektiv üzvlərinin dərin hörmətini qazanıb.
– Əvvəlcə alimlik dərəcəsi almağınız münasibəti ilə sizi təbrik edirik. Uğurlarınız bol və davamlı olsun. Əldə etdiyiniz uğurlarda daha çox yanınızda kimlər oldu?
– Г‡ox sağ olun. Dəstək olanlar az olmadı. Elmi işlə məşğulluğumu bilən hər kəs potensialımdan istifadə istiqamətində məni ruhlandırdı, mənə dəstək oldu. Bu baxımdan müəllimlərimdən, təcrübəli iş yoldaşlarımdan çox razıyam. Г‡alışdığım idarələrdə müdiriyyət tərəfindən gənclərə göstərilən diqqət və qayğı, gənclərə olan inam və etibar, savadlı gənclərə duyulan ehtiyac qarşıma çıxan bir sıra çətinlikləri dəf etdi. Son vaxtlar İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ixtisasım üzrə tədrisə qatılmağım illərdən bəri formalaşan istəyimi gerçəkləndirdi.
– Alimlik dərəcəsi almaq bir istək idi, yoxsa ixtisas seçiminizdən irəli gəlib?
– Düzü, tələbəliyə başladığım vaxtdan belə bir istəyim vardı. Sadəcə, onu reallaşdıracağımdan tam əmin deyildim. Zaman keçdikcə, mərhələləri adladıqca, fikirləşdim ki, təhsilimi davam etdirməyim, ixtisasımın bilicisi olmağım önəmlidir. İşləyə-işləyə ixtisasımın magistratura mərhələsini qiyabi oxudum. Eyni zamanda, dissertasiyamın mövzusu da çalışdığım sahə ilə əlaqəlidir. Yəqin ki, ixtisasıma olan bağlılıq da bu məsələdə önəmli rol oynadı. Sözügedən sahədə kifayət qədər problemlər var. Problemi görüb həllinə çalışmamaq mənə qəribə və ağır gəlirdi. Fikirləşirdim ki, işimi dərindən bilməklə müəyyən çatışmazlıqların aradan qaldırılmasına köməyim dəyə bilər. Sıravi işçi kimi çalışdığım sahədəki problemlərin aradan qaldırılmasına can atsam, yəqin ki, bir o qədər yüksək nəticə əldə edə bilməzdim. Odur ki, bir alimin dissertasiya işi kimi həmin problemlərə təhlili baxış etməyə çalışdım.
– Bu yoda çətinlikləriniz, üzləşdiyiniz maneələr olubmu?
– Maneə deməzdim, çətinliklər istənilən işdə olur. Təbii ki, tələbəlikdən fərqli olaraq, müdafiə işi, doktoranturanın tələbləri daha ciddi və çətin olur. Burada qarşıya daha böyük tələblər qoyulur. Həmin tələblərə cavab vermək üçün isə yaranan çətinliklərə qatlaşmaq lazım gəlir. Doktoranturanın tələbləri də kifayət qədər məsuliyyətli və çətindir. Tələbəlikdə yalnız biliklər əldə etməyə can atırsansa, burada axtarışda olmalı, hamıya bəlli olan məsələnin görünməyən tərəflərini görməli və bunların bir elmi tapıntı olmasını sübuta yetirməlisən. Г‡ətinliklər çox olsa da onları dəf etdikcə özünə güvənməyə başlayırsan, gördüyün işin mahiyyət etibarı ilə faydasını duyduqda bunun bir şərəf işi olduğunu dərk edirsən.
Dövlət təhsil alan hər bir gəncə dəstək olur, bu sahədə məncə heç bir maneə yoxdur. Daha sadə dillə desək, meydan verilir, buyur hünərini göstər. Bu gün orta, ali təhsil pilləsi, magistratura və doktorantura mərhələsi hər biri ödənişsizdir. İş qrafikimin sıxlığı, regionda yaşayıb lazım olan yerlərlə vaxtlı-vaxtında əlaqələr qurmaq kimi çətinliklərim olurdu. İnsan çəkdiyi zəhmətin bəhrəsini gördükdə çəkdiyi çətinlikləri unudur.
– Gənclər siyasətindən gənc alimlər nə qədər bəhrələnə bilirlər?
– Dövlət işgüzar, yaradıcı gəncliyə bir qayda olaraq dəstək verir. Dövlətimizin gənclər siyasəti olduqca təkmil və planlıdır. Gənclərə dəstək dedikdə, bəzən hamı idman sahəsindəki dəstəyi nəzərdə tutulur. Amma fikrimcə dövlətimizin elm sahəsinə göstərdiyi dəstək daha diqqətəlayiqdir. Belə ki, təhsil aldığım illər ərzində dövlətimizin gənclər üzərindəki dəstəyini hər zaman hiss etmişəm. Ümumilikdə götürdükdə, 22 ilə yaxın dövlət hesabına təhsil almışam. Dünyanın az sayda dövləti ola bilər ki, öz vətəndaşına 22 il ödənişsiz təhsil versin. Ölkəmizdə məktəbəqədər təhsildən doktorantura mərhələsinə qədər bütün təhsil mərhələləri ödənişsiz əsaslarla həyata keçirilir. Bu gün Azərbaycanda bilik potensialına arxayın olan hər bir gənc təhsilin mərhələlərində uğurla, dövlət dəstəyindən yetərincə yararlana bilir. Yəni elmlərin tətbiqi və mənimsənilməsi sahəsində gənclərə dəstək daha böyükdür. Gənclərimiz bu dəstəkdən nə dərəcədə yararlanmaları isə ilk növbədə düzgün və yetərincə məlumatlanmadan asılıdır.
Məncə, insan təhsilini hansı mərhələdə almasından asılı olmayaraq özünü axtaran, öyrənən kimi hiss etməli, həm də öyrəndiklərini müəyyən formalarda cəmiyyətə təqdim etməlidir. Bir qədər sadə dillə desək, xalq öz alimindən hər an bəhrələnməlidir. Dövlətimizin “Gənclər Proqramı” da məhz bu məqsədə xidmət edir.
– Əvvəlki illərlə müqayisədə gənclərin elmə axınında irəliləyiş varmı?
– Bəli, doğrudan da illər keçdikcə gənclərin elmə marağı daha da artmaqdadır. Magistraturada oxuduğum illərdə elm sahəsinə indiki qədər axın yox idi. Doktorantura imtahanları zamanı namizədlərin çoxluğu göstərdi ki, yüksək savada iddialı olan gənclərimiz kifayət qədərdir. Gənclər çox gözəl bilirlər ki, bu gün ölkənin tərəqqisi gənclərin savadlanmasından bilavasitə asılıdır. İstənilən uğuru əldə etmək üçün yüksək elmə, savada malik olmaq önəmlidir.
Şeyx Nizami demişkən:
“Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!”
Elə bir dövrdə yaşayırıq ki, elm olmayan yerdə bəzən güc də iş görə bilmir. Elmdəki inkişaf elə sürətlə gedir ki, ən güclü alimlər belə potensiallarının gündəlik elmi inkişafa həsr edilməsinə vaxt ayırmalı olurlar.
Hazırda hər hansı bir elmi yenilik etməklə alimlik etmək yetərli sayılmır. Alim seçdiyi elm sahəsində gündəlik irəliləyişə sahib ola bildikdə alim sayıla bilər. Elm bir günlük iş deyil. Bəlkə də buradan irəli gələn tələbdir ki, Peyğəmbərimiz “Elmi beşikdən qəbir evinə qədər öyrənin” –“ deyə buyurmuşdur. Bir sadə nümunəni şərtsiz qəbul etməliyik. Birmənalı şəkildə bilməliyik ki, dünyanın istənilən ölkəsində inkişaf varsa, bu, elmin inkişafı sayəsindədir. Fikrimcə, gənclərimiz elmə məhz bu nöqtədən baxmalıdırlar.
– Gənc alimlərin ideya və təşəbbüslərini, elmi layihələrini reallaşdırmaq istiqamətində hansı tədbirlər həyata keçirilir?
– Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu fəaliyyət göstərir. Hər il həmin fondun təşkilatçılığı ilə çoxsaylı layihələr həyata keçirilir. Etiraf edim ki, əvvəlki illərdə həmin layihələrə qoşula bilmirdim. Düşünürəm ki, bundan sonra bir gənc alim kimi həmin layihələrə qoşulacağam. Təqdirəlayiq haldır ki, dövlət bu sahədə gənc alimlərin ideya və təşəbbüslərinə üstünlük verir. Layihələrin reallaşdırılması üçün qrandlar ayırır. Əminliklə deyə bilərəm ki, gələcəkdə üzərində işləyəcəyim layihələr İsmayıllı ilə tam əlaqəli olacaqdır. Г‡ünki bu torpaqda böyümüşəm, bu torpağın çörəyini yeyib, suyunu içmişəm, havasını udmuşam. Vətənə, xalqa, bu torpağa xidmət etmək, İsmayıllının inkişafı üçün çalışmaq mənim övladlıq borcumdur.
– Elm adamı olaraq gələcək planlarınızda hansı işlər önəm daşıyır?
– Gələcək planlarımda xaricdə təhsil almaq da var. Postdoktora ikinci doktoru almağı istəyirəm. Mütləq surətdə elmin dalınca davamlı getməyi düşünürəm. Rayonumuzda hazırda kollec fəaliyyət göstərir. Mən də buradakı pedaqoji tərkibdəyəm. İstəyərdim ki, İsmayıllıda institut açılsın. Yerli kadr kimi orada bilik və bacarığımı tələbələrə çatdırım. Məncə, inkişaf, tərəqqi istəyiriksə, istənilən vəziyyətdə elmin arxasınca getməliyik.
– Alim olmaq üçün hansı çətinliklərə qatlaşmaq lazımdır?
– Alim kimi yetişməkdə əsasən səbr, dözüm, əzmkarlıq nümayiş etdirmək lazımdır. Paytaxtdan uzaqda, regionda yaşamaq heç də xırda çatışmazlıq deyil. Regionda yaşayarkən məlumat mənbələrinə uzaq olursan. Elmi biliklərin əldə edilməsi, konfranslarda müntəzəm iştirak etmək bir sıra çətinliklər yaradır. Doğrudur, bu vaxta qədər 11 elmi məqaləm, 4 tezisim dərc olunub, istəyirəm ki, alimlərin iştirakı ilə keçən tədbirlərdə tez-tez iştirak edim. Başqa elə bir çətinlik görmürəm. Əsas odur ki, insanın canında xalqına, Vətəninə elmi əsaslarla xidmət etmək istəyi olsun.
– Gənclərə sözünüz…
– Gənclər bilməlidirlər ki, alim olmaq üçün yalnız mükəmməl oxumaq lazımdır. Tarixə nəzər salsaq, görürük ki, dünyanın bütün böyük dövlətləri öz alimləri, ziyalıları ilə yüksəlmişdir. Mən də fikirləşirəm. Ölkəmizin gəncləri olduqca istedadlı, bacarıqlı və əzmkardır. Bu gün gəncliyimiz çox böyük uğurlara imza atır. Daha böyük uğurlara doğru addımlamaq, daha yüksək səviyyədə elmə, biliyə malik olmaq üçün isə bir qədər də əzmlə çalışmaq, qətiyyətli olmaq lazımdır. Mənə elə gəlir ki, gənclərimiz inkişaf baxımından önə yalnız şəxsi problemlərinin həllinə nail olmaq baxımından çıxmamalıdırlar. İnkişaf, yüksəliş dedikdə öncə Vətən düşünülməlidir. Bu istiqamətdə imkanlarını səfərbər etməklə daha uğurlu, gözəl nəticələr əldə edə bilərik.
– Eyyub müəllim, sonda sizə daha böyük uğurlara imza atmağı və nəzərdə tutduğunuz planları reallaşdırmağı diləyirik.
– İnşallah, ümidvar olanları sevindirməyə çalışacağam.
Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz