Bayraq canımızdır, ürəyimizdir

Hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyini, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
Bayraq canımızdır, ürəyimizdir
Azərbaycan bayrağı bərabər enli, üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı zolaq müasir cəmiyyət qurmaq, demokratiyanın inkişaf etdirmək istəyi, yaşıl rəng islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında, bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkiz güşəli ulduz təsvir edilmişdir.
Azərbaycan Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək Dövlət bayrağı statusuna malik olmuşdur. 1920-ci ilin aprel ayının 28-də Xalq Hakimiyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.
Dövlət müstəqilliyimizin elan olunmasından əvvəl, Sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı.1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu , görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nümayiş olunmağa başlamışdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-nın dövlət bayrağı olması barədə qərar qəbul etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Həmçinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul olundu. 2004-cü il iyun ayının 8-də “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amildir.
Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Dövlət Bayrağı Gününun təsis edilməsidir. Dövlət bayrağı ilk dəfə rəsmi şəkildə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Odur ki, Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Biz şagirdlərimizə, yetişən nəslə aşılayırıq ki, bayrağımız qürur mənbəyimiz, canımız, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində Dövlət bayrağımız dalğalanır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra milli Dövlət bayrağımız işğaldan azad olunan torpaqlarımızda da dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmaqdayıq. Bu gün təhsil müəssisələrində, məktəblərimizdə də bayrağımıza böyük sevgi və ehtiram göstərilir. Bayraq günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Üzərimizə düşən vəzifələrin icrası, hər işdə öncül, layiqli vətəndaş olmaq üçün üçrəngli bayrağımıza and içirik.
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz