Adını doğruldan qələm sahibi

Yeni nəşrlər:
Bir neçə gün əvvəl həmyerlimiz şairə xanım Mehriban İbrahimovanın “Sözlü dünyam” şeirlər kitabı işıq üzü görüb.
Mehriban İbrahimova İsmayıllıda anadan olub. Hələ körpəlikdən bu diyarın dağına, daşına, gülünə, çiçəyinə, yazına, qışına ürək verib. Ətraf aləmi özünə doğma, həmdəm sayıb. İsmayıllının sərin havası, bənzərsiz təbiəti onu çox erkən yaşlarından özünə məftun edib. Hələ orta məktəbdə oxuduğu illərdə gördüklərini nəzmə çəkmək, vəsf etmək daxilindən gələn bir istək olub.
Adını doğruldan qələm sahibi
Şeir deyib yazdıqlarını ilk dəfə rayonun ədəbi meydanı olan “Dağ çiçəkləri” məclisində oxuyub. Dərnəyə rəhbərlik edən, görkəmli şair, təbiətin böyük tərənnümçüsü Musa Yaqub M.İbrahimovanın yazdığı şeirlərə ümidverici yaradıcılıq olmaq baxımından müsbət münasibət bildirib. Dərnəkdə bəyənilən şeirləri mütəmadi olaraq rayon qəzetlərində dərc olunub.
M.İbrahimovanın qələmindən çıxan şeirləri oxuduqca, yanında sadədən sadə, ömrü boyu adının mənasını doğrultmağa can atan bir insanın durduğunu hiss edirsən. Mehriban xanım bəlkə də lap uşaqlıqdan ona verilən ada layiq bir xarakter formalaşdırıb özündə. Təbii haldır ki, şeirlərindəki sadəlik, həlimlik, sülhə, sakitliyə, saf və təmiz sevgiyə, halallığa, zəhmətkeşliyə, vətənpərvərliyə çağırış da elə bu mənbədən qaynaqlanıb.
Müəllifin şeir dili sadə və axıcıdır. Qələmə aldığı hər bir mövzu ilk növbədə özünə tam tanışdır. Elə bu səbəbdən də işlətdiyi ifadələr demək olar ki, əksər yazılarında yerinə düşür və anlaşılır.
M.İbrahimovanın diqqət çəkən, Vətən, torpaq sevgisi ilə yazılmış şeirləri insanın daxili aləminə nüfuz edir, onu mərd və mübariz olmağa səsləyir.
Onun dünyaya müraciətlə yazılan şeirləri kitabda geniş yer tutur. O, həmin şeirlərlə insanları həyatı sevməyə, sevgiyə dəyər verməyə, ömrü mənalı və şərəflə yaşamağa dəvət edir.
Qabaqlayıcı fikir kimi onu deyə bilərəm ki, bu kitabı oxuyan hər kəs sadə bir el qızının, mehriban bir azərbaycanlı xanımın düşüncələri əsasında xalqa, Vətənə, xüsusən də doğma od-ocağa qəlbən bağlılığın əyani nümunəsi olan bir insanı tanıyacaqlar. Kitab haqqında deyiləcək ən düzgün fikirlər də elə oxuculardan gələcəkdir.
Mehriban İbrahimovaya isə yeni yaradıcılıq uğurları arzulayırıq.
Ş.Dağlaroğlu

Şərh Yaz