Cəfərov Hikmət Cəfər oğlu

İsmayıllı rayon ictimaiyyətinə və səhiyyə işçilərinə ağır itki üz vermişdir.
Həkim, tibb elmləri namizədi, “Ali dərəcəli səhiyyə təşkilatçısı”, “SSRİ-nin səhiyyə əlaçısı Hikmət Cəfər oğlu Cəfərov dünyasını dəyişmişdir.
Cəfərov Hikmət Cəfər oğlu
1939-cu ildə anadan olan H.Cəfərov orta təhsil aldıqdan sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə cərrah kimi başlayıb.
Yüzlərlə insanın yenidən həyata qayıtmasında gərgin və səmərəli əmək sərf edən H.Cəfərov daim biliyini artırıb, peşəsinin zirvəsinə ucalıb, müasir tibbi yeniliklərə yiyələnib.
H.Cəfərov 8 fevral 1971-ci il tarixdən İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini təyin olunub və 23 il 3 ay bu vəzifədə çalışıb.
İnsanlara qayğı, xəstələrə şəfanı fəaliyyətinin mənası hesab edən alim-həkimin yaradıcı işi rayon rəhbərliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin diqqətini cəlb etdiyi üçün 1994-cü ilin may ayında İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunmuş və iki il bu vəzifədə çalışmışdır.
Bütün ömrünü müqəddəs peşəyə sərf etmiş ən dəyərli, peşəkar, unudulmaz həkimlərdən biri H.Cəfərov 1996-cı ildən 2013-cü ilə qədər rayon Mərkəzi Xəstəxanasında cərrah, onkoloq-həkim kimi əmək fəaliyyətini davam etdirmiş, 2013-cü ilin avqust ayından təqaüdə çıxmışdır.
Cəmiyyət üçün 3 ali təhsilli övlad tərbiyə etmiş H.Cəfərovun işıqlı, əziz xatirəsi onu tanıyanların xatirəsində uzun müddət yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İsmayıllı Rayon İcra Hakimiyyətinin aparat işçiləri,
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi

Şərh Yaz