İsmayıllı idmansevərlərinin sevimli məkanı

Bu gün Azərbaycanda mühüm istiqamətlərdən biri də bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsidir. Müvafiq sahənin prioritetlər sırasında yer alması bir sıra amillərlə şərtlənir. Əgər onlardan birincisi müharibə vəziyyətində olan ölkəmizin sağlam, istənilən situasiyaya hazır olan gənclərin formalaşdırılmasıdırsa, digər vacib şərt Azərbaycanın Olimpiya hərəkatında öz mövqeyini qoruyub saxlaması, dünyanın nüfuzlu idman arenalarında qazanılan uğurlarla üçrəngli bayrağımızın daha çox dalğalanmasına nail olunmasıdır.
İsmayıllı idmansevərlərinin sevimli məkanı
Tam qətiyyətlə demək olar ki, Azərbaycan dünya idman aləminə aparıcı mərkəzlərdən biri kimi daxil olmuşdur. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ölkəmizin bütün sahələrdə olduğu kimi, idmanda da yetərincə nüfuz qazanması ilə nəticələnmişdir.
Konkret fikir isə həqiqətən də, Azərbaycanda idmanın bir növ, dövlət siyasətinin tərkib hissəsinə çevrilməsidir. Bu baxımdan respublikamızın paytaxtında, o cümlədən də bütün rayonlarda Olimpiya idman komplekslərinin tikilərək tam müasir tələblərə cavab verən avadanlıqlarla, idman qurğuları ilə təmin olunmasıdır. Belə komplekslərdən biri də dağlar qoynunda yerləşən İsmayıllı rayonundadır.
Bu il avqust ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev həmin Olimpiya idman kompleksində aparılan əsasılı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
FİFA standartlarına cavab verən stadionun süni ot örtüyü ən müasir tələblərə uyğundur. Ən güclü yağışlar zamanı belə, bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. Stadion və yüngül atletlər üçün meydançanın ümumi sahəsi 13 min kvadratmetrdən çoxdur. Kompleksə su burada qazılan 2 artezian quyusundan götürülür.
Əsas təmir işlərinə hələ keçən ilin martından başlanılmışdı. 7,5 hektar əraziyə malik kompleksin həyətində 936 yerlik süni örtüklü idman meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik kottec, basketbol və voleybol meydançaları inşa olunub.
İsmayıllı idmansevərlərinin sevimli məkanı
Buradakı 510 yerlik əsas idman zalı müasir avadanlıqlarla təchiz edilib. Bir sözlə, kompleksdə müasir tələblərə cavab verən müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hərtərəfli şərait yaradılıb. Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. Binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar var.
Tikinti sahəsi 12 min kvadratmetr olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən guşə yaradılıb. Həmin mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 510 tamaşaçı yeri olan idman zalı, məşqçi, həkim otaqları var.
İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir.
İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru, fəxri bədən tərbiyəsi işçisi Tofiq Hümbətov məlumat verdi ki, bu idman ocağı 2009-cu il oktyabrın 29-da istifadəyə verilib. Rəsmi açılış isə ölkə Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılıb. Ötən dövr ərzində burada idmanın müxtəlif növləri üzrə zona birincilikləri, respublika səviyyəli yarışlar, təlim-toplantı məşqləri olub. Bundan başqa, rayon sakinləri asudə vaxtlarını kompleksin ərazisində keçirməkdən məmnunluq duyurlar. Üzgüçülük, futbol, ağır atletika, cüdo, güləş və sair idman növləri ilə məşğul olurlar. Ümumilikdə isə burada idmanın 19 növü üzrə bölmələr fəaliyyət göstərir. Onların arasında qeyri-olimpiya növləri də var. Uşaqlar, yeniyetmə və gənclər boş zamanlarında buraya gələrək rəqsin sirlərinə də yiyələnmək imkanı qazanırlar.
Kompleksdə iki qrupdan ibarət gimnastlar da var. Hər qrupda 20-25 nəfər məşq edir. Bu məqsədlə uşaq bağçalarından istedadlı uşaqlar seçilir. Müəllimə isə Bakıdan ezam olunaraq həftədə iki dəfə uşaqların hazırlığı ilə məşğul olur. 2013-cü ilin noyabrında burada gimnastika üzrə respublika çempionatı da keçirilib. Ağır atletika, cüdo üzrə respublika çempionatları da burada reallaşdırılır. Kompleks 5 ildir ki, Kinqboks Federasiyası ilə əməkdaşlıq edir. Həmçinin Velosiped Federasiyasının təlim-məşq toplantıları, respublika birinciliyi də burada keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan velosiped yarışlarının 2-ci turu da məhz burada keçirilir. Hətta mükafatlandırma mərasimləri üçün məkana çevrilir. Elə qeyd olunanlar səbəbindəndir ki, 2012-ci ildə bu kompleks “İlin ən yaxşı qurğusu” nominasiyası üzrə respublika birincisi olub.
İsmayıllı idmansevərlərinin sevimli məkanı
Ümumi götürdükdə bu kompleks İsmayıllı rayonunun idman həyatında əhəmiyyətli rolu ilə seçilir. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında cüdo və sambo üzrə kompleksi iki idmançı təmsil edib.
2017-ci ildə Bakı şəhərində baş tutacaq İslam Həmrəyliyi Oyunlarında cüdo və sambo üzrə İsmayıllı Olimpiya İdman Kompleksindən 3 idmançı iştirak edəcək.
Kompleksin rəhbərliyi hətta uşaqlar və gənclər arasında idmanın müxtəlif növləri üzrə maarifləndirmə tədbirlərinin də keçirildiyini deyir. Bu məqsədlə hətta ucqar dağ kəndlərindəki orta məktəblərdə belə görüşlər keçirilir. Şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilir və təbliğat aparılır. Məsələn, gimnastika son dövrlər respublikamızda populyarlıq qazandığına görə ona diqqət artıb. İdmanın bu növü üzrə azyaşlılar arasında respublika birinciliyində iki qız 1 və 2-ci yerləri tutublar.
Üzgüçülük bölməsi isə əsasən, yay aylarında fəaliyyət göstərir. Yayda buradan ay ərzində təxminən 1500 uşaq istifadə edib. Peşəkarlar ödənişsiz, həvəskarlar isə ödənişli əsaslarla xidmətdən bəhrələnirlər. Sağlamlıq üçün üzgüçülüyün vacib olması hər kəsə gün kimi aydındır.
Tofiq Hümbətov fikirlərini aşağıdakı sözlərlə bitirdi: “Prezident İlham Əliyev bütün sahələrlə yanaşı, idmana da xüsusi münasibət bəsləyir. Bu da bütün idmançılara, bu sahəyə bağlı insanlara əlavə stimul verir. Bu baxımdan bölgələr də daim diqqətdə saxlanılır. Bunun bariz nümunəsidir ki, İsmayıllı Olimpiya İdman Kompleksi yenidən əsaslı təmir olunaraq idmansevərlərin üzünə açıldı. Real vəziyyət kollektivin işə olan məsuliyyətinin daha da artırılması demək olacaq. Ona görə də bütün İsmayıllı idmançıları adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Əli SƏLİMOV,
“Azərbaycan”
12 oktyabr 2016-cı il

Şərh Yaz