Balacaların arzusu: Bizə həmişəlik gülümsə, dünya!

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Balacaların arzusu: Bizə həmişəlik gülümsə, dünya!
Balacaların arzusu: Bizə həmişəlik gülümsə, dünya!
Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq Sülh günü ilə əlaqədar İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin H.Əliyev adına parkda keçirdiyi tədbirdə də Qarabağ, qaçqınlar, işğal olunmuş torpaqlarımız əsas mövzulardan biri oldu.
Tədbirdə Mərkəzdən bəhrələnən, habelə şəhər 2 və 3 saylı bağçalardan dəvət olunan uşaqlar iştirak edirdilər. Mərkəzin direktoru Lətifə Əliyeva uşaqlarla Sülh günü ilə bağlı söhbət apardı, onlara sülhün və əmin-amanlığın hökmran olduğu ailə, ölkə və dünya arzuladı. Sonra uşaqlar sülhə aid şeirlər söylədilər, birlikdə “Qoy həmişə günəş olsun!” mahnısını ifa etdilər, rəngli tabaşirlərlə asfalt üzərində şəkillər çəkdilər, sülh mövzusu şəkillərdə də çoxluq təşkil etdi. Sonra uşaqlar bu şəkilləri, sülh arzularını yanar şamların üzərinə köçürdülər və onların iştirakı ilə şamlar səmaya buraxıldı: uşaqların həmişə aydın, təmiz, barıt qoxusuz görmək istədikləri səmaya!
Uşaqlar şən nidalarla yanar şamlara gözdən itənədək əl yellədilər.
Böyüklər isə hələ də onların şamlar üzərinə yazdıqları arzuların təsiri altında idilər: Nə olar, həyata, bizə, həmişəlik gülümsə, dünya! Arzunuz çin olsun, əziz balalar!
Gülnar Mikayılova,
İsmayıllı UADM-in metodist0

Şərh Yaz