Üzümçülük əvvəlki şöhrətini bərpa edə biləcəkmi?

“Bu ölkə üzümünün bolluğuna, keyfiyyətinə görə, hətta İran, Babilistan və Yunanıstandan da məşhur idi”. Bu sözləri eramızdan əvvəl V əsrdə yaşamış yunan alimi Herodot qədim Azərbaycan ərazisində üzümçülük barədə bəhs edərkən yazmışdır. Bəli, əbəs yerə Azərbaycan qədim üzümçülük diyarı sayılmır. Bu baxımdan, ölkəmizdə üzümçülüyün tarixi də çox zəngindir.
Üzümçülük əvvəlki şöhrətini bərpa edə biləcəkmi?
Üzümçülük əvvəlki şöhrətini bərpa edə biləcəkmi?
Azərbaycan ərazisində üzüm 2500 il əvvəl də becərilirmiş

İbtidai insanlar onların təsərrüfat fəaliyyətinin əsas formaları olan ovçuluq və balıqçılıqla yanaşı, meşələrdən yabanı meyvə və giləmeyvə, o cümlədən cır üzüm toplamış, ondan dadlı qida məhsulu kimi istifadə etmişlər. Təsadüfi deyil ki, Assur kitabələrində Midiyanın şimal-qərb vilayətlərindən alınan vergilər sırasında şərab vergisinin də adı çəkilir. Arxeoloji mənbələrdə də Azərbaycanın qədim əhalisinin yüksək üzümçülük mədəniyyətinə malik olduğunu aydın göstərən tapıntılar haqqında xeyli material var. Ağstafa yaxınlığında 1962-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində müxtəlif bitki qalıqları, eləcə də üzüm toxumları aşkar edilib. Tədqiqatlar üzüm toxumlarında mədənilik əlamətləri olduğunu göstərib. Məhz bu tapıntı əsasında Azərbaycanda mədəni üzümçülüyün ən azı 7 minillik tarixi olduğu sübuta yetirilib. Arxeoloji qazıntılar zamanı Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə abidəsindən, Xanlar rayonundan, Naxçıvanın qədim abidələrindən əldə edilmiş üzüm toxumları, şərab istehsalı ilə əlaqədar müxtəlif alətlər Tunc dövründə həmin ərazidə yaşamış əkinçi tayfalarının təsərrüfat və məişət həyatında üzümçülüyün də mühüm rol oynadığını söyləməyə əsas verir.
Eramızdan əvvəl 79-23-cü illərdə yaşamış Roma alimi Böyük Plini “Mən heç bir yerdə belə şirin üzüm yeməmişəm. Bu xalq torpağı misirlilərdən yaxşı becərə bilir” deyərək tarixi Azərbaycan ərazisində yaşayan xalqların əsas məşğuliyyətlərindən birinin məhz üzümçülük olduğunu təsdiq etmişdir. Səyyah-coğrafiyaşünas Adam Oleari isə yazırdı ki, üzüm tənəklərini ilk dəfə Həştərxana Azərbaycan tacirləri, daha dəqiq desək, Şirvan tacirləri gətiriblər. Azərbaycanda üzümçülüyün tədqiqinə həsr olunmuş əsərlərdən aydın olur ki, XIX əsrdə bu təsərrüfat sahəsi əsasən iki istiqamətdə inkişaf etmişdir. Yəni, XIX əsrin birinci yarısınadək üzümçülük əsasən natural təsərrüfat çərçivəsində inkişaf etmiş, XIX əsrin ikinci yarısında isə Azərbaycanın ümumrusiya bazarına çıxması nəticəsində üzüm məhsullarına olan böyük tələbat Azərbaycanda üzümçülüyün yeni istiqamətdə inkişaf etməsinə səbəb olmuşdur.
Xüsusən də Abşeron yarımadası tarixən Azərbaycanda üzümçülüyün inkişaf etdiyi ərazilərdən idi. Г‡ünki Abşeronda özünəməxsus torpaq-iqlim şəraiti, qızıl qumun tərkibində faydalı mikroelementlər vardır. Burada 50-dən çox üzüm sortunun adı məlum idi və bunların əsasını Ağ şanı, Qara və Ala şanı, Sarıgilə, Xatını, Göybəndəm, Rişbaba, Gəlinbarmağı, Keçiəmcəyi, Kişmişilər, Dərbəndi, Zabrat üzümü və sair təşkil edirdi. Digər regionlarla müqayisədə indi də Abşeronun həyətyanı sahələrində həmin sortların çoxunu tapmaq olar, çünki vaxtilə burada iri sənaye üzümlükləri az olub.
Və təəssüflə qeyd etməliyik ki, vaxtilə Abşeronun ucu-bucağı görünməyən o üzüm bağlarından indi əsər-əlamət qalmayıb. Səbəb isə məlumdur; ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq Sovet İttifaqı rəhbərliyi tərəfindən aparılan “alkoqolizimə qarşı mübarizə” tədbirləri çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilib. Nəticədə şərab müəssisələri də xammaldan məhrum edilməklə respublikanın ümumi iqtisadiyyatına ciddi ziyan vurulub, bar verən üzüm sahələri məhv edilib və yüz minlərlə insan daimi iş yerlərindən məhrum olunub. Bununla yanaşı, Ermənistanın torpaqlarımıza 1988-ci ildən başlayan təcavüzü nəticəsində 43 min hektar üzüm bağı da işğal altında qalıb.

Qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınır

Beləcə, üzümün qədim vətəni sayılan Azərbaycanda bu təsərrüfat növü get-gedə tamamilə sıradan çıxmağa başladı. Bir məqamı da nəzərə alaq ki, 1960-cı illərdə ölkədə üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı onillikdə bu rəqəm 2 milyon tonu ötmüşdü. 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilirdi və bunlardan təxminən 400-ü yerli üzüm sortlarına aid idi. Nəticədə üzüm istehsalına görə Azərbaycan sovet ittifaqında birinci yerə çıxmışdı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra, ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən üzümçülük və şərabçılığın bərpası üçün yenidən əlverişli şərait yarandı və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı. Daha sonra 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” qanun qəbul olundu. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları (2004-2008 və 2009-2013-cü illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” kimi mühüm sənədlər təsdiq edildi.
Nəhayət, 2005-ci ildən başlayaraq üzümçülükdə müşahidə olunan tənəzzülün qarşısı alınmağa, tədricən yeni üzüm bağlarının salınmasına, eləcə də keçmiş ənənələrdən və beynəlxalq təcrübədən yararlanmaqla üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqinə başlanıldı.
Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə hələ 1977-ci ildən Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu da fəaliyyət göstərir. Hazırda üzümçülüyün elmi inkişafına nail olmaq üçün bir neçə rayonda, eləcə də Gəncə Regional Aqrar Elm Mərkəzində 1, Abşeronda 15 hektar ampeloqrafik kolleksiya bağı salınıb. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın, eləcə də xaricdən gətirilmiş 310 üzüm sortu, həmçinin xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm meynələri becərilir. Bununla da üzümün tarixi vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınır.

Üzümdə məhsuldarlıq azı 15 dəfə aşağı düşüb

Bütün bu proseslə yaxından tanış olmaq üçün Abşerondakı kolleksiya bağına getmək qərarına gəldik. Beynəlxalq Üzümçülük-Şərabçılıq Akademiyasının həqiqi üzvü, iqtisad elmləri namizədi Rəhman Verdiyevin müşayiəti ilə Mehdiabad qəsəbəsində yerləşən həmin kolleksiya bağına yollandıq. Yol boyu öyrəndik ki, 1986-cı ilə qədər Azərbaycanın üzüm bağlarında bir kolda təxminən 30-40 kiloqram üzüm olurdu. İldə iki milyon ton üzüm istehsal edilirdi, indi isə 100-150 min ton ancaq yetişdirilir, yəni məhsuldarlıq azından 15 dəfə aşağı düşüb. Bu, heç daxili bazarı da ödəmir. Yerli tələbatı təmin etmək üçün Azərbaycan ildə 300-400 min ton üzüm istehsal etməlidir. Kolleksiya bağına çatdıqda isə məlum oldu ki, buradakı üzüm kollarında məhsuldarlıq o illərlə müqayisədə çox aşağıdır. Səbəb də odur ki, bu bağ məhsul götürmək üçün deyil, sortları qoruyub saxlamaq üçün nəzərdə tutulub…
Bağda şumlama işləri gedirdi. Tinglərin arası boyu torpaq yumşaldılır, çayırlar təmizlənirdi. İşə nəzarət edən Fəxrəddin Xəmmədov bağın təqribən iki hektarının qismən sıradan çıxdığını və məhsuldar olmadığını dedi. Səbəbi isə bəzi hallarda suvarma ilə bağlı yaranan problemlərdir. Onun sözlərinə görə bu kolleksiya bağı 2001-ci ildə salınıb. Üzüm 4-5 ilə bar verdiyindən bu bağ da hələ cavan sayılır. İldə iki dəfə budama işləri görülür –“ bir quru, bir də yaşıl halda. Yaşıl budama da özlüyündə iki dəfə aparılır. Ayda iki dəfə isə dərmanlama prosesi olur. Birincisi zərərvericilərə, ikincisi giləqurduna qarşı. Oktyabr ayından sonra da bağda şumlanma və bellənmə işləri başlayır.
Bağın durumu isə elə də ürəkaçan görünmürdü. Kollar qismən seyrəkləşmiş, tinglər arası çəkilən məftillər paslanmış, bəzi dirəklər isə sıradan çıxmışdır. Vəziyyəti şərh edən Rəhman Verdiyev dedi ki, üzümçülük çox çətin başa gələn təsərrüfatdır. Bu sahə yüksək miqdarda maddi vəsait tələb edir. Misal olaraq, yüz hektar üzüm sahəsi salmaq, onu qoruyub saxlamaq üçün haradasa, iki milyon manat vəsait lazımdır. Keyfiyyətli süfrə və texniki üzüm sortlarından ibarət plantasiyaların salınması da ilkin mərhələdə bioloji və fitosanitar baxımdan təmiz, yüksək məhsuldar, keyfiyyətli, ölkəmizin təbii-iqlim şəraitinə uyğun üzüm tinglərinin idxalına ehtiyac yaradır ki, bu da əlavə maliyyə vəsaiti tələb edir.
Təqdirəlayiq haldır ki, bu sahədə aparılan elmi-tədqiqat işləri üzüm genofondunun öyrənilməsi və qorunub saxlanması, mütərəqqi seleksiya üsullarından istifadə etməklə yeni üzüm sortlarının yaradılması, xəstəliklərə, zərərvericilərə qarşı səmərəli mübarizə üsullarının tətbiqi və yeni növ şərabların istehsalı üçün üzüm sortlarının yaradılması kimi aktual problemləri əhatə edir. Bu tədqiqatlar nəticəsində 16 süfrə istiqamətli üzüm hibridləri yaradılıb. Onlardan “Azəri” və “Göy-göl” üzüm sortları artıq rayonlaşdırılıb.

Problemlərdən çıxış yolları

R.Verdiyev üzümçülük təsərrüfatındakı bir sıra problemlərdən də bəhs etdi. Üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafına nail olmaq üçün müasir texnologiyaların öyrənilməsi, yeni növ rəqabətə davamlı içkilər istehsalının artırılması, elmi tədqiqatların nəticələrinin sınaqdan keçirilməsi məqsədi ilə AzETÜŞİ-nin nəzdində mini emal sexi (mikrovinifikasiya) qurulmalıdır. Sonra isə laboratoriya şəraitində aparılmış tədqiqatların nəticəsi yarımistehsal qurğularında sınaqdan keçirilməlidir. Həmçinin, yerli qiymətli üzüm sortlarının qorunub saxlanması və artırılması məqsədilə klon seleksiyasının həyata keçirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi və alkoqollu içkilərin ekspertizasının aparılması üçün institutun şöbə və laboratoriyaları qabaqcıl texnologiyaların tətbiq edilməsinə imkan verən müasir texnoloji avadanlıqlarla təchiz olunmalıdır. Azərbaycanın qiymətli üzüm sortlarının və şərab növlərinin qorunub saxlanması məqsədilə müasir tələblərə cavab verən yeni müasir tipli kolleksiya üzüm bağlarının salınması da vacibdir.
Bununla belə, qeyd etmək lazımdır ki, üzümçülük təsərrüfatının sürətli inkişafına artıq başlanılıb. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2020-ci ilə qədər ölkədə 50 min hektar yeni üzüm plantasiyasının salınması nəzərdə tutulur. 2020-ci ildə təxminən 455 min ton üzüm istehsal olunacağı gözlənilir.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirdi ki, üzümçülük təsərrüfatında mövcud olan əsas problemlər sözügedən dövlət proqramı çərçivəsində aradan qaldırılacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir. 2013-cü ilin göstəricilərinə əsasən ölkədə 154 min tondan çox üzüm istehsal olunub. Onun sözlərinə görə, ötən ilin istehsal göstəriciləri isə hələlik bəlli deyil. Bununla belə, bu gün ölkəmizdə 10-a yaxın iri üzüm istehsalçıları fəaliyyət göstərir. Misal olaraq, Kürdəmir rayonunun Karrar kəndində 60 hektar (ha), Topalhəsənli kəndində 183 ha, Cəlilabadın Üçtəpə kəndində 107 ha, Lənkəranın Nərimanabad kəndində 118 ha, Ağsuda 341 ha, Şamaxıda 325 ha, İsmayıllı rayonun İvanovka kəndində 296 ha. və Qəbələdə isə 230 ha ərazidə üzüm təsərrüfatı salınıb.
Ümumiyyətlə isə üzümün vətəni sayılan Azərbaycanda bu təsərrüfatın hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Bu sahəni əvvəlki durumuna qaytarmaq üçün hələ çox iş görülməlidir. Bunun üçün dövlətlə yanaşı, sahibkarlar və fərdi təsərrüfat sahibləri də ciddi səy göstərməlidirlər.
Elgün Mənsimov

Şərh Yaz