Hücum əmrinizə müntəzirik

Vətənpərvərlik insanda mübarizlik, fədakarlıq, qorxmazlıq və məğlubedilməzlik kimi xüsusiyyətlər formalaşdırır və onu qəhrəmanlığa səfərbər edir. Vətənpərvərlik hissi insanları doğma yurd, ata-baba ocağı yolunda fədakarlığa, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, torpağa, xalqa, milli dəyərlərimizə məhəbbət ruhunda tərbiyə edir.
Hücum əmrinizə müntəzirik
Hücum əmrinizə müntəzirik
Vətənə məhəbbət ilk növbədə soy-kökə bağlılıqdan, üstündə ilk addımlarını atdığın torpağa, sənə canını, qanını verməyə hazır olan insanlara saf və təmiz sevgidən başlayır. Bu kimi keyfiyyətlərin nəsillərə aşılanmasının müəyyən mərhələsi məktəbdən, təhsil ocaqlarından keçir. Haqqında söz açdığım sahə ilə bağlı N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində əsaslı işlər görülür. Burada şagirdlər arasında onlara keçirilən fənlər vasitəsi ilə mütəmadi olaraq vətənpərvərlik hissləri aşılanır. Gənclərin çağırışaqədərki hərbi dərslərdə öyrəndikləri onları bir vətəndaş kimi formalaşdırmaqda böyük rol oynayır.
Müasir Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir. Bu gün gənclərimiz iqtisadi, siyasi hərbi və mədəni quruculuq işlərinin həyata keçirilməsində aparıcı rol oynayırlar. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Ölkəmizin avanqard gəncləri sırasında olanlardan biri həmyerlimiz Ülvi Şahin oğlu Xələflidir. O, 1994-cü ildə İsmayıllı şəhərində anadan olub. N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbi bitirib. Məktəbdə oxuduğu illərdə məktəbin “Şahin” və “Cəsurlar” komandalarında iştirak edib. Bu məktəb komandalarının rayon, zona və respublika yarışlarında uğurlu yerlər qazanmasında, fərqlənməsində Ülvinin də əməyi az olmayıb. Komandanın tərkibində dəfələrlə Fəxri fərmanlar, mükafatlar alıb. Qürurverici adlarla yanaşı sağlamlıq qazanıb. Sinif yoldaşları kimi o da sənədlərini ali məktəbə verib, amma qəbul üçün yetərincə bal toplaya bilməyib. Bu məqamda Ülvi deyir:
– Müsabiqədən keçə bilmədim. Təbii ki, həmin anlarda düşüncələrim alt-üst olmuşdu. Təsadüfdən qonşuluqda yaşayan həmyerlimlə rastlaşdım. Həmsöhbət olduq. Öyrəndim ki, o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasının kursantıdır. Üçüncü kursda oxuyur. O mənə hərbi akademiyaya qəbul elan olunduğunu bildirdi. Əvvəlcədən hərbiyə olan marağımdan sənədlərimi bu məktəbə vermək qərarına gəldim. Tezliklə sevindim. Valideynlərimi, dost-tanışımı sevindirdim. Məktəbə qəbul olunmuşdum…
Ü.Xələfli 2015-ci ildə hərbi akademiyanı bitirib, ön xətdəki bölmələrdən birinə komandir təyin olunur, ön xətdə, əsgərlərlə çiyin-çiyinə Vətənə xidmət etməkdən qürur hissi keçirir. Ülvinin cəmi 22 yaşı var. Ürəyinin istəyi ilə seçdiyi hərbiçi peşəsinə bağlılığı onun bir zabit kimi böyük uğurlar qazanacağına zəmanət verir. Ülvi gənc olsa da qətiyyətlidir. Bu da əsl hərbiçiyə xas olan başlıca xüsusiyyətlərdəndir. Hərbi təhsil illərində öyrəndiklərini ön cəbhədə uğurla həyata keçirir. Vətənə, doğma Azərbaycana olan sonsuz sevgi ona bütün çətinlikləri dəf etməyə qüvvət verir. O yaxşı bilir ki, savadlı, bacarıqlı komandir olan yerdə əsgərlər, döyüşçülər qorxmaz və cəsarətli olarlar.
Leytenant Ülvi Xələfli qısa müddətdə komandanlığın və tabeliyində olan əsgərlərin dərin hörmətini qazanıb. Nümayiş etdirdiyi yüksək xidmətin nəticəsidir ki, onun haqqında iki dəfə “Azərbaycan ordusu” qəzetində məqalə dərc olunub, xoş sözlər, fikirlər söylənilib. Yaşadığı İsmayıllı şəhərinə, valideynlərinə təşəkkür məktubu gəlib.
Qazanılan uğurlar Ülvinin çalışqanlığı və vətənpərvərliyini əks etdirsə də o, həmişə nailiyyətlərində şəhər 6 nömrəli tam orta məktəbinin, müəllimi olmuş Əsgər Manafovun, İsmayıllı Rayon Təhsil Şöbəsinin hərbi işlər üzrə metodisti İlham Vahabovun böyük əməyi olduğunu bildirir, onlara təşəkkür edir.
Ülvi idmanın cüdo növü üzrə uşaqlıqdan məşğul olub. Dəfələrlə rayon, zona və respublika yarışlarında iştirak edib. İndi etiraf edir ki, hərbi zabit kimi formalaşmasında ona idmanın bu növü sözün həqiqi mənasında dəstək olub. İdmanla bir hərbiçi kimi bu gün də məşğul olur.
Aprel ayının əvvəllərində Ermənistan hərbi birləşmələrinin təxribatlarına əks-həmlə ilə cavab verən Azərbaycan ordusu düşmənə uzun zaman unuda bilməyəcəyi sarsıdıcı zərbə vurdu və dörd günlük müharibə döyüşkən oğullarımızın, ordumuzun gücünü, qüdrətini göstərdi və xalqa qələbə sevinci yaşatdı. Təbii ki, hünər meydanında, döyüşlərdə itkilərimiz də oldu. Düşmənin xeyli canlı qüvvəsi, zirehli hərbi texnikası məhv edildi. Strateji əhəmiyyəti olan yüksəkliklər düşməndən geri alındı. Nəhayət ki, dünya ermənilərinə qarşısında daha güclü və nüfuzlu bir ölkənin, xalqın və ordunun durduğunu göstərdi. Azərbaycan dünya ermənilərinə daha əvvəlkitək istədiklərinə nail ola bilməyəcəklərini anlatdı. Düşmən başa düşdü ki, artıq dövr də, zaman da dəyişib. Hərbi, iqtisadi qüvvələr də Azərbaycan tərəfdə qat-qat üstündür. Ordumuz sübut etdi ki, əzəli torpaqlarımız olan İrəvanı belə ermənidən almağa yetərincə gücümüz vardır.
Gənc leytenant Ülvi Xələfli özü belə deyir:
– Torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə yalnız şərəf gətirər. Hər an əmr gözləyirik. Hücum əmrinizə müntəzirik, cənab Ali Baş Komandan!
Bu gün ön xətdə olan birləşmələrin taborları üçün hər cür şərait yaradılmış, yeni hərbi hissələrdə tikilən qərargahlar, yeməkxana, qazanxana, çamaşırxana, hamam kompleksləri, nəzarət –“buraxılış məntəqələri, əsgər yataqxanaları, inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları Müdafiə Nazirliyi tərəfindən zabit və əsgərlərimizin ixtiyarına verilmişdir. Göstərilən qayğı və diqqət əsgər və zabitlərimizin məsuliyyətini, torpaqların azad edilməsi üçün zəruri olan ruh yüksəkliyini artırır və mükəmməlləşdirir.
Gənc zabit Ülvinin fikrincə, Azərbaycan zabiti ilk növbədə özünə – biliyinə, təlimdə qazandığı təcrübəyə güvənməlidir. Г‡ünki təlimdə nə qədər çətin olarsa, döyüşdə bir o qədər asan olar fikri həmişə qüvvədədir.
Hər bir hərbiçi özünü təsdiq etmək üçün şəxsi təşəbbüs göstərməli, bacarıq və qabiliyyətini nümayiş etdirməlidir. İnsanda, xüsusən də zabit və əsgərdə özünə inam olarsa, o, istənilən şəraitdə özünə yer tapa bilər və hər bir çətinlikdən çıxmağı bacarar.
Zabit və əsgərlərimizdə döyüş ruhu olduqca yüksəkdir. Zabitlərimiz, eləcə də əsgərlərimiz inanırlar ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarımızı tezliklə mənfur düşmənlərdən azad edəcəyik. O gün uzaqda deyil. Buna ön cəbhədə hamı inanır.
Yüksək intellekti ilə sevilən gənc zabit Ülvi Xələfli məsuliyyətini anlayandır. Ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasını görməkdir.
Gənc olmasına baxmayaraq yaşıdlarına, davamçılarına nümunə göstərilən Ülvinin atası Şahin Xələfovun dediklərindən:
– Vətənin belə taleyüklü günlərində biz atalar kənarda qala bilmərik. Bu heç mümkün də deyil. Biz də bu Vətənin övladlarıyıq. Bizim də dövlət, millət qarşısında borcumuz var. Cəbhənin ən ağır nöqtələrində düşmənlə savaşa girməyə hazıram. Torpaqlarımızın bütövlüyü, azadlığı uğrunda aparılan döyüşlərdə oğlum Ülvi və onun döyüşən silahdaşları ilə çiyin-çiyinə durmaq istəyərdim–¦
Eşit, ana Vətən! Bu xalqla, bu oğullarla, bu mənəviyyat və dəyərlərlə biz işğal altında olan torpaqlarımızı mütləq azad edəcək, düşmənin cəzasını verəcəyik!
Hacıməmməd Məmmədov,
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz